Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 15:46:00
Rusiyanın “Vostok”  televiziyası Azərbaycanla bağlı maarifçi layihələrə başlayır 

““Vostok” televiziyasında Azərbaycanla bağlı iki yeni layihəyə başlayırıq. Əslində, hər zaman Rusiya teleməkanında Azərbaycanla bağlı nələrinsə olmasını istəyirdim. Deyəsən, “Vostok” ailəsi olaraq biz bunu edəcəyik”. 

AzEdu.az-ın məlumatına görə, bunu Modern.az-a açıqlamasında Rusiyanın “Vostok” Media Holdinqinin yeni vitse-prezidenti seçilən azərbaycanlı jurnalist Şəhriyar İmanbəyli deyib.

Şəhriyar İmanbəylinin sözlərinə görə, ilk layihə Sovet dövründə çəkilən filmlərlə bağlı olacaq:

“İlk olaraq Sovet dövründə çəkilən Azərbaycan filmlərini silsilə şəkildə efirə verəcəyik. Digər layihəmiz isə sırf Azərbaycan tarixi, mədəniyyəti incəsənəti ilə bağlı olacaq. Bele ki, “Vostok” televiziyasının çəkiliş qrupu Azərbaycana gələcək və Azərbaycanın bölgələrini gəzərək, verilişi hazırlayacaqlar. Bu isə ona imkan verir ki, bütün Rusiya, həmçinin MDB məkanı gözəl Azərbaycanımızı daha yaxından tanıyacaq”.

Qeyd edək ki, Rusiyada jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Şəhriyar İmanbəyli bu yaxınlarda Rusiyanın “Vostok” Media Holdinqinin vitse-prezidenti seçilib. O, həmçinin, həmin media holdinqin tərkibindəki "Vostok" telekanalının icraçı direktoru vəzifəsini də yerinə yetirir.