Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 08:50:00
Rezidentlərdən bakalavrlara məsləhət: “Bu halda da yüksək nəticə göstərmək olar”

Rezidenturaya qəbul imtahanının nəticələri artıq məlumdur. Rezident olmaq istəyən 569 namizəddən 351-i arzusuna çatıb. II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 89 olub. Hər iki mərhələ üzrə ən yüksək göstərici isə maksimal 200 baldan 173 bal olub.

Hazırda növbəti illərdə rezidenturaya qəbul imtahanında iştirak edəcək bakalavrları maraqlandıran əsas məqamlardan biri isə hazırlıq prosesində diqqət edilməsi vacib nüanslardır.

AzEdu.az rezident adını qazanmaq istəyənlərə kömək məqsədilə imtahanlarda uğur qazanmış namizədlərin tövsiyələrini təqdim edir:

"Açığı, yalnız bu fənlərin konspektlərindən razı qaldım"

Günel Ağasıyeva rezidenturaya qəbul imtahanlarında173 bal toplayaraq maksimum nəticə götərib. Azərbaycan Tibb Universitetinin Şüa Diaqnostikası ixtisasına qəbul olunub. Bakalavrlara məsləhətə gəlincə isə düşünür ki, rezident olmaq istəyənlər Farmakologiya və Biokimya fənləri üzrə  öncədən bazaya sahib olmalıdırlar:

“Çünki məhz bu 2 fənni əzbərlə deyil, başa düşərək oxumaq lazımdır. Hansı fənni oxumağa nə vaxt başlamaq isə tamamilə fərdi məsələdir. Hazırlıqlara asan qavranılan fənlərdən başlamaqla özlərində baza yarada bilərlər. Amma çətin fənləri son aylara saxlamağıı da məsləhət görməzdim. Xüsusilə də yüksək bal toplamaq istəyənlər sistemli və tələsmədən oxumalıdırlar. Çətin fənlərin sona saxlanması onlarda təlaş yarada bilər.

Çoxları konspektləri oxumağın nə dərəcədə faydalı olacağı ilə maraqlanır. Açığı, onlardan yalnız Psxiatriya, Nevrologiya və Ginekologiyaya aid olanlardan razı qaldım. Bu fənlər üzrə konspektləri oxumaq nəticələrimə müsbət təsir etdi. I mərhələdə oxuduğum konspektlər isə hazırlaşdığım kursun materialları idi və mənə təkrarlamaq üçün kifayət etdi. Əsas olan kitabla dostlaşmaqdır. Ona necə münasibət bəsləsəniz, nəticəniz də elə olacaq”.

 "Kliniki bazaya deyil, ixtisasa əsaslanaraq seçim etsinlər"

İxtisas seçərkən kliniki baza, yoxsa ixtisasa diqqət etməyin vacibliyinə gəlincə isə o, bakalavrlara belə məsləhət verib:

“Radiologiya ixtisasına qəbul olundum. Baza olaraq isə Respublika Müalicəvi Diaqnostika Mərkəzini seçməyə qərar vermişəm. Adından da göründüyü kimi məhz diaqnostika üzrə ixtisaslaşmış klinikanın mənim üçün faydalı olacağını düşünürəm.

Ümumiyyətlə, kliniki bazaya deyil, ixtisasa əsaslanaraq seçim etmələrini tövsiyə edirəm. Çünki klinika 3-5 illik, ixtisas isə ömürlük sizinlədir. İxtisas üzrə inkişaf etmək 99 % rezidentin öz əlindədir”.

"Konspektlər heç vaxt kitabı tam əvəz edə bilməz"

Yaqub Allahverdiyev də 154 balla Azərbaycan Tibb Universitetinin Nevrologiya ixtisasına qəbul olunub. Yüksək göstəricisinə görə, respublika üzrə ikincidir. Bakalavrlara ilk məsləhəti odur ki, universitetin 6 illik materialını son 1 ilə saxlamasınlar:

“6 il oxuyanların son 1 il ərzində hazırlaşmağı ilə 6 il ümumiyyətlə oxumayanların son il hazırlaşmağı arasında böyük fərq var. Bu, özünü qəbul nəticələrində də göstərdi.

Qəbul olmaq üçün əsas yük tələbənin öz üzərinə düşür. Eyni müəllimin hazırlaşdırdığı tələbələrdən çox yüksək bal toplayanı da olur, zəif nəticə göstərəni də. Deməli, işin 80%-i tələbənin öhdəsinə düşür. 1 il əziyyət çəkməyə dəyər, yetər ki, sonda sevdiyiniz ixtisasa yiyələnib ömrünüzü sevdiyiniz işdə işləyərək keçirəsiniz.

Fikrimcə, konspektlər heç vaxt kitabı tam əvəz edə bilməz. Buna görə də, mümkün qədər kitab oxumaq, oxuduqca konspektdə olmayan nüanslara daha çox diqqət yetirmək, sonda isə konspektlərdən təkrarlamaq lazımdır”.

"Bu fənləri oxumağa vaxt itkisi kimi baxıram"

Nüşabə Xaspoladova 142 balla Mərkəzi Klinikanın Kardiologiya ixtisasına qəbul olunub. Onun sözlərinə görə, rezident adını qazanmağın yolu sistemli hazırlaşmaqdan keçir:

“Əvvəla qeyd edim ki, rezidenturaya qəbul imtahanı qeyri-adi bir şey deyil. Sistemli oxumaqla yüksək nəticə əldə edə bilərsiniz. I mərhələ üçün vaxt boldur, yaxşı hazırlaşmağa kifayət edir. Bəzi fənlərdən kitabları mütləq oxumalıdırlar. Məsələn, Mikrobiologiya, Pataloji anatomiya, Patoloji Fiziologiya. Digər fənlərdən isə konspektlərdən faydalanmışdım. Vaxtı çox olan o fənlər üzrə kitabı da oxuya bilər. Amma konspekt oxuyaraq da yüksək bal toplamaq mümkündür. Düzü, Anatomiya və Histologiyanı ümumiyyətlə, oxumamışdım. Onları oxumağa vaxt itkisi kimi baxıram. Onlar olmadan da yüksək nəticə göstərmək olar”.

"“Gündə 150 səhifə oxuyuram” tipli cümlələrə əhəmiyyət verməyin"

Onun fikrincə, Farmokologiya fənnini yadda saxlamaq çətin olduğuna görə, onu sonuncu aya saxlamaq olmaz:

“İkinci mərhələyə hazırlaşanda isə bütün fənlər üzrə konspektlərdən istifadə etmişdim. Bu mərhələdə məntiq faktoru daha önəmlidir. Sırf oxuduğum mövzulara aid suallar düşəcək deyə bir şey yoxdur. İkinci mərhələyə hazırlaşmaq üçün vaxt çox azdır. Onu düzgün bölüşdürmək lazımdır. Semestr, dövlət imtahanlarına hazırlaşıram dediyiniz anda vaxt gəlib çatır. əsasən, sistemli oxumağın, proqramı tez bitirib çox təkrarlamağın tərəfdarıyam. Düzü, özüm bu imtahana çox da ciddi rejimlə hazırlaşmamışam. Heç nə oxumadığım günlər də olub, amma 142 bal toplamışam. Yəni, sistemli oxuyan bakalavr  150-dən çox bala zəmanət verə bilər.  bundan əlavə, heç kimə qulaq asmayın. “Gündə 150 səhifə oxuyuram” tipli cümlələrə əhəmiyyət verməyin. Heç kəsin potensialı eyni deyil. Mən çox da test işləməmişdim. I mərhələyə hazırlaşanda yalnız Fiziologiya ve mikrobiologiyadan kafedranın testlərini işləməklə kifayətlənmişdim. II mərhələ üçün isə ümumiyyətlə, test işləməmişdim. Qısası, oxuyun, motivasiyadan düşməyin”.

105 balla Tədris Cərrahiyyə Klinikasının Ümumi cərrahiyyə ixtisası üzr təhsil almaq hüququ qazanan Aygül Hümmətova isə bakalavrlara imtahana ortaq hazırlaşmağı məsləhət görür:

"Tək hazırlaşanda insan imtahana sona qədər məsuliyyətli yanaşmır. Bu işdə mənə də bir xanım kömək edirdi. Günortaya qədər oxuyur, işə gedirdim. Axşam evə gəldikdə isə görüntülü zəng vasitəsilə həmin xanımla oxuduqlarımızı təkrar edirdik. Bu, oxuduqlarımı daha yaxşı yadda saxlamağa kömək edirdi. dərsləri izah edən əlavə səslərə qulaq asmadığıma görə isə sonradan çox peşman oldum. bakalavrlara müəllimlərin bütün səs yazılarını dinləməyi məsləhət görürəm. Farmokologiya fənni üzrə konspektlərə baxdıqda nə isə anlamaq olmur, amma səsyazmalarla birgə oxuduqda başa düşmək mümkündür. Normal Fiziologiyanı kitabdan oxudum, imtahana yaxın isə konspektlərə diqqət yetirdim. bakalavrlara məsləhətim odur ki, öncə kitabı, sonra Aqil müəllimin, daha sonra isə Zemfira xanımın qısaldılmış vəsaitlərindən yararlansınlar. onları əzbər öyrənməyə çalışsınlar. Patoloji Fiziologiya və Mikrobiologiyadan kitabı mütləq oxusunlar. Mikrobiologiya fənninin səsyazmalarına qulaq asmaqda da fayda var. Biokimyanı qətiyyən oxumasam da, Patoloji Fiziologiyadakı reaksiyaların mexanizminə diqqət etməklə 8 sual düzgün cavablaya bilmişdim. Anatomiyanı oxumadan 6 sualı düzgün cavablamışdım. 

İkinci mərhələyə hazırlaşanda isə yalnız konspektləri oxumaq və səsyazmalara qulaq asmağı məsləhət görərdim. Daxili xəstəliklər bir qədər qarışıqdır. oradakı xəstəlikləri başa düşməyə çalışmaq lazımdır. Onda rahatlıqla yadda saxlamaq olur. Uşaq xəstəliklərinin kospektini əzbər bilməyi tövsiyə edirəm. Hər iki mərhələ üçün güclü təkrara ehtiyac var. 

Sonda isə kim özünü hansı sahədə görürsə, ona üstünlük versin".

Qeyd edək ki, rezidenturaya qəbul müsabiqəsinin nəticələrinə əsasən, imtahanda iştirak edən 352 namizəddən 350 nəfəri təhsil almaq hüququ qazanıb. Onlardan 116-ı oğlan, 234-ü isə qızlardır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları