Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-30 11:21:27
Tələbələrin kirayə ev problemi: “Oğlanlar evi dağıdırlar, qızlar isə...”  

2019-2020-ci il tədris ilinin başlamasına bir aydan da az zaman qalıb. Universitetə yeni daxil olan tələbələrin əsas problemlərindən biri də kirayə mənzil tapmaqdı.

Bölgələrdən paytaxta təhsil almağa gələn tələbələr kirayə ev üçün əmlakçılara müraciət edirlər. Onlar isə tələbələrin istəklərinə uyğun ev tapmağa çalışırlar.

AzEdu.az məsələnin aktuallığını nəzərə alaraq tələbələrin harada  kirayə ev axtardıqlarını və onlara hansı kriteriyalar əsasında mənzil verdiyini öyrənmək üçün bir neçə əmlakçıdan münasibət öyrənib.

Əmlakçı Günel Nəzərova tələbələrin daha çox metroya yaxın ərazilərdə ev seçdiklərini qeyd edib.

“Tələbələr daha çox Gənclik, Elmlər və 28 May ərazisinə yaxın yerlərdə ev tutmağa üstünlük verirlər. Onlar daxil olduqları universitetə yaxın yerlərdə mənzil axtarırlar.

Tələbələri maraqlandıran əsas nüanslardan biri də qiymət məsələsidir. Onlar aşağı məvacibli evlərə üstünlük verirlər.

Ev verən şəxslər isə sentyabr ayına yaxın qiymətləri qaldırırlar. Bunun əsas səbəbi isə tələbələrin bu zamanlarda ev tapmaqda çətinlik çəkməsidir.

Ev sahibləri oğlan tələbələrə kirayə mənzil verməkdən çəkinirlər. Ən çox qız tələbələrə üstünlük verirlər. Bunun səbəbi oğlan tələbələrin evi təmiz saxlamamağıdı”.

Əmlakçı Xalid Səmədov isə qeyd edib ki, tələbələr metroya yaxın ərazilərdə ev kirayələməyə üstünlük verirlər.

“Tələbələr Memar Əcəmi, İnşaatçılar, Elmlər Akademiyası istiqamətində olan evləri seçirlər. Hazırda 450-yə qədər tələbə mənə müraciət edib və kirayə mənzil axtarır.

İndi kirayə evlərin tapılmayan vaxtıdır. Bu səbəbdən həm qiymətlər qalxır, həm də  kirayə mənzillərin sayı azalır.

Bu gün kirayə ev verən şəxslərin çoxu evlərini ailəli şəxslərə vermək istəyirlər. Oğlan tələbələrə çox zaman yox deyirlər. Qız tələbələrə isə az da olsa üstünlük verilər. Ev sahibləri evlərində səs-küyün olmasını  istəmirlər və evi təmiz şəkildə saxlamaq istəyirlər. Bu baxımdan da ailənin olmasına daha çox üstünlük verirlər”.

Əmlakçı Rəşad Qədimov tələbələrin daha çox Sahil və Nizami metrosu ətrafında ev artardıqlarını qeyd edib.

“İnternetin və istilik sisteminin olması tələbələrin əsas istəkləri sırasındadı. Onlar həmçinin, şəraitin yaxşı olmasına da fikir verirlər.

Hazırda elə bir zamandı ki, 500-550 manata 3 otaqlı evlər tapmaq mümkün deyil. Çünki şəhərdə ev sıxıntısı var. Kirayə evlərdə qıtlıq özünü göstərir.

Müştərilərimə 1 həftədir ki, boş ev tapa bilmirəm. Evlərin hamısı dolub. Bəzi ev sahibləri isə ev yoxluğundan istifadə edərək 300 manatlıq evi 500 manata satırlar. Halbuki, həmin evlər o qiymətə dəyməz.

Tələbə evi kirayələyəndə ev sahibləri onlardan pulu  həmin an tələb edirlər. Lakin tələbələr sentyabr ayından orada məskunlaşacağı üçün onların indidən pul ödəməsinin mənası yoxdur. Məndə ev sahiblərinə deyirəm ki, hamımız tələbə olmuşuq. Buna görə də onlara güzəşt olunmalıdır.

Ev sahiblərinin 90 faizi qızlara, 10 faizi isə oğlanlara üstünlük verirlər. Bunun səbəbi isə oğlanların evi təmiz saxlamamağı, işığı yanıq vəziyyətdə qoymaları və qeyri-etik hərəkətlər etməkləridir. Hər kəs bir ailədən çıxır və hamının fərqli tərbiyəsi olur. Hamıya eyni gözlə baxmaq olmaz.

Ev sahibləri daha çox ailələrə üstünlük verirlər. Lakin anlamırlar ki, bütün ailələr də yaxşı olmur”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları