Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 15:15:00
Rektor tələbələr və onların valideynləri ilə görüşüb

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) qəbul olunan tələbələr və onların valideynləri ilə görüş keçirilib.

Aİİ-dən AzEdu.az-a bildirilib ki, rektor Ceyhun Məmmədov tələbə adını qazanmış abituriyentləri təbrik edib, tələbəliyin insan həyatının müqəddəs və şərəfli mərhələlərindən biri olduğunu deyib. O, təhsil illərində tələbələrin bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılması, əsl vətənpərvər, savadlı, yüksək intellektual potensiala malik, dövlətimizə və cəmiyyətimizə yararlı şəxsiyyət və kadr olaraq yetişmələrinin vacibliyini vurğulayıb.

Ceyhun Məmmədov ümummilli lider Heydər Əliyevin yürütdüyü dövlət-din siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə bir çox ibadət ocaqları təmir və ya bərpa olunur, dini təhsil müəssisələri yaradılır. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da dövlət-din siyasətinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Rektor bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan təhsili özünün yeni mərhələsini yaşamaqdadır. Gündən-günə inkişaf edən təhsilimizin maddi-texniki bazası gücləndirilir, ixtisaslı kadrların hazırlanmasına dövlət tərəfindən lazımi şərait yaradılır. O, gənc nəslin sağlam ruhda yetişməsinin, dünya standartları ilə ayaqlaşan təhsillə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.

Zəngin dünyagörüşə, yüksək mədəniyyətə malik güclü şəxsiyyət və vətənpərvər mütəxəssislərin yetişdirilməsinin institutun əsas vəzifələri olduğunu nəzərə çatdıran rektor bu məqsədlərə nail olmaq üçün Aİİ-nin bütün gücünü və potensialını səfərbər edəcəyini bildirib. İnstitutun rəhbər və müəllim heyətinin bütün tələbələrə öz övladları kimi yanaşdığını qeyd edən rektor gənclərə dərslərində aktiv və hazırlıqlı olmalarını tövsiyə edib.

Ceyhun Məmmədov, həmçinin tədris prosesi, keçiriləcək fənlər haqqında məlumat verərək, instituta daxil olan tələbələrin İslamla yanaşı, müasir elmlərin metodları əsasında digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, o cümlədən fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm kimi digər sosial, humanitar elmləri də öyrənmək imkanına malik olacaqlarını diqqətə çatdırıb. Qeyd edib ki, tələbələrə ingilis, ərəb və fars dillərini yüksək səviyyədə öyrənmək imkanı yaradılacaq, onlar zəngin kitabxana fondundan istifadə edə biləcəklər, həmçinin tələbələr pulsuz dərslik və geyimlə təmin olunacaqlar.

Görüşün sonunda yüksək balla Aİİ-yə qəbul olunan tələbələr mükafatlandırılıb.