XƏBƏRLƏR

22.08.2019 09:47
Yüksək bal toplayan abituriyent:  “İlahiyyat İnstitutunda istədiklərimə nail olacam”

Ali məktəblərə builki qəbul imtahanlarında 523 bal topayan Mirhüseyn Qənbərov Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” ixtisasına qəbul olunub. 

AzEdu.az onunla  müsahibəni təqdim edir.

- Özün haqqında məlumat verməyini istərdik...

- Mən, Mirhüseyn Qənbərov Cəlilabad rayon Kazımabad kənd tam orta məktəbini bitirmişəm. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi III ixtisas qrupu üzrə imtahanda iştirak edərək, Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuşam.

- Qəbul imtahanı necə keçdi?

- Azad, sərbəst, rahat idim. Amma hər halda imtahandır, həyəcansız olmur. Daha yüksək uğura nail olmaq arzusunda olsam da, əldə etdiyim nəticə pis olmadı. Birinci dəfə imtahanda iştirak edəndə 427 bal toplamışdım. Daha çox çalışdım, ikinci dəfə imtahan verdim və 523 bal topladım. 

-  Yüksək nəticə göstərmək üçün nələr etdin? 

- İmtahana ciddi şəkildə hazırlaşdım. Yüksək bal toplamaq arzusunda idim, sosial şəbəkələrdən istifadə etmədim, gəzintilərə, dostlarla görüşləri az vaxt ayırdım. Çalışmalarımı daha təkmil və sistemli qurdum. Axı, məqsəd uğrunda mübarizə üçün vaxt məhdud idi.

- Başqa universitetlərə daxil olmaq üçün yetərli balın var idi. Maraqlıdır, niyə məhz Azərbaycan İlahiyyat İnstitutunu seçdin...

- Qeyd edim ki, ilahiyyata böyük marağım var. Bu sahəni daha ətraflı mənimsəmək üçün seçimim Azərbaycan İlahiyyat İnstitutu oldu. Valideynlərimin, ailəmin mənə böyük dəstəyi var idi.

İnstitut yaranandan onun fəaliyyətini izləyirdim. Tələbələr üçün yaradılan şərait, pulsuz təhsil, bütün dinlərin tədris edilməsi, üstəgəl, ilahiyyata olan sevgim bu ali təhsil müəssisəsinə olan marağımı artırdı. Fikrimcə, hər bir ilahiyyatçı bütün dinləri öyrənməli və onların  müqayisəsini aparmağı bacarmalıdır. Məni Azərbaycan İlahiyyat İnstitutuna gətirən də bu arzudur. Əminəm ki, İnstitutda istədiklərimə nail olacam.

- Gələcəyə dair planların?

- Gələcək planlarıma gəlincə, uğura nail olmaq, öz sahəmin peşəkarı, kamil mütəxəssis kimi yetişmək istəyirəm. Gələcəkdə biliklərimi  daha da gücləndirmək maqsədilə təhsilimi xaricdə davam etdirməklə bağlı planlarım var. 

İlin gənc müəllimi-Müraciət formu