XƏBƏRLƏR

14.08.2019 10:22
Namizədlərin ötənilki nəticələrlə vakansiya seçimində iştirakına münasibət – “Yerlər azalacaq və...”

MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi bu gün başa çatır

 Xatırladaq ki, builki MİQ müsabiqəsinin test mərhələsində aşağı bal toplayan müəllim namizədlər ötənilki nəticələri ilə vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

“Vakansiya seçimi mərhələsində yalnız bu il test imtahanı  verən müəllim namizədlər iştirak etsə yaxşı olar”

Bunu  AzEdu.az-a cari ilin  MİQ müsabiqəsinin test mərhələsində iştirak edən müəllim namizədi Əflatun Mustafayev deyib:

“Builki MİQ müsabiqəsinin test mərhələsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə iştirak edib, 37 bal toplamışam. Onu da bildirim ki, MİQ müsabiqəsində ilk dəfə iştirak edirdim. Düşünürəm ki, MİQ müsabiqəsi üçün öncədən hazırlaşsaydım, kifayət qədər yüksək nəticə göstərə bilərdim. Çünki müsabiqəyə hazırlaşmadığım halda test mərhələsindən minimum keçid balını toplamışam.

Ötən il müsabiqədə iştirak edib, bal toplayan namizədlər builki vakansiya seçimi mərhələsində iştirak edə bilirlər. Amma düşünürəm ki, bu il imtahan verən namizədlər vakansiya seçimi mərhələsində iştirak etsələr yaxşı olar. Çünki müəllim namizədlərin sayı çoxdur, vakant yerlərin sayı isə az... Elə buna görə də builki test mərhələsində bal toplayan namizədlər müsabiqədə iştirak etməlidirlər”.

 Builki MİQ müsabiqəsinin test mərhələsində rus dili fənni üzrə yüksək nəticə göstərən Həyat Əliyeva  bildirib ki, namizədlərin ötənilki nəticələri ilə vakansiya seçimi mərhələsində iştirak etməsi yaxşı addımdır:

“MİQ müsabiqəsinin test mərhələsində rus dili fənni üzrə iştirak edib, 56 bal toplamışam. Builki MİQ müsabiqəsinin test mərhələsində aşağı bal toplayan müəllim namizədlərinin keçənilki göstərdikləri nəticələri ilə vakansiya seçimi mərhələsində iştirak etməklərinə hörmətlə  yanaşıram. Amma bunun nəticəsində vakant yer azlığı yarana bilər.  Əgər müəllim builki müsabiqədə  keçən ilkindən daha az toplayıbsa, ya o, öz üzərində yaxşı işləməyib, ya da suallar hər il daha da çətinləşir. Amma bu qərarın müsbət cəhəti var. Çünki müsabiqədə texniki və ya mexaniki səhvlərə görə də az bal toplayan müəllimin əvvəlki ildə çəkdiyi zəhmətə  qiymət verilir. Bu da Təhsil Nazirliyinin qərarının humanistliyini göstərir. Bu qərarın mənfi cəhəti isə odur ki, keçənilki qiymətləndirmədə təsadüfi bal toplamış müəllimlər də vakant yerləri tutmaq şansı qazanırlar.

Çox istərdim ki, kurikuluma aid müəllimlər üçün əhatəli və tətbiqi vəsait hazırlansın. Hazırki dövrün tələbatı olan və əsas kompetensiyalardan biri hesab edilən riyazi savadlılıq vacibdir. Təklif edirəm ki, Miq.az saytında  məntiqə dair müəyyən sayda izahlı nümunələr verilsin. Çox istərdim ki, gələcəkdə ən yüksək bal toplamış müəllimlərə müsahibədə iştirak etmədən vakant yer tutmaq hüququ verilsin. Bu proses digər müəllimlərə stimul ola bilər”.

Digər müəllim namizədi Nigar Musazadə test mərhələsində salınan suallar çox çətin hesab edir.  Elə buna görə də, namizədlərin ötənilki nəticələri ilə vakansiya seçimi mərhələsində iştirak etmələrini  doğru addım sayır:

 “Bu il MİQ müsabiqəsinin test mərhələsində ingilis dili fənni üzrə iştirak edib, 47 bal toplamışam. Onu da bildirim ki, MİQ müsabiqəsinin test mərhələsində salınan suallar həddən artıq çətin idi. Sualların çətin olması da keçən il yüksək bal toplamış müəllimlər üçün həddindən artıq təəssüf hissi yaratdı. Məhz ona görə də builki MİQ müsabiqəsinin test mərhələsində aşağı bal toplayan müəllim namizədlərinin keçənilki göstərdikləri nəticələri ilə vakansiya seçimi mərhələsində iştirak etmələri gözəl addımdır. Çünki builki imtahanda aşağı bal toplayıb, keçən il yüksək nəticə göstərən müəllimlərə haqsızlıq edilmədi. Onu da bildirim ki, bu il müəllimlərin aşağı bal toplaması onların savadsız olması demək deyil. Çünki bu il ingilis dili müəllimləri  məntiqə əvəzinə riyaziyyat fənnindən mənasız suallar ilə qarşılaşdılar.

Çox istərdim ki, həm ixtisas, məntiq, həm də kurrikulum üzrə vahid vəsaitlər tərtib olunsun”. 

 MİQ müsabiqəsinin test mərhələsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə iştirak edən Xuraman Babayeva da namizədlərin keçənilki göstərdikləri nəticələri ilə vakansiya seçimi mərhələsində iştirak etməyini düzgün addım hesab edib:

“Builki MİQ müsabiqəsinin test mərhələsində aşağı bal toplayan müəllim namizədləri keçənilki göstərdikləri nəticələri ilə vakansiya seçimi mərhələsində iştirak etməyi düzgün addım hesab edirəm. Çünki hər iki halda nəticəni namizəd özü toplayıb. Həmçinin, bu kimi qayda ali məktəblərə qəbul imtahanında da belədir. Keçən il test mərhələsindən 55 bal toplayıb, bu il  44 bal nəticə əldə edən namizədlər savadsız hesab olunmur. Amma sosial şəbəkələrdə bəzi müəllimlər bununla bağlı narazılıq edirlər. Amma həmin müəllimlər növbəti il müsabiqədə iştirak edib, aşağı bal toplasalar bu qaydadan razı olar”.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu