Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-28 11:54:00
Ölkə ərazisində tanınan xarici ali təhsil müəssisələrinin siyahısını necə əldə etmək mümkündür?-Cavab  

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.

Xatırladaq ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən dayandırılıb və avqustun 31-dək müvəqqəti olaraq davam edəcək.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

AzEdu.az xaricdə təhsil alan gənclərin nostrifikasiya prosedurları haqqında ən çox verilən suala cavabı təqdim edir:

Təhsil Nazirliyi tərəfindən ölkə ərazisində tanınan xarici ali təhsil müəssisələrinin siyahısını necə əldə etmək mümkündür?

-Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Xarici ali təhsil ixtisaslarının nostrifikasiyasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etməyiniz zəruridir. Yalnız belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq ekspertiza keçirilərək həmin diplom üzrə aldığınız ali təhsil ixtisasının ölkə ərazisində tanınıb-tanınmaması barədə qərar qəbul olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verə  bilərsiniz.

Günel Yaşarqızı
Müəllifin digər yazıları