XƏBƏRLƏR

11.09.2019 09:26
Övladı hazırlıq qrupunda oxuyacaq valideynləri qayğılandıran vacib məsələ - Çıxış yolu burada

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Övladını hazırlıq qruplarına qoymaq istəyən valideyn sorğu yerləşdirdikdən sonra Şəxsi kabinetində formalaşmış “Ərizəni çap et” düyməsini sıxmalı, çap edilmiş ərizəni digər müvafiq sənədlərlə birlikdə ərizədə göstərilən tarixlərdə seçdiyi məktəbə təqdim etməlidir.

AzEdu.az xəbər verir ki, hazırda valideynləri maraqlandıran əsas məqamlardan biri də elə bununla bağlıdır.

Sual:

Övladımı məktəbəhazırlıq qrupları üçün qeydiyyatdan keçirib, elektron ərizəni çap etmişəm. Amma ölkə daxilində deyiləm. Övladımın sənədlərini qəbul olunduğu məktəbə təqdim edərkən şəxsən iştirak etməyim mütləqdirmi?

Cavab:

Bəli. Azyaşlının sənədləri qəbul olunduğu orta ümumtəhsil müəssisəsinə təqdim edilərkən valideyn və ya qanuni nümayəndəsinin iştirakı mütləqdir. Çünki çap edilmiş ərizədə valideynin və ya qanuni nümayəndənin, həmçinin məktəb direktorunun imzası vacibdir. Ərizə uşağın sənədlərinin məktəbə qəbulu üçün əsas sayılır. Ərizəni çap etməyə imkanınız olmadığı halda, məktəbdə çap etdirə bilərsiniz.

Qeyd edək ki, qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidirlər.

Məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlılar üçün noyabrın 16-dan 20-dək payız, yanvarın 27-dən 31-dək qış və mayın 1-dən 5-dək əlavə tətil nəzərdə tutulub.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu