XƏBƏRLƏR

24.08.2019 17:40
Uşaqların arzularını yerinə yetirən “Xızır Baba”- Müsahibə

Vəfadar Babayev: “Yardım etdiyin şəxsin gözlərindəki sevinci görəndə, yaşadığın hiss nəyə desən dəyər” 

AzEdu.az "facebook”da "Xızır baba” yardım səhifəsinin yaradıcısı Vəfadar Babayevlə müsahibə təqdim edir:

 Uzun müddətdir ki, səhifəni izləyir və etdiyi yardımlardan xəbərdar idik. Son günlərdə isə məktəb ləvazimatlarına ehtiyacı olan uşaqlar üçün başlatdığı yardım kampaniyası hər kəsin marağına səbəb oldu. Belə ki, bir çox sosial media istifadəçisi ona dəstək olmaq üçün öz profillərində adını işarələyərək paylaşım edir və bu kampaniyaya daha çox şəxsi cəlb etməyə çalışır. Biz də onu daha yaxından tanımaq və dəstək olmaq üçün redaksiyamızda qonaq edib həmsöhbət olduq. Vəfadar Babayev 1991-ci ildə Kürdəmir rayonunda anadan olub. Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə alıb. Universitet illərindən Gənclərə Yarım Fondu ilə yolları birləşən Vəfədar bəyin həmin dövrdən insanlara, xüsusilə də uşaqlara yardım etmək istəyi yaranıb. Hərbi xidmətə gedib gəldikdən sonra həmin fondda işləməyə başlayıb. Başı işlərə qarışsa da, uşaqlara yardım etmək istəyindən dönməyib. Beləcə, yavaş-yavaş istəyinə doğru addımlayıb. Sosial şəbəkə də "Xızır baba” səhifəsini açıb.
 
 
- Necə oldu belə bir yardım səhifəsi açmaq qərarına gəldiniz?

- Gənclərə Yardım Fondunda işlədiyim dövrdən mən də kimlərəsə kömək etmək istəyirdim. Amma bunu hansı yolla edəcəyimi bilmirdim. Günümüzdə bir çox məsələni sosial şəbəkələr vasitəsilə həll etmək mümkün olur. Yəni etiraf etmək lazımdır ki, sosial media insanlara təsir gücünə malikdir və böyük əksəriyyət "Facebook” istifadəçisidir. Ona görə, düşündük ki, belə bir layihə üçün ən optimal variant sosial mediada səhifə açmaqdır. Sosial media üzərindən həm insanların bizə, həm də bizim insanlara çatmaq cəhdimiz daha asan olur. 
 
 
- Sizi sosial şəbəkədə "Xızır Baba” olaraq tanıyırıq. Maraqlıdır, nəyə görə bu adı seçdiniz? 

- Uzun müddət idi ki, bizdə də uşaqlara hədiyyə verən bir milli babaya ehtiyac olduğunu düşünürdüm. Qərbdə uşaqlara hədiyyələr verən Şaxta baba modeli var. Amma biz istədik ki, milli ad olsun. Ona görə Xızır baba adını seçdik. Xızır baba türk, islam coğrafiyasında insanlara yardım edən personajdır. Yəni mənəvi bir qaynağı var. Amma onu qeyd edim ki, ad seçimi bir az fərqli oldu. Səhifəni yaradan ərəfədə hələ ki, konkret ad seçimi yox idi. Yəni milli olmasını istəyirdik, amma dəqiq hansı ad olacağını bilmirdik. Bir dəfə "Facebook” da Bakıxan Abdullayev adlı şəxsin paylaşımını gördüm. Bakıxan bəy müəllimdir. Statusunda Xızır babadan danışılırdı. Yazdıqlarını oxuyanda axtardığım adın bu olduğunu anladım. Beləcə, səhifəmizin adını "Xızır baba” qoyduq. 
 
 
 
 
- Hiss olunur ki, yardım etməyi sevən birisiniz. Bu istək haradan qaynaqlanır?

- Əslində, gördüyüm işlər haqqında danışmağı sevmirəm və bu işdə sadəcə vasitəçiyəm. Yardıma ehtiyacı olanlarla yardım etmək istəyənlər arasında körpü rolunu oynayıram. Bir dəfə yardım edib, o duyğunu yaşayan biri, artıq davamlı olaraq bunu həyata keçirmək istəyir. Yardım etdiyin şəxsin gözlərindəki sevinci görəndə, yaşadığın hiss nəyə desən dəyər. Məncə, çox insanın içində o duyğu var. Sadəcə, onu oyatmaq lazımdır. 
 
- Yardım etdiyiniz insanlar daha çox kimlərdir?

- "Xızır baba” layihəsinin mahiyyəti əsas etibarı ilə 5-15 yaş arası uşaqlara yardım etməkdir. Bu yaş aralığında olan uşaqlar bizə video və ya yazılı müraciət edirlər. Biz də onları səhifəmizdə paylaşırıq. 
 
 
 
- Nəyə görə 5-15 yaş aralığı? 

- Başlanğıc üçün 5 yaşı ona görə seçmişik ki, ən azından öz istəyini ifadə edə, fikirlərini deyə bilən uşaqlar olsun. 15 yaşdan yuxarı isə uşaqların müəyyən qədər əmək qabiliyyətli olduğunu, həm də babadan hədiyyə istəmək yaşlarının keçdiyini nəzərə alaraq bu yaş aralığından kənara çıxmamağa çalışırıq. Düzdür, arada olur, 5 yaşdan aşağı uşaqların adından valideynləri bizə müraciət edirlər. Təbii ki, onların istəyini geri çevirmirik, səhifəmizdə paylaşırıq. İnsanlar da sağ olsunlar, dəstək olurlar. Amma bacardığımız qədər, 15 yaş məhdudiyyətini keçməməyə çalışırıq.
 
- Maraqlıdır, müraciət necə olur, sizlə necə əlaqə saxlayırlar? 

- Sosial şəbəkə istifadəçisi olanlar səhifəmiz vasitəsilə əlaqə saxlayırlar. Amma bu işdə müəllimlərin köməyi daha çoxdur. Sosial mediada olmayan uşaqlar, onların ailələri haqqında müəllimlər xəbər verirlər. Bəzi müəllim qruplarında elanlar paylaşırıq, qeyd edirik ki, kimin sinfində yardıma ehtiyacı olan şagird varsa, bizə yönləndirsin. Sağ olsunlar, çox fədakar müəllimlərimiz var. Hər biri şagirdləri üçün əlindən gələn yardımı edir. "Xızır baba” layihəsi sayəsində çox yaxşı müəllimlər tanıdıq.  
 
 
- Sizin bu təşəbbüsə qoşulan, maddi yardım göstərənlər olur?

- Əlbəttə, yardım etmək istəyənlər çox olur. Məsələn, bu gün səhifəmizdə bizə müraciət edən uşaqların şəklini və məktubunu paylaşdıq. Bir xanım görüb mənə yazdı ki, o uşaqların məktəbli çantası ləvazimatları ilə təminatını öz üzərimə götürürəm. Belə yardım edənlər çoxdur. Kimisi pul şəklində, kimisi əşya ilə dəstək olur. Əşya göndərməkləri bizim üçün daha rahatdır. Çünki pul formasında olanda bizim də ləvazimatları almağa vaxtımız gedir. Belə olan halda əşyaların da hər birinin qəbzini, hesabatını səhifəmizdə paylaşırıq. Hətta, bizə Almaniyadan, Avstraliyadan, Çindən dəstək olan həmyerlilərimiz olur. Amma çox zaman bilmirik ki, hesaba pul yükləyən kimdir. 
 
- Qeyd etdiniz ki, bəzən pul köçürənlərin kim olduğunu bilmirsiniz. Amma bəzən görürük ki, insanlar etdikləri yardımı açıq şəkildə dilinə gətirir, hətta məşhur simaların etdiyi yaxşılıqlar mediada günlərcə müzakirə mövzusu olur. Bu situasiyaya yanaşmanız necədir?

- Bilirsiniz, istənilən işdə, eynən də burada niyyət önəmlidir. Əgər adamın niyyəti təşviqdirsə, çox yaxşı. Yox, lovğalanmaqdırsa, bu, düzgün deyil. Belə bir deyim var, sol əlin verdiyini, sağ əl bilməməlidir. Amma indiki dövrdə insanların təşviqə ehtiyacı var. Bəzən bizi də etdiklərimizi paylaşdığımız üçün qınayanlar olur. O zaman izah etməyə çalışıram ki, əgər bu edilənləri paylaşmasaq, insanlar verdikləri pulun ünvanına çatdığını necə bilə bilərlər? Yəni həmin prosesin getdiyini insanlara göstərmək lazımdır. Hətta bir dəfə izləyicilərimizdən biri yazmışdı ki, sizin paylaşımları görməsəydim, kiməsə yardım etmək ağlıma gəlməzdi. 
 
 
 
 
- İşinizin zövqlü tərəflərindən danışdıq, bəs, çətinlikləri nədir?

- İstənilən işin çətin tərəfi var. Bizim işin ən böyük çətinliyi kiminsə şübhəsidir. İnsanı gördüyü işdən soyutmaq üçün müxtəlif sözlər deyirlər. Keçən dəfə yardım edən xanımlardan biri səhifəmizin rəy bölümünə yazmışdı ki, uşaqlara hədiyyə almaq adı ilə pul yığırlar, amma hədiyyələri çatdırmırlar. Bu, həqiqətən çox pis təsir etdi. Mən ona mesaj yazıb izah etməyə çalışdım ki, proses bir az uzun çəkir. 100-dən çox uşaq var və hər biri fərqli bölgələrdədir. İşin ərsəyə gəlməsi bir az zaman alır. Bizim işçilərimiz də çoxdur. Hər birimizin şəxsi işləri də var. Yəni bu qədər işin bir anda həll olması mümkün deyil. Elə uşaq olur bir, iki ay hədiyyəsini gözləyir. Amma hər nə olursa- olsun, çatdırırıq. Həmin sözü yazan xanımın da göndərdiyi pulu zərfə qoyub özünə qaytardıq. 
 
- Maraqlıdır, bu günə qədər neçə uşağa yardım edibsiniz?

- Dəqiq rəqəm deyə bilmərəm, amma təxmini, bu günədək 130 uşaq müraciət edib. 90 uşağın hədiyyəsi alınıb, 70 nəfərin hədiyyəsi çatdırılıb. Qalan hədiyyələr bizdədir, bu yaxınlarda onlar da veriləcək.  
 
 
 
- Danışarkən "biz” deyirsiniz. "Xızır baba” komandasında kimlər var?

- Təbii ki, bütün bu işləri tək görə bilməzdim. Gənc dostumuz Murad Məmmədov var. O, bir çox işdə mənə kömək edir. Alış-verişə, hədiyyələrin çatdırılması üçün rayonlara mənimlə birlikdə gedir. Bundan başqa "facebook”da "Xızır baba könüllüləri” adlı qrupumuz var ki, orada olan gənclər də bizə yardım edirlər.
 
- Maraqlıdır, "Xızır baba”nın öz maddi vəziyyəti necədir?

- (Gülür) Dolanırıq da. Açığı, maddi vəziyyətimi necə ifadə edəcəyimi bilmirəm. "Xızır baba” zəngin deyil. Onu zəngin göstərən yardımsevər, pərdə arxasında görünməyən insanlardır. Yəni mən təkbaşına heç nə edə bilməzdim. (kaspi.az)

İlin gənc müəllimi-Müraciət formu