Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-14 11:00:00
Azərbaycanı beynəlxalq olimpiadada 3-cü edən şagirdlər AzEdu.az-a danışdılar – “Vaxtımız az idi, lakin...”

 Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq  Meqapolis Olimpiadası keçirilib.

Olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla iştirak ediblər.

İnformatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov gümüş, Murad Eynizadə  bürünc medala layiq görülüblər.

 Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad Ağazadə gümüş,  kimya fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Xanım Yaqublu və  Aydan Nağızadə gümüş medal qazanıblar.

Beləliklə, məktəblilərimiz 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında III yerə layiq görülüblər.

AzEdu.az əməkdaşı bu şagirdlərin hər biri ilə ayrı-ayrılıqda həmsöhbət olub, olimpiada ilə bağlı təəssüratlarını öyrənib:

“Olimpiadada uğur qazanmaq  üçün sadəcə çox çalışmaq kifayət deyil”

Türkiyə Dəyanət Vəqfi Türk liseyinin  X sinif şagirdi Aydan Nağızadə açqılamasında uğur qazanmaq üçün bacarıq və istəyin vacib olduğunu qeyd edir:

“Olimpiada gözlədiyimdən çətin idi. Nəzəri tur asan olsa da, hazırlıq müddətində  praktiki dərslər nəzəri qədər çox keçilmədiyindən , praktiki turda nisbətən çətinlik çəkdim. Buna baxmayaraq, yaxşı  nəticə göstərəcəyimə əmin idim.

VIII sinifdən olimpiadalarda iştirak edirəm. VIII sinifdə oxuyarkən yuxarı siniflərlə birgə qatıldığım olimpiadada bürünc, IX sinifdə isə Respublika Kimya Olimpiadasında gümüş medal qazandım. Daha sonra, 21-27 aprel 2019-cu il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən məktəblilərin 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) iştirak etsəm də nailiyyət əldə edə bilmədim.

Kimya mənim üçün həmişə maraqlı olub. Hələ aşağı siniflərdən bu fənn daim diqqətimi cəlb edib. Azərbaycanda da  daha çox kimyadan beynəlxalq olimpiada medalı olduğuna görə  bu fənni seçdim.

Ölkəmizdə olimpiadalara hazırlıq yüksək səviyyədədir. Öz müəllimlərimizlə yanaşı xaricdən də mütəxəssislər də dəvət olunur.

Əvvəlki olimpiadalara çox çalışsam da, bu dəfə elə hazırlaşmadım. Olimpiadada iştirak edəcəyimi 1 ay qalmış öyrəndim. Buna görə də yaxşı hazırlaşa bilmirdim. Hazırlığa gündəlik yalnız, 2-3 saat ayıra bildim.

Olimpiadada uğur qazanmaq  üçün sadəcə çox çalışmaq kifayət deyil. İnsanın özünün də istəyi və bacarığı da olmalıdır.

Əsas hədəfim ölkə xaricində tibb təhsili almaqdı. Bu istiqamətdə yararlı olacağı üçün olimpiadalara davam edəcəyəm”.

“İnformatika olimpiadalarında vəziyyət digər fənlərə görə fərqlidir”

Təhsil Nazirliyi tabeliyindəki Fizika riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Eynizadə informatika olimpiadaları üçün hazırlıq materialının çətin tapıldığını deyir:

“Bundan əvvəl də istər respublika, itərsə də  beynəlxalq  olimpiadalarda iştirak etmişəm. Beynəlxalq səviyyədə bir  gümüş, bir bürünc, respublika səviyyəsində isə 2 qızıl bir medal sahibiyəm.

Budəfəki olimpiadada gümüş medalı çox kiçik fərqlə əldən versəm də nəticəmlə razıyam.

İnformatika olimpiadalarında vəziyyət digər fənlərə görə bir az fərqlidir. Belə ki, hazırlaşmaq üçün lazımı vəsait tapmaq daha çətin olur.

Son dövrlər, xüsusilə də  informatika olimpiadasının Azərbaycanda keçirilməsindən sonra bu sahədə bir çox işlər görülür.  Dərslər ciddiləşdirilib,  xaricdən mütəxəssislər dəvət olunub. Atılan bütün bu addımlar yüksək nəticələr üçün şərait yaradır.

Olimpiadada uğur qazanmaq üçün gündəlik 7-8 saat çalışmaq lazım olsa da ölkəmizdə hazırlıq üçün lazımı vəsaiti əldə çətindir. Bəzən işləyə biləcək material tapılmır və oxumaq mümkün olmur. Əldə material olduğu müddətdə gündəlik ən az 7-8 saat hətta daha çox çalışmaq  lazımdır.

Gələcək olimpiadaçılara məsləhətim, təhsil nazirliyinin dərsliklərlə kifayətlənməyib, özləri də daim internetdə, əlavə kitablarda araşdırmalar aparsınlar. Yalnız müəllimlərlə deyil, öz üzərlərində də işləmək lazımdır. Əks halda, heç bir nailiyyət əldə etmək mümkün deyil”.

“Olimpiadaya  başladıqdan sonra kitabların sayını azaltmışam”

Təhsil Nazirliyi tabeliyində Fizika riyaziyyat və humanitar təmayüllü liseyin XI sinif şagirdi Abutalıb  Namazov vaxt tapdıqca mütaliəylə də məşğul olur:

“Olimpiadanın təşkilatı , sualların keyfiyyəti yüksək səviyyədə idi. Ümumiyyətlə, ruslar informatika sahəsində ən yaxşı sual hazırlayanlar kimi tanınırlar. Rəqiblərim də çox güclü iştirakçılar idi. İstər Çin, istərsə də Rusiyanın müxtəlif şəhərlərindən güclü yarışçılar iştirak edirdi. Onların arasında  beynəlxalq olimpiadalarda qızıl medal qazananlar da var idi. Daha yaxşısını əldə etmək olsa da, belə güclü rəqiblərin arasında gümüş medal qazanmağın özü də böyük uğurdur.

VII sinifdən olimpiadalarda iştirak edirəm . Respublika üzrə olimpiadalarda informatikadan, 3 qızıl bir bürünc medal, riyaziyyatdan bir gümüş, bir bürünc medal,  beynəlxalq səviyyəli olimpiadalarda isə, riyaziyyatdan Yeniyetmələrin Beynəlxalq Balkan Olimpiadasında gümüş medal, informatika üzrə Avropa Yeniyetmələr Olimpiadasından 2 bürünc medal qazanmışam.

Çox insan belə düşünür ki, olimpiadada uğur qazanmaq üçün natural talant, yəni anadangəlmə istedad  lazımdır. Bu isə çox yanlış fikridir. Genlər də mühüm yer tutsa da,  işin əsasında çox çalışmaq dayanır. Olimpiada elə bir sahədir ki, ona hazırlıq böyük zəhmət tələb edir. Uğur qazanmaq üçün gündə ən az 6 saat oxumaq lazımdır. Olimpiada üçün mən də çox çalışırdım. Gündə 10-12 saat hazırlaşdığım belə olub. İnformatika ilə bir yerdə riyaziyyat olimpiadalarında da iştirak etdiyim üçün riyaziyyata da çox çalışırdım.

Bu iki fəndən başqa, ədəbiyyatı çox sevirəm. Vaxtım olduqca mütaliə edirəm. Kitabları gündəlik nəqliyyatda, olimpiada ilə məşğul ola bilmədiyim yerlədə oxuyuram. Olimpiadaya  başladıqdan sonra kitabların sayınız azaltmışam. Bu vaxt ərzində 100-dən çox kitab oxuya bildim. Olimpiada və mütaliə ilə yanaşı, gələcək təhsilimlə bağlı ingilis dilini də öyrənməyə çalışıram.

Hazırda olimpiadalar bitdiyi üçün hazırda universitetə hazırlaşıram. Təhsilimi xaricdə, Amerika və ya Koreyada davam etdirmək istəyirəm. Qeydiyyat yanvarın 1-i bitdiyinə görə, bütün gücümü universitet hazırlığına sərf edirəm. Ailəmin maddi vəziyyəti aşağı olduğu üçün  məqsədim xarici ölkələrdə təqaüd almaqdır. Təqaüd qazana bilməsəm  Azərbaycanda, Bakı Dövlət Universitetini təhsilimi davam etdirməyi düşünürəm”.

Gələcək olimpiadaçılara məsləhətim öz üzərlərində çalışmaları, düzgün mənbələrdən istifadə etmələridir”

Fizika riyaziyyat və humanitar təmayüllü liseyin XI sinif şagirdi Murad Ağazadə uğur qazanmaq üçün çox çalışmağın əhəmiyyətindən danışdı:

“Meqopolis olimpiadasında artıq III iştirakım idi. Əvvəl bir bürünc və bir gümüş medal qazanmışdım. Bu yarışda qızıl hədəfləsəm də gümüş medala layiq görüldüm.  Yaxşı hazırlaşmağa vaxtım olmadığını nəzərə alsaq, gümüş medal çox yaxşı nəticədir. Elə suallara baxdıqda da ən az bürünc medal qazanacağıma əmin idim.

Olimpiada hazırlığım VI sinifdə oxuyarkən Təhsil Nazirliyinin təşkil etdiyi müsahibədə iştirak etməklə başladı.  VII sinifdən 4 respublika səviyyəli, 12 beynəlxalq səviyyəli olimpiada iştirak etmişəm. 4 qızıl, 4 gümüş və 6 bürünc olmaqla 14 medal sahibiyəm.

Yaxşı nəticə əldə etmək üçün xüsusilə də, olimpiadadan bir neçə ay əvvəl gündəlik 10-12 saat çalışmaq lazımdır. Mən də bu formada hazırlaşırdım.

Bundan əlavə, hazırlıq üçün düzgün mənbəni seçmək də çox vacibdir. Məsələn mən VII-VII sinifdə düzgün mənbə olmadığından beynəlxalq olimpiadalarda medal əldə edə bilmirdim.  Düzgün mənbəni tapdıqdan sonra isə, hər şey qaydasına düşdü.

Uğurumda müəllimlərimin də mühüm rolu var. Xüsusilə də, bu il Cəfər Cəfərovun noyabrdan başlayaraq  iyulun sonuna qədər davam edən dərslərin təsiri böyük oldu. Bundan əlavə, olimpiadalar üçün ya xaricdən mütəxəssislər dəvət olunur ya da komandalar başqa ölkələrə göndərilir. Atılan bu kimi addımlar yüksək nəticə üçün əhəmiyyət daşıyır.

Gələcək olimpiadaçılara məsləhətim öz üzərlərində çalışmaları, düzgün mənbələrdən istifadə etmələridir.

Çox çalışdığım üçün başqa işlər üçün zaman ayırmaq çətinlik çəkirdim. Olimpiadalar bitdikdən sonra isə vaxtım olduqca  fizika kimya ilə məşğul oluram. Kompüter elmləri üzrə təhsilimi Koreyada davam etdirmək istəyirəm”.

“Belə uğur gözləmirdim"

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Xanım Yaqublu I turda təcrübi imtahanda çətinlik çəkdiyini deyir:

“Belə uğur gözləmirdim. Çünki imtahanın birinci mərhələsində elə də yaxşı  nəticə göstərə bilməmişdim. Qalibiyyətə ümidim az idi. Bu olimpiadanın imtahanları 3 mərhələdən ibarətdir. 1-ci mərhələ “blitz tur” adlanır və qrup işindən ibarətdir. 2-ci mərhələ təcrübi, sonuncu mərhələ isə nəzəri imtahandır.

Əsas çətinliyim də elə təcrübi imtahanda oldu. Bu imtahanda çox sürətli olmaq lazım idi, mən isə vaxtı düzgün bölüşdürə bilmədim. Fikrimcə, təmsilçilərimizin təcrübi imtahanlarda çətinlik çəkmələrinin əsas səbəblərindən biri elə budur. Çünki davamlı olaraq dərslərdə iştirak edirik. Xarici ölkələrdən gələn müəllimlər bizi bu mövzularda hazırlaşdırırlar. Amma təcrübi imtahanda belə deyil. Təcrübi dərslərə çox qatılmamağımız imtahanda həyəcanlanmağımıza və vaxtı düzgün bölüşdürə bilməməyimizə səbəb olur.

Ümumiyyətlə, olimpiadada uğur qazanmağın yeganə yolu çox çalışmaqdır.

Bir şagirdə olimpiada ilə bağlı ən yaxşı yol göstərəcək vəsait əvvəlki illərin olimpiada suallarıdır. Məktəblilərə o tapşırıqları həll etməyi məsləhət görərdim. Bu, çox faydalıdır, çünki imtahanda hansı tip suallardan istifadə olunduğunu aydın göstərir. Amma təbii ki, bu, hər olimpiada üçün dəyişir.

Hansı vasitələrdən yararlanmaları haqda olimpiada müəllimləri ilə məsləhətmələrində də fayda var. Amma əsasən, ingilis ədəbiyyatından istifadə olunur”.

2 il ərzində Azərbaycana medal gətirməkdən daha vacib  hədəfim yoxdur. Bayrağımızı qürurla qaldırmaq istəyirəm”.