Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-30 10:00:00
“Hər bir universitetdə rektorun prorektoru səviyyəsində vəzifə olmalıdır ki, onun işi ancaq və ancaq...” - Deputat
Ali təhsil hər bir ziyalının böyük arzusudur. Bu, tək Azərbaycana xas olan məsələ deyil. Dünya tarixən həmişə topladığı bilikləri gənc nəslə ötürməyi, ayrı-ayrı ali bilikləri gənclərə öyrətməyi qarşısına məqsəd qoyur.
 
Qədim universitetlərin təqribən 800 il, 900 il yaşı var və Azərbaycanda ilk ali təhsillilərin nə vaxt, hansı universitetlərdə təhsil alması ilə də bağlı çox təəssüf ki, araşdırma materialı yoxdur. Amma biz ilk növbədə bu barədə Mirzə Kazımbəyi götürə bilərik. Tanınmış Azərbaycan ziyalısı, filoloq, böyük rus yazıçısı Lev Tolstoya fars dili müəllimi olmuş Mirzə Kazımbəy Kazan Universitetini bitirib. Uzun müddət orada müəllim kimi fəaliyyətə başlayır.
 
Və digər tərəfdən, böyük Azərbaycan dramaturqu, mütəfəkkiri Mirzə Fətəli Axundovun “Dərviş Parisi partladır” əsərində əsas məsələ heç də cəhalətə qarşı mübarizə deyildi. Düzdür, bu məqam da var, ancaq əsas məqsədin gənclərimizin, ilk növbədə cəmiyyətin elitasından, tanınmış nəsil övladlardan olan gənclərimizin Avropanın aparıcı universitetlərində təhsil almasına marağını artırmaq və göstərmək idi.
 
Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
 
“Bizim universitetlərin yüksək kateqoriyaya malik olması üçün bütün şansları var”
 
O, xatırladıb ki, Azərbaycan xalqının böyük oğlu Həsənbəy Zərdabi Moskva Dövlət Universitetini bitirir. Orada professor kimi qalıb, işləmək təklifindən imtina edir, Azərbaycana qayıdır. Uzun müddət regionlarımızda orta məktəblərdə dərs deyir və Azərbaycanda maarifçiliyin yayılmasında böyük rol oynayır.
 
Onun sözlərinə görə, eyni zamanda 1918-ci ildə Xalq Cümhuriyyətimiz elan ediləndə cümhuriyyət atalarının böyük əksəriyyəti vaxtilə Bakının neft milyonerlərinin dəstəyi ilə Rusiyada, Avropada ali təhsil almış ziyalılarımız idi:
 
“Ziyalılarımız, ilk növbədə universitet təhsilli ziyalılarımız Azərbaycanda milli təfəkkürün formalaşmasında, Azərbaycanda ictimai problemlərin həllində böyük rol oynayıblar. Statistik rəqəmlər göstərir ki, 20-ci əsrin əvvəlində Azərbaycanda ali təhsilli insan çox az olub. 1913-cü ildə Bakıda keçirilən əhalinin siyahıya alınması zamanı cəmi 44 nəfər azərbaycanlının ali təhsilə malik, onun da cəmi 4-nün qadın olduğu məlum olub. Elə bu səbəbdəndir ki, Azərbaycanda ali məktəblərin yaranması, cəmiyyətin maariflənməsi, cəmiyyətin ziyalı təbəqəsinin, düşünən təbəqəsinin, aparıcı təbəqəsinin ali təhsil alması məsələsi  cəmiyyəti maraqlandıran məsələlərdir.
 
Azərbaycanda Azərbaycan adı ilə ilk ali məktəb 1919-cu ildə yaradılan Azərbaycan (Bakı) Dövlət Universiteti hesab edilir. Ancaq əslində ona qədər də ali təhsil strukturu olub.1888-ci ildə Bakıda Bakı Politexnik Məktəbi yaradılıb və orada müxtəlif texniki sənət tipləri öyrədilib. Həmin Bakı Politexnik Məktəbi 1917-ci ildə fəaliyyətini dayandırır, 1921-ci ildə isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı sərəncamla Bakı Politexnik Məktəbinin bazasında Azərbaycan Politexnik İnstitutu yaradılır. Beləliklə, Azərbaycanda ali təhsilin kökləri artıq 19-cu əsrin ortalarına gedib çıxır. Sovet dövründə Azərbaycanda çox sayda ali məktəblər yaradılıb.
 
Bu, ilk növbədə Azərbaycanın sovetləşməsində, kollektivləşməsində, Azərbaycanın sənayeləşməsində kadrların təminatını məqsədini güdüb. Ancaq çox təəssüf ki, həmin dövrdə ali məktəblərin yaradılmasında əsas məqsəd sovet ideologiyasını yayacaq, onu qoruyacaq kadrların hazırlanması olub. Bu məsələdə kökündən dəyişiklik 1969-cu ildən sonra başlayıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda ali məktəblərdə təhsilin keyfiyyətinə çox böyük diqqət yetirilib. Heydər Əliyevin birinci siyasi hakimiyyəti dövründə Azərbaycanda 6 yeni ali məktəb açılıb. Həmin dövrdə adi bir orta məktəbin açılması üçün Moskvadan icazə almaq, maliyyəsini ayırtdırmaq lazım idi və Ulu öndər tərəfindən Azərbaycanda 6 universitetin açılması Azərbaycanda ali təhsilli şəxslərin sayının çox sayda artmasına səbəb olub.
 
Eyni zamanda, onun təşəbbüsü ilə hər il Azərbaycandan SSRİ-nin aparıcı universitetlərində təhsil almaq üçün çox sayda gənclər göndərilib. Əgər 1969-cu ildə Azərbaycandan SSRİ universitetlərinə cəmi 13 nəfər gənc göndərilmişdirsə, bunun cəmi 4-ü azərbaycanlı idisə, üstündən bir il keçəndən sonra, 1970-ci ildən başlayaraq, Azərbaycandan SSRİ universitetlərinə artıq ildə iki min nəfər gənc göndərilməyə başlanıb. Həmin gənclər bu gün Azərbaycanın idarəetməsində böyük rolu oynuyurlar. Həmin gənclər bu gün Azərbaycan ordusunun silahlı qüvvələrinin generalları, aparıcı şəxsləridir. Həmin gənclər bu gün Azərbaycanın düşünən beyinləri, Azərbaycanın taleyini həll edən şəxslərdir. Azərbaycanda ali təhsilin keyfiyyətinin artmasında, ali təhsilin tələblərinin Avropa təhsilinin tələblərinə cavab verməsində müstəqilliyimizi bətpa etdikdən sonrakı dövrdə böyük rol oynayıb.
 
Ötən əsrin 90-cı illərində Azərbaycanda çoxsaylı universitetlər yaranıb, birləşib, ləğv edilib, ancaq bununla belə, bütün bu proseslər sonda Azərbaycanda artıq oturuşmuş, diqqəti cəlb edən və dünya standartlarına yaxınlaşan bir universitet sisteminin yaranmasına səbəb olub. Hazırda Azərbaycanda 50-yə yaxın universitet var. Bunun 33-ü dövlət universitetidir, 10-u özəl universitetdir, 3 ali məktəb isə xüsusi təyinatlı məktəbdir. Bundan başqa, Azərbaycanda iki xarici universitet – Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Moskvada birinci Tibb Universitetinin filialları da fəaliyyət göstərir. Azərbaycan dünyaya inteqrasiya olunduğuna, Azərbaycan açıq sərhədləri olan bir ölkə olduğuna görə, bizim çox sayda gənclərimiz bu gün dünyanın aparıcı universitetlərində təhsil alırlar və həmin gənclərin bir qismi həmin ölkələrin universitetlərdə qalır, biz onların uğurları barəsində eşidirik.
 
Onların tanınmış alim olması barədə məlumatlar gəlir və həmin şəxslərin müəyyən bir qismi bu gün, baxmayaraq ki, xarici ölkə vətəndaşlarıdır, xarici ölkənin aparıcı universitetlərində dərs deyirlər, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri də seçiliblər. Azərbaycan ali təhsili tarixə, böyük tarixə, zəngin həyata malikdir. Bu gün Azərbaycanda müstəqil dövlətin tələblərinə uyğun olaraq, demək olar ki, bütün ixtisaslar üzrə ali təhsil verən ali məktəblərimiz var. Universitetlərimizin böyük əksəriyyəti dünya universitetləri ilə əməkdaşlıq edir, xarici ali məktəb müəllimlərini Azərbaycanda dərs deməsi üçün də dəvət edirlər.
 
Həmçinin proqramları xarici ölkə universitetlərinin proqramlarına yaxınlaşdırırlar. Bir çox universitetlərimiz bu gün ikili diplom sistemi ilə işləyirlər. Onlar həm öz universitetlərinin, həm də müqavilə əsasında dünyanın aparıcı universitetlərinin diplomlarını təqdim edirlər. Bunun özü göstərir ki, Azərbaycanda ali təhsilin keyfiyyətinin artırılmasına çox böyük diqqət verilir. Bu məsələdə Azərbaycan dövlətinin də böyük bir diqqəti var. Yaranan yeni universitetlərə dövlət dəstəyi var. Onların tanınması, dünya reytinqində yer tutması üçün böyük fəaliyyət göstərilir.
 
Ən əsası isə bu gün universitetlərimiz təkcə paytaxtda deyil, eyni zamanda, regionlarda da fəaliyyət göstərir və region universitetlərimizin səviyyəsi də paytaxt universitetlərinin səviyyəsinə qalxmaqdadır. Mən deyərdim ki, bu gün Azərbaycan universitetinin məzunları əsasən dünya standartlarına cavab verir. Məzunlarımız çox uğurla dünyanın aparıcı universitetlərinin magistraturasına, eyni zamanda, digər ali təhsil səviyyələrinə daxil olurlar. Böyük uğurlar qazanırlar və onların xoş sədasını eşitmək də, əlbəttə ki, maraqlıdır.
 
Azərbaycanda bu gün 160 min tələbə var və bunun yeddi mini xarici ölkə vətəndaşıdır. Mən bu məsələyə xüsusi toxunmaq istəyirəm. Hesab edirəm ki, bizim universitetlərin yüksək kateqoriyaya malik olması üçün bütün şansları var. Amma mən bəzi təkliflərimi verərdim ki, bunlar sayəsində biz universitetlərimizin dünya səviyyəsində tanınmasına daha çox nail ola bilərik”.
 
Millət vəkilinin birinci təklif ondan ibarətdir ki, ali məktəblərin yataqxana məsələsinə dövlət tərəfindən böyük bir qayğı göstərilməlidir:
 
“Bir Dövlət Proqramı olmalıdır. Çox təəssüf ki, universitetlərimizin böyük əksəriyyətinin yataqxanası yoxdur. Ya yataqxanalar bu gün arzuolunan səviyyədə deyil və yaxud da, təyinatı üzrə istifadə edilmir. Bu baxımdan, dövlət tərəfindən dəstək verilməklə biz yataqxana sistemini yarada və xaricdən çox sayda tələbələr Azərbaycana cəlb edə bilərik. Məsələn, mənim bitirdiyim Memarlıq və İnşaat Universitetində 700 nəfər xarici tələbə təhsil alır.
 
Bu, Azərbaycandakı xarici tələbələrin on faizini təşkil edir. Bu, hələ universitetin yataqxanasının olmadığı bir şəraitdə yaşanır. Yataqxanalar olduqda isə biz universitetlərimizi dünyada daha çox tanıda bilərik. Bu gün dünya universitet reytinqinin birinci min siyahısında Azərbaycandan iki universitet – bir Bakı Dövlət Universiteti, bir də Xəzər Universiteti öz yerini tutub. Amma həmin reytinqdə biz irəliləmək üçün böyük imkanlarımız var”.
 
A. Mirzəzadənin sonra qeyd etdiyinə görə, dünya reytinqinə düşməyin bir çox şərtləri var. Həmin şərtlərdən biri də universitet müəllimlərinin öz elmi məqalələrinin aparıcı dünya elmi jurnallarında çap etdirməsidir.
 
“Bu istiqamətdə işlər görülür. Milli Elmlər Akademiyası tərəfindən bu istiqamətdə işlər görülür. Universitetlər tərəfindən bu məsələlərdə böyük fəaliyyət aparılır. Amma mən hesab edirəm ki, bu istiqamətdə işləri gücləndirmək lazımdır.
 
İlk növbədə fikrimcə, hər bir universitetdə rektorun ya müşaviri, ya prorektor səviyyəsində vəzifə olmalıdır ki, onun işi ancaq və ancaq universitet müəllimlərinin xarici, aparıcı elmi jurnallarda məqalələrinin çap olunmasına dəstək versin və bu işi təşkil etsin.
 
Yəni, universitetlərimizin dünya reytinqinə irəliləməsi üçün vacib şərtlərdən biri elmi məqalələrin xaricdə çap olunması, yataqxanaların olması və həmçinin elmi kəşflərinin, ixtiralarının dünya səviyyəsinə çatdırılması məsələsidir…”-deyə, A. Mirzəzadə sonda vurğulayıb. (etikxeber.az)