Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-13 10:18:00
Peşə təhsili alanların məşğulluq imkanlarının artırılmasına dair müzakirələr aparılır

Sentyabrın 13-də “British Council” Azərbaycan təşkilatı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə "Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə - peşə təhsili alan tələbələrin məşğulluq imkanlarının artırılması” mövzusunda konfrans keçirir.

AzEdu.az xəbər verir ki, konfransın məqsədi dövlət və özəl sektor tərəfdaşlığının dayanıqlı mexanizmlərin inkişaf etdirilməsi və bilik mübadiləsinə dair müştərək müzakirələrin aparılmasına şərait yaratmaq üçün peşə təhsili müəssisələri ilə sahibkarları bir araya gətirməkdir.

Xatırladaq ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council”, turizm sənayesi müəssisələri və Birləşmiş Krallığın “People 1st” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair praktik təcrübə proqramı” Azərbaycanda uğurla tətbiq edilir.

Proqramın əsas məqsədi peşə təhsili sektorunda gənclərin bilik və qabiliyyətlərini inkişaf etdirərək onların karyera imkanlarını artırmaq, işəgötürənləri iş üzrə təcrübə proqramı vasitəsilə təhsil proqramlarına cəlb etmək, peşə təhsilinin turizm sektorunun inkişafında rolunu artırmaqdan ibarətdir.

“Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair praktik təcrübə proqramı”na cəlb olunan peşə təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu işlə təmin edilib.