Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-11 15:50:00
Yeni yaradılan ixtisaslara tələbat azdır - SƏBƏB  

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

AzEdu.az xəbər verir ki, birinci və ikinci mərhələdə isə ümumilikdə 12 min 562 nəfər peşə məktəblərində təhsil almaq hüququ əldə edib.

Lənkəran Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Afər Kərimov saytımıza açıqlamasında yeni yaranan ixtisaslara tələbat nisbətən az olduğunu deyib:

“Bəzi yeni yaranan ixtisasları çıxmaq şərti ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə vətəndaşların müraciəti kifayət sayda idi.

Bu il sənəd qəbulunda iştirak edən 250-dən çox vətəndaşdan təxminən 150-si “ASAN peşə” vasitəsilə müsabiqədən keçib.

Əhalidə lazımı məlumat olmadığı üçün yeni yaranan ixtisaslara tələbat nisbətən zəif idi. Bunlara balıq yetişdirilməsi mütəxəssisini nümunə göstərə bilərəm. Kifayət qədər perspektivli sahə olsa da yeni yarandığı üçün bu sahəyə tələbat nisbətən zəif idi.

Ən çox müraciət edilən ixtisaslar isə aqroservis mütəxəssisi, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, aşpaz, xalçaçılıqdır”.

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynov isə ödənişli əsaslı ixtisaslara tələbatın az olduğunu bildirib:

“Bu ilki qəbul prosesində 920 plan yeri ayrılsa da sənəd qəbulu nəticəsində 600 nəfər qəbul olunub.

Ən çox müraciət  edilən ixtisasların başında aşpaz, bərbər, neft və qazçıxarma operatoru, kimyəvi analiz operatoru gəlir.

Daha sonra, bəzi yeni yaradılan ixtisaslara da tələbat kifayət qədər çox olub. Elektrik qaz qaynaqçısı, texnologiyalar və istehsalat üzrə operator, proqramla idarə olunan dəzgahların operatoru, rəqəmlə idarə olunan dəzgahların operatoru və s bu qəbildəndir.

Digərləri ilə müqayisədə ödənişli ixtisaslara müraciət edənlərin sayı nisbətən azdır. Belə ixtisaslara əməliyyatçı  mühasibi nümunə göstərmək olar. Əvvəlki illərdən fərqli olaraq, bir il deyil 6 aylıq təhsildən sonra məzunlara sertifikat verilir. Bundan əlavə, qəbul yalnız tam orta təhsil bazasında və ödənişli əsaslarla aparılır. Kifayət qədər populyar olsa da sadaladığım səbəblər görə, bu ixtisasa  müraciət edənlərin sayı azalıb”.

Qeyd edək ki, 10 sentyabr tarixinədək müsabiqənin 2-ci mərhələsindən uğurla keçən şəxslər üçün sənəd qəbulu davam edir.