Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-09 16:13:00
Məktəblinin dostu” olmaq istəyənlərin diqqətinə! - Qaydalar və qiymətləndirmə meyarları  

“Məktəblinin dostu” layihəsinin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi-psixoloji yardım göstərmək, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik  işlərin aparılmasıdır.

Bu layihə iştirakçılarının nəyə əsasən seçilməsi, pilot layihənin əsas şərtləri isə çoxlarına maraqlıdır.

AzEdu.az xəbər verir ki, “məktəblinin dostu” olmaq üçün bir neçə mərhələdən ibarət müsabiqədən keçmək lazımdır.

İlkin seçim mərhələsi “ASAN xidmət”də həyata keçirilir. Qaydalara uyğun olaraq, ilkin mərhələdə namizədlərin bilikləri test şəklində yoxlanır. Seçilən namizədlər müsahibə mərhələsinə buraxılırlar.

Müsahibə zamanı ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə malik olan namizədlərə üstünlük verilir. Müsahibədə uğur qazananlar təlimlərə cəlb olunurlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən, bəzi namizədlər “Məktəblinin dostu” təyin edilirlər.

Test imtahanı mərhələsi necə təşkil olunur?

Müsabiqənin test mərhələsində namizədlərə 90 dəqiqə ərzində cavablamaq üçün 50 sual təqdim edilir. Onlar əsasən, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti ilə  bağlı olur. Bu mərhələdə namizəddən məntiqi düşünmə qabiliyyəti tələb edən suallara da yer verilir.

Layihə üçün necə qeydiyyatdan keçmək olar?

“Məktəblinin dostu” olmaq istəyənlər müəyyən sorğunu doldurmaqla qeydiyyatdan keçməlidirlər. Təhsil Nazirliyi və ASAN Könüllüləri-nin Facebook səhifəsinə sorğu göndərməklə də qeydiyyatdan keçmək mümkündür.

Kimlər “məktəblinin dostu” ola bilər?

Yaşı 21-30 aralığında olan istənilən ali təhsilli şəxs “məktəblinin dostu” olmaq üçün sorğuda iştirak edə bilər.

“Məktəblinin dostu” vəzifəsini yerinə yetirənlərə stabil maaş verilir.

Qeyd edək ki, pilot layihə 2016-cı ilin dekabr ayında Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb. Layihə hazırda Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir. Hər məktəbdə şagird sayına uyğun olaraq, minimum 3 nəfər “məktəblinin dostu” fəaliyyət göstərir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları