Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-16 09:56:00
Dərs cədvəli hazırlanan zaman hansı nöqsan və qanunsuzluqlara yol verilir? – Analiz və tövsiyələr

Məktəbşünaslıq daima yenilənən, inkişafda olan sahədir. Hər il tədris planları təsdiq olunur ona əsasən, məktəblərdə dərs bölgüsü aparılır. Buna uyğun dərs cədvəlləri tutulur və müəllimlər fənlərini tədris edirlər. Dərs cədvəlinin vaxtında hazır olması bir neçə faktorlarla əlaqəlidir. Birincisi, dərs bölgüsü vaxtında aparılmalı, ikincisi, təlim-tərbiyə işləri üzrə direktor müavini işinin peşəkarı olmalıdır.

Bəzi məktəblərdə artıq sentyabrın 15-i dərs cədvəli təsdiq olunmuş şəkildə ictimai lövhədə asılırsa, bəzilərində cədvəl dəyişikliyi yanvara qədər davam edir. Ümumiyyətlə, cədvəldə bir saat dərsin belə yerində olmaması məktəbdə xaosa və qarmaqarışıqlığa səbəb ola bilər . Bəs dərs cədvəli hazırlanarkən nələr nəzərə alınmalıdır? Araşdırmanın nəticələri düşünürəm ki, həm müəllimlər, həm də rəhbərlik üçün maraqlı olar. Ümumiyyətlə, dünya təcrübəsində dərs cədvəllərinin hazırlanması ilə bağlı təlimatlar Səhiyyə Nazirliyi ilə razılaşdırılır.

Azərbaycanda bu sahədə qeyri- müəyyənlik var və konkret qaydalara söykənən  rəsmi sənəd yoxdur. Lakin metodiki tövsiyələr, müxtəlif pedaqoqlar, təcrübəli təhsil işçilərinin fikirləri, ümumi təhsil sahəsində çalışan və göstəriş , tövsiyə vermək səlahiyyətində olan şəxslərin fikirlərindən yola çıxaraq dərs cədvəlinin hazırlanması ilə bağlı aşağıdakı fikirləri söyləmək olar:

Dərs cədvəlini hazırlamaq respublikanın ümumtəhsil məktəblərində tədris işləri üzrə direktor müavinin vəzifə funksiyasıdır.

Müavin dərs cədvəlini hazırlayır və il boyu dərslərin keçirilməsinə nəzarət edir.

Bizdə dərs cədvəli əksər hallarda dərs hissə müdirinin istəyinə, müəllimlərin arzu və təkliflərinə, az hallarda isə pedaqoji prinsiplərə əsasən hazırlanır.

Bəs görəsən el təbirincə desək, hazırlanma prosesindəki qayda–qanun necə olmalıdır?

Birinci növbədə, dərs cədvəli hazırlayan müavin fənlər haqqında kifayət qədər məlumatlı olmalı , onların çətinlik dərəcəsini müəyyənləşdirməyi bacarmalı, eyni zamanda məktəbin pedaqoji kollektivi, onların dərs yükləri, ailə vəziyyəti, yaşadıqları yerə qədər məlumat əldə etməlidir.

Məktəbin şəraiti və müəllimlərin sayı, yaşayış yeri, sosial durumu da cədvəl hazırlanarkən diqqətdə saxlanılmalıdır. İdman dərslərində, laboratoriya və kabinet dərslərində siniflərin növbəliliyi gözlənilməlidir. Eyni saatda eyni kabinetdə iki müəllimin olması qanuna ziddir və maliyyə pozuntusudur.

Bundan başqa cədvəldə bölünən saatların otaqları aydın göstərilməlidir. Hər hansı fənn üzrə eyni ixtisaslı iki müəllim varsa onların cədvəldə dərslərinin toqquşması yol verilməzdir. Belə ki , bir müəllimin xəstələnməsi zamanı dərslərin digər müəllim tərəfindən əvəz olunması üçün şərait nəzərə alınmalıdır. Əgər müəllimin yol problemi varsa və onun hansısa saata gəlib çatması mümkünsüzdürsə bu da cədvəldə nəzərə alınmalı və həmin müəllimlərin vaxtında dərsə çatmasına şərait yaradılmalıdır. Müəllimlərdən körpə yaşlı uşaqları olan analara xüsusi ilə əgər süd verirsə və övladını yedirtmək üçün məktəbdən gedib - gəlməsi dərslərarası olaraq istək olaraq bildirilibsə mütləq təmin olunmalıdır. Müəllimlərə həftədə bir gün metodiki gün verilməsi , dərslər arası boşluqların olmaması , dərslərin ardıcıl salınması hətta müəllim iki növbədə işliyirsə belə buna riayət olunması məqsədəuyğundur. Sinif rəhbəri olan fənn müəllimləri istisna olmaqla digər fənn müəllimlərinin dərsi həftədə 9-10 saat təşkil edirsə onlara iki və ya daha çox metodiki gün vermək olar. İkinci növbə dərs keçən müəllimlərdən bağça yaşlı uşaqları olanlar və uzaq yolu olanlar nəzərə alınmalıdır.

Dərs cədvəlini hazırlayarkən məktəbin kadr tərkibi diqqətlə gözdən keçirilməli və lazımi nüanslar dəyərlindirməlidir. Əgər məktəbin müəllimlərindən hər hansı biri əvəzçilik qaydası ilə başqa məktəbdə işləyirsə onun cədvəlində bu nəzərə alınmalı , müəllimə süni maneə törədilməməlidir.

Gənc müəllimlərin dərslərdə oturması üçün onların dərslərarası boşluqlarının olması və həmin boşluqların həmin fənni tədris edən daha təcrübəli müəllimin dərsləri ilə üst-üstə düşməməsi vacibdir. Çünki gənc müəllimlərin təcrübədən yararlanmağa ehtiyacları var.

Sinif rəhbərlərinin dərsin sonuna kimi məktəbdəqalmasını təmin etmək , onlara şərait yaratmaq lazımdır. Əgər müəllim paralel siniflərdə dərs deyirsə, onun dərslərini eyni günlərə salmaq lazımdır. Dərs cədvəli hazırlanarkən fənlərin çətinlik dərəcəsi vacib şərt kimi qoyulur. Belə ki , riyaziyyat, fizika, kimya kimi daha çox əqli əmək tələb edən fənlər çox çətin , azərbaycan dili , xarici dil orta çətin , ədəbiyyat , tarix . coğrafiya , biologiya orta çətin , praktikliyinə görə musiqi , fiziki tərbiyə rəsm asan dərslər hesab olunur. Lakin bu fənlərin çətinlik səviyyəsi təhsil səviyyələrinə görə fərqli qəbul edilir. Məsələn : İbtidai siniflərdə təsviri incəsənət çətin dərs hesab olunursa beşinci siniflərdə bir fənn asan fənn qrupuna aid edilir. Eyni zamanda, bütün məktəblərdə çətinliyinə görə ən ağır fənlər Fizika və Kimya hesab olunur. Mətnin uzunluğuna və materialın genişliyinə görə də yuxarı siniflərdə ədəbiyyat və tarix fənləri yorucu hesab olunur. Buna görə də tədris hissə müdiri bu fənləri cədvələ salarkən növbələşməyə fikir verməlidir. Zehni yorğunluq gətirən fənlər ilə praktikliyi ilə seçilən fənləri növbələşdirmək lazımdır. Dərs cədvəlində yeddinci saata fizika salınması həmin fənnin keyfiyyətinin aşağı düşməsinə birbaşa təsir edir.

Eyni zamanda riyaziyyat , fizika dərslərindən əvvəl fiziki tərbiyə fənnin salınması məqsədə uyğun deyil . Yaxşı olar ki riyaziyyat, fizika drsləri ikinci, üçüncü saatlara salınsın. Eyni çətinlikli fənlərin bir günə yığılması da yolverilməzdir. Belə ki fizika, kimya , riyaziyyat , tarix , ədəbiyyat ardıcılıqlı bir dərs cədvəli nəinki dərslərin keyfiyyətini aşağı salır, həm də ev tapşırıqlarının yerinə yetirilməməsinə və şagirdlərin həmin gün ruh düşkünlüyünə səbəb olur. Zehni gərginlik törətməyinə görə həftənin günlərinə görə də cədvəli nizamlamaq lazımdır. Belə ki , birinci və beşinci gün əlverişsiz günlər hesab olunur. İkinci , üçüncü və dördüncü günlər isə mənimsəmə üçün əlverişli günlərdir. Ona görə də ibtidai siniflərdə beşinci gün asan fənlərin salınması və həftəsonu yükdən azad olma cədvəlinin tətbiqi şagirdlərin istirahətə daha yüksək əhvalla getməsinə və məktəbə həvəslə gəlməsinə səbəb olacaq. Birinci gün isə istirahətdən gəldiyindən hələ istirahət abu – havasında olur, diqqətini toplaya bilmir. Ona görə də onun marağını çəkəcək fənləri birinci günə salınması əlverişlidir. Məsələn, ana dili şagirdlərin öz dili olduğundan onun əvvəlki dərslərə və birinci günün ilk dərslərinəsalınması məqsədəuyğundur. Gigiyenik qaydaları və psixoloji sağlamlığı düşünsək şərti olaraq fənləri aşağıdakı kimi bölmək məsləhət görülür: əvvəlcə daha çətin, sonra nisbətən yüngül fənlərin yerləşdirilməsi: xarici dil, fizika, kimya, riyaziyyat, tarix , coğrafiya kimi dərsləri əvvələ, təsviri incəsənət, musiqi, fiziki tərbiyə kimi dərsləri daha sonra salmaq lazımdır. Ümid edək ki, bütün məktəblərdə dərs cədvəli artıq asılsın və şagirdlər, müəllimlər cədvəldən istifadə etsinlər.