Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 14:09:00
 “Məktəb psixoloqlarının üzərinə ciddi yük düşür”  - Psixoloq

 

Ali məktəbə imtahanlardan aşağı bal toplayan, yəni universitetə daxil ola bilməyən abituriyentlərin intihar etməsi barədə tez-tez eşitmişik. Bu cür intiharların qarşısını almaq üçün psixoloqlar necə kömək edə bilər?

Psixoloq, konsultant Təhminə Çələbi qeyd edir ki, intihar belə bir mövzudur ki, haqqında nə qədər çox danışılırsa, o qədər də artır:

“İnsanlara sanki bir yol göstərirmiş kimi, ən asan yolu - intiharı seçməyə başlayırlar. Bunun yeniyetmələr arasında artması arzuolunmazdır. Onlar bunun fərqində deyil. Diqqət çəkmək üçün, valideynləri, pedaqoqları cəzalandırmaq üçün onun şəxsiyyətinə toxunmuş insanları cəzalandırmaq üçün “intihar edərəm, görərsiniz” kimi düşünür və sonrasını onsuz da görməyəcəyini dərk etmir”.

T.Şələbi bildirir ki, bu məsələdə əsas iş məktəb psixoloqlarının üzərinə düşür: “Pedaqoqlara, müəllimlərə psixologiya tədris olunur. Lakin müraciət edənlərdən görürəm ki, xüsusilə yeniyetmələrin şəxsiyyətinə hörmət yoxdur. Bu da onlarda intihara meyillilik, cəzalandırmaq meylliliyi yaradır. Məsələn, qürura toxunan elə ifadələr işlədilir ki, onları o yaşda uşağa demək olmaz. Burada  məktəb psixoloqlarının üzərinə ciddi yük düşür, onlar daha diqqətli olmalıdır. Uşaqlara nəzarəti artırmalıdırlar. Təbii, məktəb psixoloqu uşağın ailəsinə girə bilməz, oradakı problemləri həll edə bilməz. Amma nəzərə alsaq ki,  uşaq vaxtının çox hissəsini məktəbdə keçirir, bu məsələləri məktəbdə həll edə bilərlər”.

Təhminə Çələbi onu da bildirdi ki, insan əgər bir dəfə intihara təşəbbüs edibsə, bu təşəbbüsü 3 il ərzində təkrarlaya bilər.

“Adətən belə insanlar intihar haqqında siqnalları kənara verirlər. tez-tez deyirlər  ki, “bu nə həyatdır, bu nə insanlardır, belə həyat nəyə lazımdır”… Hətta bəzilərin intiharın çıxış yolu olmasına dair diskussiyalar da aparır. Ətrafdakılar bu məqamda onlara dəstək olub kömək edə bilər. Əgər bir dəfə uğursuz cəhd edəndən sonrakı 3 il ərzində şəxs heç bir şey etmirsə, intihar haqqında danışmırsa, bu siqnalları ətrafa vermirsə, yalnız onda bu adamı risk kateqoriyasından çıxarmaq olar.

 QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.