Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-15 13:53:00
“Bakını çox sevirəm, tezliklə bura qayıtmaq istəyirəm” – Təəssüratlar

ABŞ Dövlət Departamentinin Amerika Şurası və Azərbaycan Dillər Universitetinin (ADU) birgə layihəsi olan “CLS Azərbaycan dili” (Önəmli Dil Təqaüdü) proqramına əsasən 5 nəfər amerikalı tələbə 8 həftə ərzində Azərbaycan dilini öyrənib. Onlardan biri Chelsea Lissette Cervantes de Bloisdir. O, Minnesota Universitetində Coğrafiya, ətraf mühit və cəmiyyət fakültəsinin doktorantıdır. Chelseanin dissertasiya işinin mövzusu “Azərbaycanda insan və ətraf mühit arasındakı əlaqə” haqqındadır.  Onun proqram haqqında təəssüratlarını sizinlə bölüşürük:

“11 ildir fərqli layihələrlə Bakıya gəlirəm. Təəssüratlarım əladır. Proqram müddətində Şəkidə, Xınalıqda, Qəbələdə, Nic kəndində oldum. Bu proqram çox yaxşıdır. İki ay ərzində Azərbaycan dilində daha çox söz öyrəndim, qrammatikanı başa düşdüm. Türk dili də Azərbaycan dilinə oxşayır, amma bir az fərqlidir. Azərbaycan dili şirin dildir. Bakıda hər kəs elə fikirləşir ki, mən ləzgiyəm. Bakını çox sevirəm, tezliklə bura qayıtmaq istəyirəm”.

Amerikalı tələbələrin dil partnyorları da öz təəssüratlarını bölüşüb. Onları da sizə təqdim edirik:

Musayev Pərviz – ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin yaponşünaslıq ixtisası üzrə təhsil alan tələbəsi: “Ümumi olaraq proqram çərçivəsində çox yeni şey öyrəndik. Öyrətməklə bərabər öyrənmək prosesi də oldu. Amerikalı tələbələrə, ümumiyyətlə amerikalılara soyuq millət stereotipi vardısa, bu stereotip yox oldu və biz onların necə istiqanlı və ürəyiaçıq, həmçinin mehriban olduqlarını görmüş olduq. Bu da bizim dünyagörüşümüzün artması deməkdir”.

Paşayeva Sevinc – ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin yaponşünaslıq ixtisası üzrə təhsil alan tələbəsi: “Mən dil həmkarım Çelsi ilə birlikdə 2 ay müddətində demək olar ki, Azərbaycan dilində müəyyən şeyləri öyrənməyə çalışdıq. Çox gözəl xatirələrimiz var. Ən azından dostluğumuzu bundan sonra da davam etdirəcəyik. Çünki ikimizin arasında müəyyən bağlar var idi. Düşünürəm ki, xarakterimiz eyni idi və buna görə də söhbətimiz də tuturdu. 2 ay müddətində çox maraqlı günlər keçirdik”.

Əhməd Alıyev – ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin britaniyaşünaslıq ixtisası üzrə tələbəsi: “İndiyə qədər Avropa, Amerika mədəniyyətləri ilə tanış olmağa marağım və həvəsim vardı. Bu mədəniyyət mənə çox qəribə və əlçatmaz gəlirdi. Bu proqram vasitəsilə Amerika mədəniyyəti ilə yaxından tanış oldum. Bu vaxta qədər məndə belə bir fikir vardı ki, amerikalılar texnologiya baxımından çox savadlıdırlar. Amma əslində gördüm ki, tələbə tələbədir. Mən necəyəmsə, o da elədir. O, ölkənin inkişaf səviyyəsinə, mədəniyyətə, milliyətə baxmır.

Dil partnyoru olmaq çox məsuliyyət tələb edən işdir. Onunla görüşməlisən, onların istəyinə uyğun hərəkət etməlisən. Bu işi görən məsuliyyətli insanlar da müəyyən qədər ingilis dili biliyinə malik olmalı və müəyyən sözün ingilis dilində qarşılığını bilməlidir ki, ona Azərbaycan dilini öyrədə bilsin.

Dil həmkarımla 1 yaş fərqimiz vardı və onu tanımağıma şad oldum. Robert mənimlə uyğun idi. Hiss edirəm ki,  hər kəsin öz xarakterinə uyğun dil partnyoru var. Robert də mənim kimi, siyasətə, tarixə, dinə, elmlərə, musiqiyə, teatra və dilləri örənməyə marağı olan insandır. Eynilə mənim kimi. Mən ingilis dilini öyrəndim. Öyrətmək qabiliyyətini özümdə inkişaf etdirdim. Burda tanımadığım ADU tələbələrini, dil partnyorlarını tanıdım. Çox möhtəşəm oldu. Və buna görə Beynəlxalq əlaqələr üzrə prorektora və Beynəlxalq əlaqələr şöbəsinə təşəkkürümü bildirirəm”.