Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-29 12:16:00
Azərbaycanlı filosof: “İnsan elm üçün ən axırıncı yerdədir”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəlsəfə kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadənin Oxu.Az-a müsahibəsi:

- Leyla xanım, XXI əsrdə fəlsəfə lazımdırmı?

 - Fəlsəfə hər zaman, XXI əsrdə xüsusilə lazımdır. Hazırda insanlar real aləmdən daha çox virtual aləmdə yaşayırlar. Şəxsiyyətin haçalanması gedir. İnsanın özünü tapmaq, həyatdakı yerini bilmək məsələləri daha da çətinləşib. Ona görə fəlsəfə elm kimi olmasa da, dünyagörüşü kimi hər zaman lazımdır. 

- Elm və fəlsəfə dilemması kontekstində müqayisə aparmağınızı istərdik. Elm konkret təcrübələrə söykənir, fəlsəfə isə yox. Tarixən fəlsəfə elmin cavab tapa bilmədiyi bəzi məsələlərə aydınlıq gətirməyə çalışıb. XXI əsrdə də fəlsəfə eyni metodologiya ilə gedir, yoxsa müasir fəlsəfənin özünün fəlsəfəsi dəyişib?

- Elmin axtardığı faktlardır. Elm daha çox quru həqiqətləri sevir. Elm üçün heç bir dəyər məfhumu yoxdur. Elm üçün birinci yerdə əldə edə biləcəyi faktlar dayanır. Elm adi bir nailiyyəti üçün milyonlarla insanı qurban verməyə hazırdır. İnsanın ayrılmaz parçası olan əxlaq, dəyər elmdə öz mütləqliyini itirir. Elm üçün insan, bəlkə də, ən axırıncı yerdədir.

Fəlsəfə isə əxlaq, dəyər məsələlərində elmdən daha çox dinin tərəfindədir. Çünki insan fəlsəfə üçün böyük dəyər kəsb edir. Bu səbəbdən elmin mürəkkəbləşdiyi dövrdə fəlsəfəyə ehtiyac daha da çoxalır. Fəlsəfə insanın emosiyalarını, duyğularını, dəyərlərini – hər şeyi nəzərə almağa çalışır.

Metodologiyaya gəlincə, fəlsəfə bütün elmlər üçün metod rolunu oynayır. Fəlsəfənin metodları o qədər universal xarakter daşıyır ki, onu konkret nələrəsə adaptasiya etməyə ehtiyac yoxdur. Elm özü də fəlsəfənin metodologiyasına uyğunlaşmağa məcbur qalır.

- Fəlsəfə insanın mahiyyətini tam aça bilirmi?

- Əslində, insan fəlsəfənin mərkəzi mövzularından biridir. Fəlsəfənin tarixi elə insanlığın tarixi ilə başlayır. İnsanlığın problem kimi fəlsəfədə qoyuluşu isə Sokratdan başlayır.

Sokratdan bu günə qədər fəlsəfə antropologiya səviyyəsinə qədər insanı öyrənən bilik sahəsi kimi formalaşıb. Fəlsəfə istənilən idrak obyektinə ən ümumi kontekstdən baxmağı bacarır. Buna görə də insana yanaşmada da fəlsəfənin mövqeyi hamısından üstündür. Fəlsəfədə "insan kimdir" deyə çox suallar qoyulub. Elm üçün insan, sadəcə, bioloji varlıqdır.

- Nitsşenin fəlsəfəsi insanlığı aşağılayırmı?

- Nitsşe özünəməxsus filosof olub. Onun fəlsəfəsini anlamaq üçün ən azından fəlsəfədən fundamental biliklərə malik olmaq lazımdır. Nitsşe özünün fövqəlbəşər obrazını yaradıb. Onun fövqəlbəşər obrazı çoxlu mübahisələrə yol açıb. Buna görə də Nitsşeni sevənlər də var, ona nifrət edənlər də.

Onun "Zərdüşt belə deyirdi" əsərində fövqəlbəşər kimi Zərdüşt peyğəmbəri seçməyi də təsadüfi deyil. Siz düşünmüsünüzmü ki, niyə bir xristian filosof İsa peyğəmbəri deyil, Zərdüşt peyğəmbəri fövqəlbəşər kimi seçib? Şərq insanının düşüncəsi, Zərdüştilikdəki xeyir düşüncə, xeyir söz, xeyir əməl prinsipi monoteist dinlərin özündə də qorunub-saxlanılır.

Nitsşenin insanlara nifrəti yox idi. Sadəcə olaraq, daxili təlatümlərini, özünüdərk prosesini qələmə alırdı. Çox güman ki, Nitsşe sufizmdən də bəhrələnmişdi.

Digər bir məsələ budur ki, Nitsşe fövqəlbəşəri heç də müsbət kimi qiymətləndirmir. Ona bəzən "sarı cüvəllağı" da deyir. O göstərirdi ki, özünü dərk edən insan Tanrının ekvivalentidir. Bu mənada, düşünmürəm ki, Nitsşe insanlığı, insanları aşağılayıb.

- "Filankəs filosofdur, dəli kimidir" deyə fikirlər səslənir. Bu mənada, insanların fəlsəfəyə münasibətini necə qiymətləndirirsiniz?

- Fəlsəfəni elm çərçivəsinə salmağın özü belə onun hüdudlarını məhdudlaşdırmaq deməkdir. "Fəlsəfə nədir" sualını versək, görərik ki, qədim yunan filosofları onu həqiqət axtarışı prosesi kimi qiymətləndiriblər. Bəs fəlsəfə bizə nə verir?

Fəlsəfə bizə düşünməyi, daha dəqiq desək, azad düşünməyi və düşündürməyi öyrədir. Tələbələrimə həmişə "həyatınızda bircə dəfə də olsa, niyə var olduğunuz və niyə öləcəyiniz barədə düşünmüsünüzsə, deməli, artıq filosofluq etmisiniz" deyirəm. Filosofluq qazanılan bir məqam deyil. Təcrübə göstərir ki, ən güclü filosoflar heç də fəlsəfə ixtisasını ən dərin səviyyədə öyrənənlər deyil. Fəlsəfə özünü düşünmək, sərhədləri dağıda bilmək baxımından hər bir insana lazımdır. Filosofa “ateistsiniz, yoxsa dindar” sualının verilməsi artıq onu çərçivəyə salmaq deməkdir.

Feyerbax özü haqqında deyirdi ki, aşağıdan materialistdir, yuxarıdan isə idealist. Yəni təbiətdəki proseslərə materialist nöqteyi-nəzərindən yanaşırdı. İnsana, onun həyat tərzinə, dünyaya baxışına gəldikdə isə materializm çərçivəsi dağılırdı. O, mövcud dinləri ləğv edib əvəzində məhəbbət dininin yaradılmasının tərəfdarı idi.

- Filosof fəlsəfəni yaxşı bilib təhlil edəndir, yoxsa yeni fəlsəfi ideyalarla çıxış edən?

- Fəlsəfə tarixindən danışmaq, fəlsəfəni yaxşı bilmək hələ filosofluq demək deyil. Amma fəlsəfə tarixini araşdıraraq, filosofların yanaşmasına öz mövqeyi olan insanlara filosof kimi baxa bilərik. Filosof müstəqil, sərbəst, təsir altında olmadan düşünə bilən, zamanın bağrını dəlib keçmiş və gələcəyə boylanan insandır. Bu da oxumaqla olmur. Filosof doğulurlar. Burada genetik faktorlar çox önəm daşıyır.

Filosof özünün gələcək müqəddəratını düşünmədən, yeri gələndə milyonlarla insanın cəmləşdiyi bir kütləyə əks fikir söyləmək gücündə olan şəxsdir.

Hegelin çox gözəl bir ifadəsi var. Deyir: "Boz nadanlıq həmişə dühanı əzib". Dahilər çox vaxt kütlənin fitvasına qurban gediblər. Amma tarixdə də həmin dahilər qalıblar. Kütlə onun qəhrəmanlarına, dəyərlərinə toxunmağı sevmir. Filosof bu məsələdə ehtiyatlı davranırsa, öz işini düşünürsə, o zaman bu dırnaqarası filosofdur. Filosof qorxunun sərhədini aşa biləndir. Alber Kamyu deyirdi ki, fəlsəfənin əsas məsələsi ölüm, intihar məsələsini araşdırmaqdır. Filosofların qorxuları da kütlənin qorxularından fərqli olmalıdır.

- Filosof kimi sizin qorxunuz nədir?

- Filosof kimi məni ən çox qorxudan şey bəşəriyyətin öz-özünü məhv etməsidir. Biz filosoflar bəşəriyyətin öz-özünü məhv etməsini çox gözəl görür və dərk edirik. Biz dəyərlərə daha çox söykənsək, bəşəriyyəti xilas edə bilərik. Digər tərəfdən, düşünürsən ki, məhv olmağın özü də zəruri bir prosesdir – daha mükəmməl yaradılış, təkamül üçün.

Filosof məsələlərə səbəb-nəticə əlaqələri prizmasından baxır. Qorxularımız da bunun qarşısını ala bilmir. Filosofun ən böyük qorxusu qeyri-müəyyənlikdir. Buna görə də filosof qeyri-müəyyənliyə işıq salmaq, hayqırtı ilə bunu insanlara çatdırmaq istəyir.

- Dünyanın məhvə doğru getməsində insan amilinin də rolu var. Bəs insanların əksəriyyəti, fəlsəfə aşiqi olsa, bəşəriyyətin məhvi gecikə və yaxud ümumiyyətlə olmaya bilərmi?

 - Biz bu məsələdə insanlara dəqiq formul verə bilmirik ki, hansı fəlsəfəni seçsinlər və nəticədə, bəşəriyyəti qoruyaq. Fəlsəfi fikir tarixində elə filosoflar olub ki, onlar qəhrəmanlıq, vətənpərvərlik fəlsəfəsini alt-üst ediblər. İndi sual olunur: Hansını seçək?

Hər dövrün filosofu bəşəri qorumağa çalışmalıdır. Amma bir filosofun fikri hamı üçün mütləq ola bilməz.

Bir şey həqiqətdir ki, mövcud, dini və elmi biliklərdən başqa, şübhələnməyi də bacaran insan özünü qorumaq istədiyi üçün avtomatik bəşəriyyəti də qorumaq istəyəcək.

- Hansısa manyak silsilə şəkildə insanları qətlə yetirir, bu, onun həqiqətidir. Kimsə kiməsə yaxşılıq edir ki, bu da həmin şəxsin həqiqət anlayışıdır. Bu dilemmalar içərisində həqiqəti necə axtaraq?

- Fəlsəfədə həqiqət problemi idrak nəzəriyyəsinin ayrılmaz hissəsidir. Həqiqətə sadə tərif verəsi olsaq, görərik ki, reallığa uyğun biliklərdən söhbət gedir. Sizin sadaladıqlarınız isə nisbi həqiqətlərdir. Biz bəşəriyyətin taleyini subyektiv həqiqətlərin əlinə buraxa bilmərik. Amma əks olaraq deyə bilərsiniz ki, yaradılmış dəyərlərin də müəllifi var.

Çoxluğun bu dəyərlərə tabe olması onu göstərir ki, həmin dəyərləri yaradan daha güclü azlıq var. Yəni dəyəri çoxluq yaratmır. Siyasi, fiziki, mənəvi nöqteyi-nəzərdən güclü olanlar dəyər yaradır. Çoxluq isə ona tabe olur.

Xeyir-şər dilemması cəmiyyətin həyatının istənilən sferasında özünü büruzə verir. Fizikada qaranlıq işığın olmaması kimi izah edilir. Fəlsəfə tarixində də var ki, şər xeyirin olmamasıdır.

- Müasir dövrdə xeyir üstünlük qazanıb, yoxsa şər?

- Hansının daha üstün olduğunu demək mümkün deyil. Çünki xeyir olan yerdə mütləq şər də var. Sən birinə görə xeyirli, faydalı insan ola bilərsən. Digərinə görə isə sənin eyni davranışın şər kimi qiymətləndirilə bilər. Bu, bütün dəyərlərə nisbətdə belədir.

Küçədən istənilən adamdan soruşsanız, şərin çox olduğunu deyər. Çünki şər daha tez nəzərə çarpır. Məsələnin görünən tərəfi həmişə şərdir.

Dünyadakı kataklizmlər, cinayətkarlığın səviyyəsinin artması bir daha həyəcan təbili çalır ki, cəmiyyətdə fəlsəfi, müdrik yanaşma çatışmır. İnsanları bir balaca sakitləşdirmək üçün müəyyən tədbirlər görülməlidir, psixoloqlar işləməlidir. Yeri gəlmişkən, psixologiya vaxtı ilə fəlsəfənin bir sahəsi olub. İndi insanın fərddən şəxsiyyətə keçid məsələsini psixologiya mənimsəyib.

Biz isə nəticə etibarilə görürük ki, Azərbaycanda psixoloqlar öz ciblərini, maddi təminatlarını düşünürlər. Toplum üçün nə edirlər?

- Ən azından mətbuata çıxırlar, problemlərdən çıxış yollarını göstərirlər. Bu, yetərli deyil?

- Bir balaca savadı olan adam internetdə araşdırma aparmaqla çıxış yollarını göstərə bilər. Konkret məsələlərin həllinə gəlincə, məsələ fərqlidir. Hansı psixoloq fədakarlıq edib pulsuz şəkildə problemləri həll edir? Əslində, maddi məsələlərdə onları qınamalı da deyilik. Çünki onların da ailəsi var, maddi təminatları önəmlidir.

- Tarix boyu insanlar həqiqət axtarışında olublar. Həqiqəti tapmışıqmı?

- XXI əsrin fəlsəfəsi həqiqət axtarışında deyil. Həqiqət axtarışını ən gözəl izah edən Konfutsi olub. O deyirdi: "Fəlsəfənin həqiqət axtarışı zülmət qaranlıq otaqda qara pişiyi axtarmağa bənzəyir. Əgər o pişik həmin otaqdadırsa". XXI əsr filosofunun məqsədi isə həqiqət axtarmaq deyil. Dinlərə görə, bu həqiqət bəllidir.

Fəlsəfə isə bunu məhdudlaşdırmağın tərəfdarı deyil. Hegelin həqiqət anlayışı mütləq ideya idi. Mütləq ideya isə Tanrı ekvivalentində olan bir substansiya idi. Kantın nomenlər dünyası da Tanrıya ekvivalent idi. Fəlsəfədə həqiqət anlayışı daha genişdir. Fəlsəfənin həqiqəti heç bir dinin çərçivəsinə sığmayacaq qədər mükəmməl bir başlanğıcdır.