Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-27 09:00:00
“Kolleclərdə yalnız bu yönümlü ixtisaslar boş qalıb” – Ekspertdən həyəcan təbili

“Kolleclərin boş qalan yerlərinə müsabiqə zamanı 381 yerə qarşı təxminən 2000 nəfərə yaxın abituriyentin mübarizəyə qoşulacağı gözlənilir. Bu isə o deməkdir ki, II mərhələ daha gərgin olacaq və bu mərhələdə yüksək bal toplayanların şansı daha çoxdur”

Bu sözləri AzEduaz-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib. Onun sözlərinə görə, ümumi ayrılan 12.362 plan yerindən 11.981-i dolub:

“Cəmi 381 yer (3.67%) boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara, 106 yer isə qabiliyyət imtahanı tələb etməyən ixtisaslara aiddir. İlk mərhələdə 12.362 yerə qarşı 13.000-dən çox abituriyent müsabiqədə iştirak etdi və onlardan təxminən 1000 nəfərdən çoxu qəbul ola bilmədi.

II mərhələdə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul ola bilməyən abituriyentlər də iştirak edəcək. Bunları nəzərdə alanda 381 yerə qarşı təxminən 2000 nəfərə yaxın abituriyentin mübarizəyə qoşulacağı gözlənilir. Bu isə o deməkdir ki, II mərhələ daha gərgin olacaq və bu mərhələdə yüksək bal toplayan abituriyentlərin qəbul olma şansı var”.

Elçin Əfəndi qeyd edib ki, iqtisadi və informasiya yönümlü, eləcə də tibbi ixtisasların hamısı demək olar ki, dolub:

“Boş qalan yerlərin bir çoxu özəl kolleclərə və rus bölməsinə aiddir ki, bu ixtisasların da bir çoxu xüsusi qabiliyyət imtahanı tələb edir. 9 illikdən kolleclərə II mərhələ üzrə yerləşdirməyə də çox az sayda yer çıxarılacaq. Çünki ilk mərhələdə xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə 97.95% yer, qabiliyyət tələb edən ixtisaslar üzrə isə 80.45% plan yeri dolub. Ümumilikdə isə 94.99% yer dolub. Buradan da göründüyü kimi 5,01% plan yeri boş qalıb ki, onun da böyük əksəriyyəti xüsusi qabiliyyət tələb edən ixtisaslara aiddir.

9 illikdən kolleclərə müsabiqənin II mərhələsi də gərgin olacaq. Çünki ilk mərhələdə düzgün seçim etməyən çox sayda abituriyent müsabiqədən keçməyib".

Qeyd edək ki, bütün statistik rəqəmlər Dövlət İmtahan Mərkəzinin məlumatlarına əsaslanır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları