XƏBƏRLƏR

28.08.2019 10:45
Direktorluğa namizədlər: “Məktəbi idarə etmək təkcə direktorun işi deyil” – Müsahibə mərhələsindən REPORTAJ  

Avqustun 23-də direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi baş tutub. Bu mərhələdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva özü də müsahibə komisyasında iştirak edib.

Müsahibədə namizədlər ilk olaraq özləri haqda məlumat verir, daha sonra onlara məktəbin idarə olunması, qanunvericiliklə bağlı verilən sualları cavablandırırlar.

AzEdu.az müsahibə mərhələsində iştirak edərək namizədlərlə həmsöhbət olub.

“Direktor məktəbə öz evi kimi yanaşmalıdır”

İlk həmsöhbətimiz Ülviyyə Hacıyeva oldu. Uzun illərdir ibtidai sinif müəllimi çalışan Ülviyyə xanım açıqlamasında direktor olduqdan sonra görəcəyi işlər haqda məlumat verdi:

“Goranboy rayonu, Dəyirmanlar kənd tam orta məktəbində ibtidai sinif müəllimi çalışıram. Direktorların işə qəbulu üzrə müsabiqədə ötənilki iştirakımda imtahandan keçsəm də, müsahibə mərhələsindən keçə bilməmişdim. Bu il isə, daha yaxşı hazırlaşdığım üçün özümə, uğur qazanacağıma inanıram. Ümumilikdə isə, direktorların işə qəbulu müsabiqəsini yüksək qiymətləndirirəm. Bir az hazırlaşmaq yaxşı nəticə göstərmək üçün kifayət elədi.

Məncə hər müəllim direktor olmağı arzulamalıdır. Çünki irəli getmək, inkişaf etmək lazımdır. Direktor olmaq üçün lazımlı ünsiyyət bacarığı, səbir, təmkin kimi xüsusiyyətlərin özümdə olduğuna inandığım üçün bu müsabiqədə iştirak etdim.

Direktor məktəbə evi kimi yanaşmalı, iş vaxtı bitdikdə binanı ən son o tərk etməlidir. Öz ailəsinə göstərdiyi qayğını, müəllim və şagirdlərə də göstərməlidir. İlk olaraq, müəllim işlədiyini nəzərə alaraq, hər fəaliyyətində özünü onun yerinə qoymalıdır.

Bu gün müəllimin nüfuzu təəssüflər olsun ki, arzu olunan səviyyədə deyil. Direktor ilk olaraq, həmin nüfuzu yuxarı qaldırmaq uğrunda çalışmalıdır. Yüksək fəaliyyət göstərən müəllimlərə stimul verici təşəkkürnamə, təltifnamələr versək, onların işinə olan həvəsini də artırmaq olar.

Bundan əlavə, şagirdlər arasında da bilik yarışları, fənn həftələri təşkil etmək olar. Mən öz sinfimizdə belə yarışlar təşkil edirəm. Direktor olduqdan sonra isə bütün məktəbdə tətbiq etməyi düşünürəm. Beləcə, uşaqların dərsə həvəsini artıra bilərik. Bilik yarışları ilə yanaşı, şagirdlərin potensialını aşkara çıxarmaq üçün müəllimlərlə birgə işləmək lazımdır. Bu baxımdan onların bacarıqlarını nümayiş etdirə biləcəkləri rəsm sərgiləri, idman yarışları keçirmək olar.

Direktor olaraq, ilk görəcəyim iş nizam-intizamın təşkili, məktəbdə konfliktlərdən uzaq sakit abu-hava yaratmaq, müəllim və şagirdlərin dərsə davamiyyətini təşkil etməkdən ibarətdir.

Bu gün şagirdlə direktor arasında təəssüf ki uçurum yaranıb. Məncə, direktor məktəbdəki bütün müəllim və şagirdlər bir-bir tanımalı, onun haqqında fikir sahibi olmalıdır”.

Ülviyyə xanımla sağollaşdıqdan sonra, növbəti namizəd Əkbər Maliklidən də təəssüratlarını öyrəndik. O hesab edir ki, məktəbi idarə etmək təkcə direktorun işi deyil.

İki ildir ki direktor əvəzi çalışan həmsöhbətimiz bu müddət ərzində rastlaşdığı maraqlı hadisələri də bizimlə bölüşdü:

“2012-ci ildən Goranboy rayonunda  fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı fənnini tədris etmişəm. 2017-ci ildən etibarən Qarasuçu kənd tam orta məktəbində direktor əvəzi çalışıram.

Direktorların işə qəbulu üzrə müsabiqədə bu il ikinci iştirakımdı. Ötən il test imtahanından keçsəm də, müsahibə mərhələsində yaxşı  nəticə əldə edə bilmədim. Müsabiqədə iştirak etdiyim hər iki ildə, istər test imtahanı, istərsə də müsahibə mərhələsində namizədlər üçün şəffaf mühit yaradılıb.

Direktor əvəzi çalışdığım iki il ərzində məktəbdə bacardığım qədər nizam-intizamı qorumağa, nailiyyətlərimizin çox olmasına çalışırdım. 2017-2018-ci tədris ilində 8 məzundan ali məktəbə hazırlaşan 2 şagirdin hər biri imtahandan uğurla keçiblər. Bu il də məktəbi bitirən 7 məzundan universitetə hazırlaşan 2-si də uğurlu nəticə əldə etdilər.

Məncə, direktor daim öz üzərində çalışmalı, rəhbərlik etdiyi kollektivdə, şagirdlər arasında təhsilə marağı artırmalıdr. Məktəbi idarə etmək təkcə direktorun işi deyil. Bu işdə ona müavinlər, psixoloq, hərbi rəhbər və digər müəllimlər dəstək durmalı, bir yumruq olaraq təhsilin inkişafına çalışmalıdırlar.

Direktor əvəzi çalışdığım müddətdə əsasən, valideyn – şagird - məktəb üçbucağının tamlığı üçün əlimdən gələni edirdim. Bu istiqamətdə, valideynlərin iştirakı ilə bilik yarışları təşkil edib, fərqlənən şagirdlərə diplomlar verirdik. Yarışlar zamanı, belə bir maraqlı hadisə də yaşanmışdı. Belə ki, VII sinifdəki 12 şagird arasında bilik yarışı keçirdik. Qalib şagirdi tərifnamə ilə təltif edərkən onun  sinif yoldaşı gələcək yarışda qalib olacağı haqda söz verdi. Növbəti yarışda həmin şagird sözünü tutdu və tərifnaməni qazandı”.

Sonuncu həmsöhbətimiz isə Taleh Mahmudov oldu.

Taleh Mahmudov hesab edir ki, müsabiqənin hər iki mərhələsindən uğurla keçib.

“...Çünki müsahibənin sonunda məni təbrik edərək uğurlar arzuladılar”.

T.Mahmudov artıq iki ildir Goranboy rayonu Qırıqlı kənd tam orta məktəbində direktor əvəzi çalışır. O bildirir ki, ötən illə müqayisədə bu il öz üzərində daha çox çalışıb:

“Mənə görə, direktor  bilikli olmalı, davranışlarının hər birinə fikir verməlidir. Kollektivi müəllim kimi formalaşdırmalı, şagirdlərə isə şagird olduqlarını hiss etdirməlidir. Yəni təlimin bütün metodlarından istifadə edərək, şagird-valideyn-məktəb münasibətlərini normada saxlamalıdır. Məktəbdə psixoloqlara dəstək  vermək də vacib məsələlərdən hesab olunur. Direktor əvəzi çalışdığım müddətdə hər ay valideyn iclası təşkil edirəm. Bu iclaslarda psixoloq və təşkilatçı müavinin iştirakını təmin edirəm”.

İlin gənc müəllimi-Müraciət formu