Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-14 11:24:00
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır

Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərin əvəzsiz xidmətləri var.

AzEdu.az  xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatda "15 sentyabr – Bilik Günü" münasibətilə gənc müəllimlərin iştirakı ilə keçirilən dəyirmi masada səsləndirilib.

Rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının, YAP rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin və gənc müəllimlərin iştirak etdiyi tədbirdə ölkəmizdə təhsilə göstərilən yüksək dövlət qayğısından, müəllim nüfuzunun artırılmasının daim diqqət mərkəzində saxlanılmasından, savadlı nəslin formalaşmasında, şəxsiyyətin və vətəndaşın tərbiyə olunmasında müəllimin xüsusi rolundan bəhs edilib.

Gənclər və İdman İdarəsinin rəis müavini, YAP rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov bildirib ki, müasir dövrümüz elm və texnika dövrüdür, inkişaf əsasən bu iki amillə izah olunur. Təhsilsiz isə bu sahələrdə heç bir irəliləyiş ola bilməz. Dövlətin savadlı kadr potensialı da məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev təhsilə xüsusi diqqət yetirirdi. “Təhsil millətin gələcəyidir”, - deyən Ulu Öndərin siyasəti bu gün uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən islahatlar Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək.

Tədbirdə çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, YAP rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Cavid Bünyadov, idarənin baş məsləhətçisi Zaur Turabov, partiyanın rayon təşkilatının əməkdaşı Mehman Novruzov və digərləri tədris ilinin başlanması münasibətilə gənc müəllimləri təbrik edib, gənc nəslin təlim-tərbiyəsində, layiqli vətəndaş kimi yetişməsində onların əvəzsiz rolundan danışıblar. (AZƏRTAC)