XƏBƏRLƏR

17.08.2019 10:16
Peşə təhsili müəssisələrinə sənəd qəbuluna 7500-dən çox müraciət qeydə alınıb

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

AzEdu.az xəbər verir ki, avqustun 16-da Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov və “ASAN xidmət”in İnsan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev sənəd qəbulunun gedişatı barədə KİV nümayəndələrini məlumatlandırıblar.

Zamin Bədirxanov bildirib ki, avqustun 16-dək 7500-dən çox müraciət qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, aqroservis mütəxəssisi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, heyvandarlıq mütəxəssisi, turizm sahəsində iaşə üzrə mütəxəssis, turizm təşkilatçısı, elektrik qaz qaynaqçısı, kompüter operatoru və bərbər ixtisaslarına üstünlük veriblər. Ərizə qəbulu avqustun 20-dək “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada davam edəcək. Müsabiqənin nəticələrinin avqustun 21-də açıqlanması nəzərdə tutulur. Boş qalan yerlərə sənəd qəbulu da elektron qaydada aparılacaq. Əlavə qəbul avqustun 26-dan başlanacaq və 5 gün davam edəcək.

Cahangir Hacıyev diqqətə çatdırıb ki, peşə təhsili müəssisələrinə sənəd qəbulu 15 “ASAN xidmət” mərkəzində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. Qəbul prosesinə 132 könüllü cəlb olunub.

“Çalışırıq ki, mərkəzlərimizdə vətəndaşlara yüksək səviyyədə xidmət göstərək. Bu günə qədər 5100-dən çox vətəndaşın müraciəti qeydə alınıb. Proses dinamik şəkildə davam edir”, - deyə Cahangir Hacıyev qeyd edib.

Valideyn Gülsənəm İsmayılova vurğulayıb ki, ölkəmizdə bütün uşaqların təhsil alması üçün şərait yaradılıb. Peşə təhsilinə ayrılan xüsusi diqqət isə biz valideynləri daha da sevindirir. Övladlarımız təhsildən kənar qalmır, onlara öz maraq dairələrinə uyğun peşəyə yiyələnmələri üçün imkan yaradılır.

“İki övladım peşə təhsilinə - maşinist ixtisasına sənəd verib. Ərizə qəbulu prosesi çox asanlaşdırılıb, günlərlə vaxt sərf etməyə ehtiyac yoxdur. Ərizəmizi bir neçə dəqiqəyə təsdiqlədik. İnanıram ki, övladlarım arzuladıqları ixtisasa qəbul olunacaqlar”, - deyə Gülsənəm İsmayılova vurğulayıb.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.

Əlilliyi olan şəxslərin, habelə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

İlin gənc müəllimi-Müraciət formu