Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-15 10:36:00
Daha hansı rayonlarda lisey filialları yaradıla bilər?- Rəsmi

2019-2020–ci tədris ili üçün Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri təşkil edilir.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən keçirilən fənn müsabiqələrində yüksək nəticə göstərmiş (50-dən yuxarı bal toplayan) şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediliblər. Digər məktəblilərin qəbulu isə Riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də Məntiq suallarından ibarət test imtahanı ilə təşkil edilib.

“Həftənin sualı” verilişində lisey sinifləri ilə bağlı sualları cavablandıran Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib ki, fənn müsabiqələrində uğur qazanan şagirdlər yataqxana və yeməkxana sisteminin mövcud olduğu istənilən filiala birbaşa qəbul oluna bilərlər. Amma istedadlı uşaqlar üçün ayrı-ayrı məktəblərin nəznində də xüsusi siniflər yaradılıb. Yaxın vaxtda hər rayonda ən azı bir belə sinfin olması isə əsas hədəflərdəndir.

Gələcəkdə lisey filiallarının digər bölgələrdə də açılması məsələsinə gəlincə isə Fuad müəllim belə cavab verib:

“Aydındır ki, digər bölgələrdə də xüsusi lisey filiallarının açılması üçün ayrı – ayrı müstəqil binalara ehtiyac var. Bəlkə də bunlar zamanla həllini tapacaq məsələlərdir. İnanırıq ki, paytaxt liseylərində əldə etdiyimiz müvəffəqiyyətlərin eynisini və daha yaxşısını bölgələrdə də əldə edə bilsək, Təhsil Nazirliyi bu şəbəkəni genişləndirmək üçün qarşımıza ayrı – ayrı öhdəliklər qoyacaq. Bu 1 il bizim üçün sınaq müddəti olacaq və ona uyğun addımlar atılacaq”.

Qeyd edək ki, lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları