Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-16 10:55:00
Akademiklər Şəkidə toplaşdılar  

14 sentyabr 2019-cu il tarixində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse-prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, AMEA-nın müşaviri akademik Qərib Məmmədov, BTEB-in akademik-katibinin müavini AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov və BTEB-in akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Nuru Bayramov, Şəki şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, regional elm və təhsil müəssisələrinin təmsilçiləri AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) olublar.

AzEdu.az xəbər verir ki, onlar ŞREM-in əsas binasında təşkil edilmiş sərgi ilə, ayrı-ayrı şöbələrdə elmi fəaliyyət üçün yaradılmış şəraitlə tanış olub, müxtəlif bitki növlərinin, sortlarının yetişdirildiyi və mühafizə olunduğu bağ sahəsinə baş çəkib, mövcud problemlər barədə fikir mübadiləsi aparıblar. Qonaqlar həmçinin “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin sınaq-təcrübə laboratoriyasına baş çəkərək, burada həyata keçirilən tədqiqat prosesləri ilə bağlı məlumatlandırılıblar.

Daha sonra Heydər Əliyev Mərkəzinin akt zalında BTEB-in bürosu ilə ŞREM-in birgə iclası keçirilib. İclasa sədrlik edən akademik Əhliman Əmiraslanov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Sonra ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, Yusif Şükürlü rəhbərlik etdiyi müəssisənin son illərdəki elmi və elmi-təşkilati fəaliyyətinin əsas yekunları barədə məlumat verib.

 İclasda BTEB-in institutlarının Şəki-Zaqatala bölgəsində bu günə qədər apardıqları tədqiqatlar və gələcək planlar haqqında akademik İradə Hüseynovanın və AMEA-nın müxbir üzvü Zeynal Əkbərovun məlumatları dinlənilib.

Akademik Əhliman Əmiraslanov müzakirələrə yekun vuraraq özünün proqram xarakterli çıxışında hər bir problemə həssas münasibətini bildirib, onların mövcudluğunu şərtləndirən səbəblərə aydınlıq gətirib, bəzi problemlərin həlli ilə bağlı lazımi tapşırıqlar verib, müvafiq tədbirlərin layihələndirilməsinin, sistemli şəkildə və vaxtında icrasının vacibliyinə diqqət çəkib.