Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-16 12:55:00
65 yaşın məktəbdən “qaçırtdığı” müəllim: “Kövrək həmkarlarıma səbr arzulayıram”  

Yeni tədris ilinin ilk günü...

Təhsilin önəmini dərk edənlər bugünü “gələcəyin başlanğıcı” adlandırırlar. Elə Qazax rayonu Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin keçmiş müəllimi Əsgər Əfəndiyev kimi...

 Bir vaxtlar şagirdlərə hesab əməllərini “0”-dan öyrədən Əsgər müəllim indi peşəsindən uzaq keçirdiyi illərini sayır. O, 1 il əvvəl bu gün çalışmanın yaş həddinə çatdığına görə, işindən ayrılıb.

İlk dərs günü qocaman müəllimi 60 il əvvələ aparıb. Şagird kimi məktəbdəki birinci dərsi, ünsiyyət qurduğu ilk şagirdi, dediyi ilk dərs, sağlamlığı imkan vermədiyi üçün keçə bilmədiyi saatlar... – İlk dərs günü ürəyinə bütün ilklərinin nisgilini salıb.

“Heç repetitorluq da edə bilmirəm”

AzEdu.az bu gün qocaman müəllimi yad etdi. Salamlaşıb ilk dərs gününü təbrik etdikdə Əsgər müəllimin çaşqınlığı hiss olunurdu. Bir qədər sonra sağlamlığının imkan vermədiyini, məktəbdən də elə bu səbəbdən uzaqlaşdığını dedi:

“Səhhətim yaxşı deyil. Elə indi də özümü yaxşı hiss etmirəm, təzyiqim yüksəlib. İşdən həkimlərin məsləhəti ilə ayrıldım. Evdə səhhətimlə məşğul oluram. Amma heç repetitorluq da edə bilmirəm.

Məktəbə gəldiyim ilk gündən nəsə yaratmaq, fayda vermək  istəmişəm. Əvvəl orada ali təhsillilər az olduğuna görə, Göyçay məktəbində işləmişəm. Məni həmişə bir şey düşündürüb: İstedadlı uşaqları üzə çıxarmaq üçün nə edə bilərəm? Ömür boyu bunun üçün çalışmışam. Məqsədim yalnız insanlara kömək etmək, fayda vermək olub. Bilirəm ki, xalqın inkişafı məhz təhsildən keçir”.

“Sağlığım imkan versə, elə bu dəqiqə işləmək istərdim”

Əsgər müəllim söhbət boyunca əvvəlki illərlə indiki orta təhsili müqayisə edir:

“İndiki dövrdə də savadlı müəllimlər var. Amma sırf şagirdlərin aktivliyinə görə ovaxtlara qayıtmaq istərdim. İndiki halımdan qətiyyən şikayətçi deyiləm. Məni hələ də yad edən, unutmayan təhsil işçiləri var. Amma sağlığım imkan versə, elə bu dəqiqə işləmək istərdim. Sağlamlığın yerini heç nə vermir.

Direktor sağ olsun, elə bu gün məni işlədiyim məktəbə dəvət etmişdi. Getməyi düşünürdüm. Söz vermişdim ki, gələcəyəm. Məktəbi yenidən görəcəyimə görə sevincli idim. Amma təzyiqim yüksəldi, halım pisləşdi, gedə bilmədim”.

O,  bütün təhsil işçilərini ilk dərs günü münasibətilə təbrik edib. Eynilə əvvəlki ruh yüksəkliyi ilə:

“Bütün valideynlərə, şagirdlərə gözaydınlığı verirəm. Hər şeyin gələcəyi təhsildən asılıdır. Birincilər bizim təməllərimizdir. Hər məktəblini ilk dərs günü münasibətilə təbrik edirəm. Bu, böyük hadisədir. Təsəvvür edin, təhsilin başlandığı gündür.

İndi də məktəblilər mənim üçün doğmadır. İnanın, bilsəm ki, dərs deyəcəyim sinifdə 1-2 nəfər məni istəmir, o sinfə girə bilmərəm”.

“Təqaüdə çıxan kövrək müəllimlərə səbr arzulayıram”

Əsgər müəllimdən ilk dərs gününü evdə keçirməyin təəssüratlarını soruşuruq. Cavabı isə belə olur:

“Təqaüd yaşı elə seçilib ki, o yaşdan sonra həqiqətən də  işləyə bilmirik. Əvvəl 5 saat dərs desəm də, 6-cı dərsə həvəslə girirdim. İndi isə, nə yalan deyim, könlüm yoxdur. Son vaxtlar öhdəsindən gələ bilmədiyimə görə ən çoxu 3 saat dərs götürürdüm. Bununla yanaşı, 1 dərs deyəndən sonra halım pisləşirdi. 2 və 3-cü saatları keçə bilmirdim. Yəqin, yaşla əlaqədar idi. Amma elə olanda da adama pis təsir edir. Hiss edirsən ki, əvvəlki enerjin yoxdur. Evdə darıxıram, istəyirəm ki, dərs olsun, deyim. Amma 1 dərs deyən kimi halım pisləşir. Ona görə də elə vaxtı çatanda təqaüdə çıxmaq yaxşıdır”.

O, özü kimi qocaman, təqaüd yaşlı müəllimlərə də səslənib:

“Təqaüdə çıxan kövrək müəllimlərə səbr arzulayıram. Demək istəyirəm ki, biz işimizin öhdəsindən layiqincə gəldik. Hazırda sıra gələcək nəsildədir. İndi gələcək nəslə baxım qürurlanan vaxtımızdır”.

Qeyd edək ki,2019-2020-ci tədris ilində orta məktəblərdə 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird oxuyacaq.  Ölkənin ümumi təhsil müəssisələrinin I sinfində 164 234 şagird təhsil alacaq.  

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları