Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-03 10:10:00
Diplomların tanıdılması zamanı mənfi rəy yekun olaraq hansı hallarda verilə bilər?-Cavab

 

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, distant və ya eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Bəs nostrifikasiya prosedurları zamanı yekun olaraq mənfi rəy hansı hallarda verilə bilər?

AzEdu.az xaricdə təhsil alan gənclərin nostrifikasiya prosedurları haqqında ən çox verilən suala cavabı təqdim edir:

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, Qaydaların 3.6-cı bəndində göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Yekun olaraq mənfi rəy aşağıdakı hallarda verilə bilər:

Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddət Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda;

Təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa);

Xarici ölkələrdə verilən təhsil, istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə;

Sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu (təhsil müddətində ciddi fərqlər, təhsil formasının distant olması, ali təhsil müəssisəsinin akkreditasiyasının olmaması və s.) aşkarlandıqda.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verə  bilərsiniz.

Günel Yaşarqızı
Müəllifin digər yazıları