Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-12 11:05:00
Əsas təhsil prioritetləri, müəllim və məktəbin nüfuzunu artıran dəyişiklər -TƏHLİL  

2018-2019-cu tədris ilində təhsil sahəsində xeyli uğurlar əldə edilib. Təhsil  Nazirliyinin təşəbbüsü ilə "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsilin bütün pillə və səviyyələrini əhatə edən dəyişiklər (ümumilikdə qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub) uğurlu addım kimi qeyd edilməlidir. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili, beynəlxalq və respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması, təhsil müəssisələrində psixoloji xidmətin təşkili, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərdə ciddi dəyişikliklər edilib. Nəticədə, "Təhsil haqqında” Qanuna edilən bu dəyişikliklərə müvafiq olaraq keçən tədris ilində yeni qaydalar tətbiq edilib.

AzEdu.az mövzuyla bağlı tanınmış təhsil işçiləri ilə əlaqə yaradıb. 

Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə mövzu ilə bağlı bildirib ki, “Təhsil haqqında” Qanunda edilən bütün dəyişiklər strateji planda atılan zəruri addım kimi qiymətləndirilməlidir. Professorun sözlərinə görə, bu dəyişiklər içərisində diqqət çəkən məqamlardan ən vacibi bir qrup şəxsin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmasıdır. H.Əlizadə hesab edir ki, ali məktəblərə qəbul imtahanları zamanı şagirdin orta məktəbdə təhsil aldığı müddətdə sinifdənxaric fəaliyyətinin nəzərə alınması olduqca vacib pedaqoji amildir.

Müəllimin cəmiyyətdəki nüfuzu yüksək hədəflərin əldə edilməsinə təsir göstərən əsas amillərdən biri kimi

Hikmət Əlizadə: “Etiraf edilməlidir ki, keçən əsrin sonlarından etibarən ölkəmizdə müəllim nüfuzu  nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Təhsil Nazirliyi keçən tədris ilində çox mühüm əhəmiyyət kəsb edən bu problemi öz fəaliyyətində prioritet məsələ kimi mənalandırıb və müəllim nüfuzunun artması ilə bağlı müəyyən diqqətçəkən işlər həyata keçirib”.

Professor qeyd edir ki, bütün bunların nəticəsində, müəllim peşəsinin nüfuzunun artmasında dinamik inkişaf hiss olunub: 

“Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclər arasında müəllimlik ixtisasını seçənlərin sayının artması, ötən illərlə müqayisədə müəllim vəzifəsində işləmək arzusunda olanların sayının nəzərəçarpacaq dərəcədə çoxalması kəmiyyət dəyişiklikləri kimi xarakterizə olunsa da, onlar bu fikrin doğruluğunu sübut etmək üçün əsas arqument kimi qiymətləndirilə bilər.

Məktəbi maraqlandıran əsas problemlərdən biri, bəlkə də ən başlıcası təhsilin keyfiyyəti məsələsi olmalıdır. Daha dəqiq desək təhsilin keyfiyyəti məktəbin pedaqoji fəaliyyətinin nəticəsidir. Bu baxımdan məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlığı mühüm əhəmiyyət kəsb edir, şagirdin məktəb fəaliyyətinə uğurla başlaması onun yüksək təlim hədəflərinə nail olmasının ilkin şərtidir.

Uşaqların məktəb həyatına psixoloji dayanıqlığını artırmaq, onların təhsil mühitinə uyğunlaşması imkanlarını genişləndirmək, uşaqlarda birgə fəaliyyət və ünsiyyət bacarıqlarını artırmaq, məktəbdə təlim prosesində bilik, bacarıq və vərdişlərə yiyələnmələri üçün onlarda sadə əqli əməliyyatların formalaşması məqsədindən çıxış edərək, şagirdlərin məktəbəhazırlığı ilə bağlı Təhsil Nazirliyi tərəfindən xüsusi məzmun hazırlanmış və bu istiqamətdə həyata keçirilən işlər keçən tədris ilində daha da genişləndirilmişdir. Belə ki, keçən  tədris ilində məktəbəqədər yaşlı uşaqların məktəbəhazırlıq təhsilinin əhatəliliyi 75%-ə çatdırılıb. Fikrimcə, bu qruplarda məşğələlərdə məntiqi oyunların üstünlük kəsb etməsi qarşıya qoyulan hədəfə daha tez nail olmaq imkanı verir.

Məktəbdaxili qiymətləndirmə sisteminin yenilənməsi cari dərs ilində taktiki planda tətbiq edilən uğurlu dəyişiklikdir. Bir neçə il əvvəl həyata keçirilməsi tələb olunan bu dəyişiklik gec də olsa, tətbiq edildi və əsasən summativ qiymətləndirmənin təkmilləşməsinə xidmət edir. Şagirdlərin biliyinin 100 ballıq şkala ilə qiymətləndirilməsi, qiymətləndirmə zamanı verilən tapşırıqların dörd səviyyə əsasında tərtib edilməsi şagirdlərin biliyinin daha dəqiq ölçülməsinə şərait yaradacaq. Təbii ki, bu qiymətləndirmə mexanizmi zaman müstəvisində daha da təkmilləşəcək”.

İKT-dən istifadənin genişləndirilməsi təhsil sistemində uğurlu addımlardan biri kimi

Hikmət Əlizadə bildirib ki, bu, bir tərəfdən şəffaflığın təcəssümü kimi diqqət çəkirsə, başqa tərəfdən isə valideynlərin işini yüngülləşdirir. 2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə həm məktəbəhazırlıq qruplarına, həm də I sinfə şagird qəbulunun əhatə dairəsi genişləndirilib:

“Fikrimcə, bu istiqamətdə atılan uğurlu addımlar daha da genişləndirilməli və təkmilləşdirilməlidir. 2018-2019-cu dərs ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan”, V-IX siniflərdə "Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunması, bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması Təhsil Nazirliyinin bu gün çox vacib olan Azərbaycançılıq müstəvisində milli-mənəvi tərbiyəni prioritet kimi qəbul etdiyi anlamını verir. Qloballaşan dünyada dəyərlərimizin itməməsi üçün məktəblərdə milli-mənəvi tərbiyənin daha da gücləndirilməsi vacib problem kimi gündəmə çıxır. Hesab edirəm ki, bu istiqamətdə pedaqoji işlərin aparılması daha çox məktəbin üzərinə düşən əsas vəzifədir. Hər bir məktəbdə milli-mənəvi dəyərləri təbliğ və təşviq edən tədbirlər çoxalmalı, gənc nəslin milli-mənəvi dəyərlər əhatəsində böyüməsi hər günün vacib tələbinə çevrilməlidir”.

Gənclərin peşə təhsilinin təkmilləşdirilməsi Təhsil Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi

“Cari tədris ilində bu aspektdə də maraqlı innovasiyaya imza atılıb. Mingəçevirdə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan "ASAN Peşə” təhsil mərkəzi yaradılıb, peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişlənib, peşə təhsili müəssisələrinin fəaliyyətinə dəstək məqsədilə Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb (bu layihələr peşə təhsili müəssisələrinin həm məzmun baxımından, həm də onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir)”,- deyərək H.Əlizadə bildirib.

O, əlavə edib ki, keçən tədris ilində  "Peşə təhsili haqqında” Qanunun qəbul olunması bu işlərin daha yüksək səviyyədə həyata keçməsinə imkan verəcək:

“Fikrimcə, biz yaxın gələcəkdə yeni nəsil peşə təhsil müəssisələri şəbəkəsinin şahidi olacağıq. Təhsil Nazirliyinin  fəaliyyət sahəsi çoxşaxəlidir. Onun gördüyü işləri təhlil etmək bir müsahibənin imkanları xaricindədir. Biz yalnız strateji və taktiki planda Təhsil Nazirliyinin orta məktəb müstəvisində gördüyü bəzi işləri qiymətləndirdik. Son bir il ərzində həm strateji, həm də taktiki baxımdan müasir keyfiyyət meyarlarına  cavab verən xeyli maraqlı işlərin görülməsi, təhsilin inkişaf etdirilməsi istiqamətində əsaslı islahatların uğurla davam etdirilməsi təhsilimizin ildən - ilə daha da inkişaf edəcəyini deməyə əsas verir”.

Yüksək təhsil, beynəlxalq əlaqələrin inkişafı, elmi potensialın gücləndirilməsi

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov 2018-2019-cu tədris ilinin əsas təhsil prioritetləri barədə söz açıb. O, qeyd edib ki, ötən bir il ərzində təhsil sahəsində xeyli uğurlar əldə edilib:

“Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar uğurlu hesab edilir. Biz də ötən tədris ili ərzində Azərbaycan İlahiyyat İnstitutu olaraq, tələbələrə öz övladlarımız kimi yanaşdıq. Ona görə ki, onların hər biri bizim gələcəyimizdir. Gələcəyimizin etibarlı təməllər üzərində qurulmasını istəyiriksə, gənclərimizi sağlam mühitdə, Vətəninə, millətinə xeyirli övlad olaraq yetişdirməliyik. Davamlı olaraq tələbələrimiz üçün daha nələr edə biləcəyimizi düşünürük ki, onların daha bacarıqlı, savadlı, zəngin dünyagörüşlü olmalarını təmin edək. Düşünürəm, ali təhsil müəssisəsini bitirib hər hansı bir təşkilatda, qurumda işləyən gəncimiz həm dini savadını, həm də dünyəvi elmləri dərindən bilən, yüksək dil biliklərinə malik olduğunu hər kəsə nümayiş etdirsin.

Əgər ümumiləşdirsək, Azərbaycan təhsilinin hər zaman qarşısına məqsəd kimi qoyduğu prioritetləri vardır. Bunlar yüksək təhsil, şəffaf müəllim-tələbə münasibətləri, beynəlxalq əlaqələrin inkişafı, elmi potensialın gücləndirilməsi, tələbələrin  yüksək dil bilgilərinə malik olması istiqamətində atılan addımlardır”.

XXI əsr “Təhsil əsri” – Təhsilin bütün fəaliyyətlərin fövqünə qaldırılması

Təhsil İnstitunun direktor müavini Ənvər Abbaslı da mövzu ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, insanlığın formalaşması üçün əsas əlamətlərdən biri sayılan təhsil indiki zamanda önəmli olmaqla daha qüdrətli cəmiyyət hadisəsinə çevrilib:

“Dünyanın, o cümlədən ölkəmizin təhsil həyatında keçirilən islahatlar, baş verən dəyişikliklər məhz bu zərurətdən yaranıb. Artıq neçə illərdir ki, ölkəmizin təhsil məkanında həyata keçirilən islahatlar ulu öndər Heydər Əliyevin söylədiyi bu fikirlərdən qaynaqlanır: “Mən belə anlayıram ki, indi bizdə təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın”.

Ötən tədris ilində ardıcıl və sistemli şəkildə həyata keçirilən islahat tədbirlərində təhsilin müxtəlif pillə və səviyyələri nəzərə alınıb. Müstəqil Azərbaycanın təhsil siyasətinə uyğun olaraq onun dünya təhsil sisteminə inteqrasiya edilməsi zəruri şərt kimi diqqət mərkəzində saxlanılıb. Burada əsas məsələlərdən biri təhsildə inkişafetdirici amilin nəzərə alınması və şəxsiyyətin formalaşdırılmasının ön planda saxlanılmasıdır. Məlum olduğu kimi, təhsilşünas­ları­mızın bəziləri çox düzgün olaraq Azərbaycan təhsilinin məhz şəxsiyyət­yönümlü xarakterini humanistləşdirmə müstəvisində şərh etməklə həmin məsələlərin əlaqəli olmasını qeyd edirlər. Eyni zamanda təhsilin səriştəyönlü mahiyyətindən danışırlar. Əslində bu, ölkəmizin təhsil siyasətində də prioritet məsələ kimi daim izlənməkdədir. Odur ki, ilkin olaraq bu məsələlər ətrafında müzakirə açmaq məqsədəmüvafiq hesab edilir”.

Nazirliyin dərslik siyasətindən bəhs edən Ə.Abbaslı bildirib ki, 2018/2019-cu tədris ilində dövlət ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün 338 adda dərslik və metodik vəsait çap edilib:

“Yeni çap olunmuş dərslik və metodik vəsaitlər, eləcə də ehtiyat kimi saxlanılan dərslik və metodik vəsaitlərin hesabına bütün məktəblərin tələbatı ödənilmiş və dərsliklər tədris ili başlayanadək şagirdlərə çatdırılıb. Bundan əlavə, Təhsil Nazirliyi öz ehtiyat dərsliklərini yaratmağa başlamışdır. Tədris İnstitutu tərəfindən I siniflər üçün “Azərbaycan dili”, “Riyaziyyat” və “İngilis dili” fənləri üzrə ehtiyat dərslikləri hazırlanmışdır. Həmin dərsliklər ölkənin 97 seçilmiş məktəbinin 123 sinfində pilot məqsədilə tətbiq edilib.

Dövlət ümumtəhsil məktəblərinin II, III, VII və XI sinifləri üçün dərsliklər tərtib edilib. Tədrisin Azərbaycan, rus və gürcü dillərində aparıldığı dövlət ümumtəhsil məktəblərinin XI sinifləri üçün ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında bütün fənlər üzrə ümumilikdə 68 adda olmaqla yeni dərslik və metodik vəsait hazırlanıb. XI siniflər üçün tərtib edilən dərslik və metodik vəsaitlər çap edilməzdən öncə onların layihələrinə dair ictimai rəy öyrənilib. Bu məqsədlə XI siniflər üçün dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az internet səhifəsinə yüklənilib. İstənilən vətəndaşın maneəsiz olaraq internet səhifəsində yerləşdirilmiş dərslik və metodik vəsaitlərin layihəsi ilə tanış olması, həmçinin irad və təkliflərini yaza bilməsi təmin edilib ki, bu da inkişaf üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda, xeyli sayda ixtisaslaşmış yerli və xarici qurumların dərsliklərin ekspertizasına cəlb edilməsi də müsbət addım kimi qiymətləndirmək lazımdır”.