XƏBƏRLƏR

03.09.2019 12:50
Ekspertdən xəbərdarlıq: “Bu ixtisas qrupu üzrə universitetə qəbul şansınız çox azdır”  

2019-2020 tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanları və ümumi müsabiqə onu göstərdi ki, III ixtisas bloku  ən gərgin qrup olmaqla yanaşı, həm də ən az ixtisasın yer aldığı qrupdur.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib. O bildirib ki, ixtisasların bir neçəsi II ixtisas qrupuna əlavə olunub:

“III qrupda ixtisas seçimi imkanları azalıb. Bu qrupda prestijli sayılacaq ixtisaslara qəbul olmaq isə olduqca çətin prosesdir. Hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, sosial iş, tarix, politologiya, fəlsəfə, azərbaycan dili və ədəbiyyat, ingilis dili, tərcümə kimi ixtisaslara hələ ödənişli əsaslarla qəbul olunmaq üçün ən azı 450-dən yüksək bal toplamaq lazımdır”.

Elçin Əfəndinin sözlərinə görə, dövlət sifarişi ilə bu ixtisaslara qəbul olunmaq üçün ən azı 550-600 intervalında bal toplamaq  tələb olunur:

“Bütün bunlara görə də, təkcə bu tədris ilində 10.000 nəfərə yaxın abituriyent və subbakalavr III ixtisas qrupu üzrə ali məktəbə qəbul oluna bilmədi. Ona görə də abituriyentlər yaxşı olar ki, II ixtisas qrupuna üstünlük versinlər. Çünki, II ixtisas qrupu üzrə 450 balla pulsuza, 250 balla da ən yaxşı ixtisasların ödənişlisinə qəbul olmaq imkanları var. Bundan başqa, II və III ixtisas qrupu üzrə tək fərq ədəbiyyat və coğrafiya fənlərinə görədir. Qalan fənlər demək olar ki, eynidir”.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu