Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-27 16:58:34
Nəticələri 100 faiz olan Gəncə məktəbləri - Onları siz də tanıyın

2018-2019-cu tədris ili üçün Gəncə şəhər ümumtəhsil məktəblərinin məzunları uğurlu nəticələri ilə yeni dərs ilinə başlayacaqlar. Onlar artıq tələbə həyatına qədəm qoyurlar.

Bu il Gəncə şəhəri üzrə ali məktəblərə qəbul olunmaq üçün sənəd verən 2336 nəfər məzundan 2023 nəfəri imtahanda iştirak edib. Onlardan 1178 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunublar.

Bundan əlavə, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin XI sinfini bitirən məzunlar qəbul imtahanlarında 100 faiz nəticə göstəriblər. Belə ki, məktəbin XI sinfinin 41 nəfər məzunun hər biri tələbə adını qazanıblar.

AzEdu.az əməkdaşı Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin direktoru, sinif rəhbərləri və şagirdləri ilə əlaqə saxlayaraq onların təəssüratlarını öyrənib.

Məktəbin direktoru Kəmalə İsgəndərova şagirdlərinin göstərdiyi yüksək nəticədən dolayı çox sevincli olduğunu qeyd edib:

“Məktəbimizdə 2010-2011-ci tədris ilindən etibarən  xüsusi istedadları ilə seçilən şagirdlərdən ibarət lisey sinifləri fəaliyyət göstərir. Artıq 3 ildir ki, həmin sinifləri bitirən şagirdlər 100 faizlik bir nəticə ilə ali məktəbə qəbul olurlar.

Bu il də 41 nəfər şagirdimiz həmin sinifləri bitirərək ali məktəblərə qəbul olunub. Onlardan 38-i azərbaycan universitetləri, 3 nəfəri isə xarici ali təhsil müəssisələrində təhsil hüququ qazanıblar.

41 nəfərdən 11-i məktəbi fərqlənmə attestatı  ilə bitiriblər. 10 nəfər şagird 600-dən yuxarı bal toplayıb.

2 nəfər Polis Akademiyasına, 2 nəfər daxili Qoşunların Akademiyasına, 7 nəfər isə Azərbaycan Tibb Universitetinin  Müalicə işi fakültəsinə qəbul olunub.

Əfsuslar olsun ki, bu il qızıl medalımız olmadı. Lakin keçən il 2 qızıl medal və 2 prezident təqaüdçümüz olub. Bu il şagirdlərimiz diqqətlərini olimpiadaya yönəldiblər. Ali məktəblərə qəbul olunan şagirdlərimizin hamısı layiqli uşaqlardı.Onlar müxtəlif illərdə ölkəmizi bilik yarışmalarında təmsil ediblər”.

Azərbaycan dili və ədəbiyyat müəllimi Nazim Həsənov  sinif rəhbəridir. O qeyd edir ki, bütün şagirdlərinin ali məktəbə qəbul olunmasından dolayı olduqca sevinclidir:

“Mən VII sinifdən həmin şagirdlərin sinif rəhbəriyəm. Müəllim və valideyn arasında əlaqə güclü olanda nəticə də ürəkaçan olur. Mən müntəzəm olaraq valideynlərlə ünsiyyətdə olurdum.

21 nəfər şagirddən 18 nəfəri əlaçı olub. Onlardan 9 nəfəri fərqlənmə attestatı alıblar. Ali məktəbə qəbul olunan tələbələrin hamısı dövlət sifarişli təhsil alacaqlar.

Nəticələrimiz demək olar ki, yüz faizdir. Mən həm şagirdlərə, həm də onların valideynlərinə təşəkkürümü bildirirəm”.

27 nömrəli məktəb-liseyin XIsinfinin rəhbəri  və rus dili müəlliməsi Məmmədzadə Züleyxa da şagirdlərinin uğurundan olduqca sevincli olduğunu qeyd edib:

“5-ci sinifdən həmin sinifə rəhbərlik edirəm.Müxtəlif məktəblərdən olan şagirdlərimiz birləşərək sinif formalaşdırıblar .Həmin sinif müxtəlif naliyyətlərlə  irəllədi və nəticə olaraq hamı ali məktəbə daxil oldu.Şagirdlərdən ikisi 600-dən yuxarı, ikisi isə 500-dən yuxarı bal toplayb”.

“Müəllimlərimizin peşəkar olmağı uğur əldə etməyimizdə böyük rol oynayıb”.

Həmin məktəbin şagirdi Həsənova Könül 652 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olunub. Könül bildirir ki, sinif uşaqları arasında hər zaman sağlam rəqabət olub:

“5-ci sinifdə oxuyarkən imtahan əsasında bu məktəbə və istedadlar liseyinə daxil oldum.Qəbul olan uşaqlar Gəncənin ən yaxşı oxuyan şagirdləri idi. Həmişə oxumaqla bağlı aramızda rəqabət olub.

Müəllimlərimizin peşəkar olmağı uğur əldə etməyimizdə böyük rol oynayıb. Dərslərimizi  kurikulum əsasında keçirdik. Proyektorlar və elektron lövhələr dərs prosesimizə yardımçı olurdu. Açıq və elektron dərslər keçirdik.Məktəbimiz bizim  təhsil almağımız üçün hər şeyi edirdi.

Sinifimizdə həm rəqabət var idi, həm də dostluq əlaqələri.

Əldə etdiyim uğurlar barədə onu deyə bilərəm ki, informatika olimpiadasında iştirak edərək ikinciliyi qazanmışam. Üstəlik, 8-ci sinifdə biologiya fənni üzrə keçirilən olimpiada da respublika birinciliyinə layiq görülmüşəm”.

Hüseynova Həcər də sinif yoldaşı kimi Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olunub. O, ali təhsil müəssisəölərinə qəbul imtahanlarında 664 bal toplayıb:

“İmtahana intensiv hazırlaşmağa 10-cu sinifdən başladım. 9-cu sinifdə isə eyni qurupa hazırlaşan uşaqlarla mübadilələr edirdik.

Eyni ixtisas qrupuna hazırlaşan şagirdlər arasında rəqabət güclü idi. Bizim sinifdə 10 uşaq Tibb Universitetinə hazırlaşırdı. Hazırlıq müddətində çətinliyimiz olanda həmişə bir-birimizə köməklik etmişik. Biz həm fərdi, həm də kollektiv şəkildə hazırlaşırdıq.

Birinci imtahanda 610 bal, ikincidə isə 664 bal topladım. Sinif yoldaşlarımın çoxu da yüksək nəticə əldə etdilər. Uşaqların bilik səviyyəsinin yaxşı olması imtahan nəticələrinə də təsir edib.

Aşağı siniflərdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə respublika fənn olimpiadasında iştirak etmişəm”.

Məmmədova Gülnur da 612 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olunub. Onun arzusu həkim olmaq olub. Məhz buna görə 4-cü ixtisas qrupuna hazırlaşaraq imtahan verib.  Birinci imtahanda 590 bal toplayan Gülnur, ikinci imtahanda 612 bal toplayıb:

“Uşaqlıqdan müxtəlif müsabiqə və tədbirlərdə iştirak etmişəm. İnglis dili üzrə bilgim akademik səviyyədədir. 2017-ci ildə 9-cu sinifi bitirəndən sonra ABŞ-da təcrübə keçdim və universiteti orada oxumaq şansı əldə etdim.

2017-ci ildə Şamaxı şəhərində uşaq və qadınların hüquqlarının qorunması üzrə keçirilən 4-cü formda  bir uşaq olaraq öz hüquqlarımı müdafiə etmişəm.

Direktorumuz Kəmalə xanıma, müəllimlərimə və valideynlərimə minətdaram”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları