Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-09 17:31:56
Direktorların yeni tədris ili üçün maraqlı planları: “Reytinq cədvəli yaradacağam və...”  

Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədar sosial şəbəkələr və mediada müxtəlif qurumların görülən işlər siyahısı ilə rastlaşırıq. Bəs, bölgə məktəblərinin direktorları yeni tədris ilinə nə dərəcəd’ hazırdırlar? Onlar ilk dərs gününədək hansı çətinliklərin öhdəsindən gəlməli olacaqlar?

“Əksər valideynlər müəllimləri xoş qarşılamırlar”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ağdam rayonu 148 nömrəli məcburi köçkün tam orta məktəbinin direktoru Rəşad Kazımov bildirib ki, yeni tədris ilinə hazırlıq zamanı əsas problemi valideynlərlə yaşayır:

“Əsas problem valideynlərin məktəbə cəlbi ilə bağlıdır. İstərdim, valideynlərə bu işin məsuliyyət və ciddiyyətini çatdırmaqda bizə kömək edəcək bir qurum yaradılsın. Təsəvvür edin, valideynin məktəbə gəlməyi bir kənara, evinə gedən müəllimi də xoş qarşılamır. Fikrimcə bu, məktəbin deyil, cəmiyyətin problemidir. Məktəbdə şagird, müəllim və valideynlərdən ibarət üçlük olmalıdır. Onlardan biri olmadıqda müasir təlimin təşkili çətinləşir. Əlaqə itir və məktəblə valideyn arasında uçurum yaranır. Əksər valideynlər müəllimləri xoş qarşılamırlar. Onlarla əlaqə saxlamağa çalışanda da “işim var, məni çox narahat etməyin” kimi ifadələr işlədirlər. Valideynə vətəndaşlıq borcunu çatdıranda isə deyir ki, ümumiyyətlə, övladımı məktəbə qoymuram. Başa düşmür ki, bu, onun borcudur”.

Rəşad müəllim yeni tədris ilində ibtidai siniflərdə tədris keyfiyyətinin  artırılmasını da qarşısına məqsəd qoyub:

“Əsas problemlərdən biri də bəzi ibtidai sinif müəllimlərinin səriştəsizliyidir. Onların səriştəsizliyi nəticəsində şagird baza proqramını tam mənimsəyə bilmir və V sinfə keçiddə problemlərlə üzləşir.

Hazırda yuxarı və ibtidai sinif şagirdləri arasında bir uçurum var. Amma düşünürəm ki, illər keçdikcə ibtidai siniflərdə tədrisin təşkili güclənəcək.

Bundan əlavə, yeni kadrlarla da söhbət aparmalı, onlara kollektiv barədə məlumat verməliyəm. Belə söhbət zamanı onlara işlərinin məsuliyyətini, vacibliyini çatdırıram. Daha sonra yeni kadrı kollektivdəki  təcrübəli müəllimlərdən birinin öhdəsinə verirəm. Kollektivə uyğunlaşana qədər həmin müəllim yeni kadra bələdçi olur”.

“Hər ay üçün müəllimlərin reytinq cədvəlini formalaşdıracağam”

Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Elvin İmaməliyev isə yeni tədris ilinə hazırlıq zamanı dərs bölgüsünün əsas yer tutmasından söz açıb:

“Hazırda dərs bölgüsü ilə məşğulam. Saatlar arasındakı fərqləri düzəltməyə çalışıram.

Direktorluğa yeni təyinat almışam. Bu tədris ilindən məktəbdə yeniliklər etməyə çalışıram. Müəllimlərin motivasiyası, məktəbin göstəricilərinin qaldırılması əsas hədəflərimdəndir.

Bundan əlavə, bütün müəllimlərin dərslərini dinləməyə çalışıram. Bunun üçün bir komissiya yaratmışam. Hər ay üçün müəllimlərin reytinq cədvəlini formalaşdıracağam”.

“Elektron qeydiyyat səbəbindən valideynlərlə çətinlik yaşayırıq”

Kəlbəcər rayon 23 saylı tam orta məktəbin direktoru Həqiqət Şükürova bildirib ki, yeni tədris ilinə hələ yay tətili vaxtı başlayıb:

“Yay ərzində hər gün məktəbə gəlmişəm. Məktəb infrasturukturunun yenilənməsi, təmir işləri – hamısı yekunlaşıb. Artıq məktəb yeni tədris ilinə tam hazırdır. Qarşımızda mühüm bir çətinlik qalmayıb.

Amma elektron qeydiyyat səbəbindən valideynlərlə çətinlik yaşayırıq. Bura məcburi köçkün məktəbi olduğuna görə yerli şagirdlərin qəbulunda problem yaranır. Yaxın ərazilərdə başqa məktəb yerləşmədiyi üçün valideynlər bizə müraciət edirlər.

Üstəlik təmir əvvəl valideynlər məktəbin şəraitsizliyi səbəbindən şagirdləri digər şəhər məktəblərinə yönləndirmişdilər. İndi isə məktəbin dəyişdiyini görüb övladlarını geri qaytarmaq istəyirlər. Amma qərara əsasən, yerli ümumtəhsil müəssisəsindən məcburi köçkün məktəbinə yerdəyişməyə icazə verilmir. Bununla bağlı bir qədər problem yaşayırıq. Valideynlərdə maariflənmə işləri  bir qədər zəifdir. Çünki bəzilərinin internetə çıxışı yoxdur. Onlara düzgün məlumat verilməlidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları