Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-09 12:22:00
Yaradıcı direktorların qalib layihələri – Minlərlə şagird bunlardan faydalanacaq  

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib layihələrin bir çoxunun icrasına artıq başlanıb.

Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyətini stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə, 6 mövzunu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi - əhatə edir.

Layihə -“Bir kənddən bir şəhərə”

“Əsas məqsədimiz şəhər və kənd arasındakı əlaqələrin genişlənməsidir”

“Bir kənddən bir şəhərə” adlı layihənin rəhbəri Kəramət Hüseynov eyni zamanda, Göygöl rayonu, Pənahlılar kənd tam orta məktəbin direktorudur.

Direktor  AzEdu.az-a açıqlamasında layihə haqda məlumat verərək görüləcək işlərdən danışıb:

“Bir kənddən bir şəhərə” adlı layihəmiz sentyabrın 14-dən başlayaraq 3 ay davam  edəcək. Bu müddət ərzində kənd və şəhərdə oxuyan şagirdlər bir-birilərinin məktəblərini ziyarət edərək həm kənd, həm də şəhər məktəbləri haqda fikir sahibi olacaqlar. Layihədə şəhər və kəndlərdə yerləşən uşaq bağçasından, başlayaraq məktəbə qədər təhsil və orta məktəbin bütün siniflərində təhsil alanların iştirakı nəzərdə tutulub.  
Qonşu kəndlərdən də layihəyə maraq göstərənlərin, iştirak etmək istəyənlərin sayı çoxdur.  3 ay ərzində şəhər məktəblərinə 6-7 turda istər bizim məktəbdən, istərsə də qonşu kəndlərdən, 45-50 nəfər iştirakı  nəzərdə tutulub.

Layihəyə start verilməsi üçün sentyabrın 14-də məktəbdə keçiriləcək  təmtəraqlı tədbirdə paytaxtdan gələn qonaqlar iştirak edəcək.  

Layihəyə məktəbimizin öz müəllimləri ilə yanaşı paytaxtdan mütəxəssislər də cəlb olunub. Şagirdlərlə daha çox həmin mütəxəssislər  çalışacaq. Layihə rəhbəri kimi mən də daim işlərin başında olacağam .Əsas məqsədimiz şəhər və kənd arasındakı əlaqələrin genişlənməsidir”.

Layihə -“Dünya Uşaq Ədəbiyyatının Səsli Kitabxanası”

“Dünya Uşaq Ədəbiyyatının Səsli Kitabxanası” layihəsinin rəhbəri Elnur Bayramov eyni zamanda, 216 nömrəli tam orta məktəbin direktorudur.

O, açıqlamasında layihənin məqsəd və faydalılığından söz açıb:

“Təklif etdiyimiz “Dünya Uşaq Ədəbiyyatının Səsli Kitabxanası” layihəsi məhz sağlamlıq imkanları məhdud şagirdlərin, xüsusən də görmə imkanları məhdud olan uşaq və gənclərin təhsil imkanlarını genşləndirəcək, onların cəmiyyətə inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb edəcək. Bu layihə nəinki, görmə imkanları eyni zamanda ölkə üzrə bütün məktəbliləri əhatə edəcəkdir. 

Ölkə başçısının "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" müvafiq sərəncamından sonra  Azərbaycan və dünya ədəbiyyatının müxtəlif nümunələri "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlər olunaraq oxucuların ixtiyarına verildi. “Dünya Uşaq Ədəbiyyatının Səsli Kitabxanası” layihəsi kitabları səsli formada məktəblilərin istifadəsinə verəcək. Belə ki,  çox cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın ilkin mərhələdə seçilən 5 cildininin profesional qiraətçilər tərəfindən studiya şəraitində səsləndirilməsi və yaradılacaq www.seslikitabxana.az saytına yerləşdirilməsi nəzərdə tutulur.

Layihənin məqsədi həmçinin İKT-nin imkanlarından istifadə etməklə telefon, planşet və kompüter vasitəsi ilə xeyli sayda kitabları səsli formatda görmə imkanları məhdud şagirdlərə təqdim edərək yeni nəsil kitabxana yaratmaqdır. Bu innovativ yolun şagirdlərdə  səlis danışıq, natiqlik bacarığının inkişaf etdirəcəyinə inanırıq.

Layihə çərçivəsində yaradılacaq səsli kitabxana görmə imkanları məhdud olan uşaqlarla yanaşı,  ölkədəki ümumtəhsil məktəblərinin şagirdlərinin də marağına səbəb olacaq. Görmə imkanları məhdud şagirdlərlər və onların valideynləri üçün  asanlığı təmin edəcək, şagirdlərin bədii zövqünün və nitq qabiliyyətinin inkişafına müsbət təsir göstərəcək, mütaliə mədəniyyətinin formalaşmasında yeni innovativ metodla sinifdənxaric oxuya olan ehtiyaclarını ödəyəcək. Yaradılacaq sayt vasitəsi ilə məkandan asılı olmayaraq hər bir şagird dünya uşaq ədəbiyyatına aid, Təhsil Nazirliyinin tövsiyə etdiyi kitabları səsli formada dinləmək imkanı əldə edəcək.  Eyni zamanda, fiziki imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş kitabxanalara getmədən gələcəkdə istədikləri kitabları bu sayt vasitəsilə əldə edə biləcəklər. Bu layihə bütün ölkəni əhatə edərək görmə məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası baxımından da müstəsna rol oynayacaq. Belə bir elektron resursların cəmləndiyi portalın ölkəmizdə olmadığını nəzərə alsaq, xeyli sayda insan yaradılacaq www.seslikitabxana.az saytının imkanlarından geniş  faydalanacağını əminliklə deyə bilərik”.