Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-14 13:21:00
Bilik günü Füzuli rayonu üzrə 1325 şagird birinci sinfə başlayacaq

2019-2020-ci dərs ilində Füzuli rayonunun ümumtəhsil məktəbində 13 min 12 şagird təhsil alacaq ki, onlardan da 1325-i birinci siniflərə qədəm qoyacaq. 948 uşaq isə məktəbəqədər hazırlıq qruplarına cəlb ediləcək.

Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ərazisinin bir hissəsi Ermənistan silahlı bölmələrinin işğalı altında olan Füzuli rayonunda 73 tam orta, 5 ümumi orta, 1 ibtidai məktəb, 1 musiqi təmayüllü internat tipli gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi var. Məktəblərin 44-ü rayonun işğaldan azad edilmiş hissəsində, 15-i Bakı, 5-i Sumqayıt, 1-i Şirvan, 2-si Sabirabad, 5–i İmişli, 7-si isə Beyləqan ərazisindədir.

Füzuli rayonunda təhsilin səviyyəsinin yüksəldilməsi həmişə diqqət mərkəzində olub. Rayon ərazisində olan təhsil müəssisələrinin hamısı ya yenidən tikilib, ya da müasir səviyyədə bərpa edilib. Məktəblərdə dərsləri yüksək səviyyədə tədris etmək üçün bütün şərait var. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olanların, o cümlədən 600-dən yüksək bal toplayanların sayı ildən-ilə artır. Təkcə bu il Füzuli rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 454 nəfəri respublikanın müxtəlif ali məktəblərinə, 156 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olub. Tələbə adını qazanan gənclərdən 65 nəfəri 500-dən, 15 nəfəri isə 600-dən çox bal toplayıb.

Yeni dərs ilinə hazırlıqla bağlı Füzuli rayonunun bütün məktəblərində hazırlıq işləri başa çatdırılıb. Təhsil müəssisələrinə 56 min 823 ədəd dərslik və 2290 ədəd metodik vəsait paylanılıb. Rayonun müəllimə ehtiyacı olan ümumi təhsil müəssisələrinə test və müsabiqədən keçən 40 nəfər gənc müəllim qəbul edilib. Rayonun Babı, Əhmədbəyli, Araz Dilağarda kənd tam orta məktəbləri əsaslı təmir olunub, bütün təhsil ocaqlarında səliqə-sahman işləri aparılıb. Qayıdış qəsəbə 8 nömrəli tam orta məktəb üçün yeni inşa edilən bina isə Bilik günü müəllimlərin və şagirdlərin istifadəsinə veriləcək.