Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-12 13:26:00
Jurnalistlər tələbə olan övladlarının ixtisas seçimlərinə müdaxilə ediblər? -" Heç qarışmadım, amma..."-SORĞU

 

 

Dövlət İmtahan Mərkəzi  (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin nəticələrini elan edib.

Tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Tələbə adını qazanan gənclər arasında xeyli jurnalist övladı da var. Onlar ixtisas seçimi zamanı övladlarına verdiyi tövsiyələr, eləcə də abituriyentlərin öz semimlərinə nə dərəcədə tolerant yanaşmaları  barədə AzEdu.az-a danışıblar.

“Region plus" jurnalının baş redaktoru Namiq Mayılovun qızı Fidan Mayılova Dövlət İqtisad Universitetində biznesin idarəedilməsi (türk dilində) ixtisasına qəbul olub. Namiq bəy ixtisas seçimində Fidan xanıma heç bir müdaxilə etmədiklərini bildirir:

“Bizim ixtisas seçimi müddətində heç bir müdaxiləmiz olmayıb. Sadəcə bir neçə yaxın ixtisas arasında seçim etmək üçün həyat təcrübəmizə əsaslanıb bəzi məsləhət və tövsiyyələr vermişik.

Hətta daha yüksək bal tələb olunan yerləri seçmək imkanı olduğu halda, qızım ilk 3 yerdə onları deyil məhz özünün istədiyi yerləri qeyd etdi və elə onlardan birinə də qəbul oldu”.

Jurnalist Azər Rəşidoğlunun oğlu Rəşid  Bakı Dövlət Universitetində dövlət sifarişi əsasında Regionşünaslıq (Amerika üzrə əyani) oxuyacaq.  Azər bəy də ixtisas seçimi zamanı oğluna qətiyyən mane olmadığını  deyir:

“Övladlarımın ixtisas seçiminə heç vaxt müdaxilə etməmişəm. Qızım Ülkər də bu il BDU-nun Tarix fakültəsinin magistraturasına daxil oldu. Oğlum Rəşid tarix, siyasət və regionşünaslıqla maraqlanırdı və seçimi özü elədi. Mən onların seçiminə hörmətlə yanaşdım. Qızım da 600 balla BDU-ya daxil olmuşdu, indi magistraturada təhsilini davam etdirəcək, oğlum da BDU-da təhsil almaq istəyirdi və Regionşünaslıq - Amerika üzrə fakültəyə DS daxil oldu. Mən yalnız mənəvi dəstək olmuşam və yaxşı təhsil alması üçün repititor yanına göndərmişəm”.

Fins.az saytının baş redaktoru Əli Əhmədov da ixtisas seçimi zamanı oğlu Cavidanın işinə müdaxilə etməyib. Cavidan  ADA Universitetində biznesin idarəedilməsi ixtisası üzrə təhsil alacaq:

“İxtisas seçimini uşaqlar özləri etdilər, lakin bəzi tövsiyələrim oldu. Bu tövsiyələr ümumi mənzərəni göstərməkdən ötrü idi ki, vəziyyəti bilib, dəqiq qərar versin. Məsələn, mən UNEC-i tövsiyə etmişdim, lakin son qərarı özü verdi”.

 Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlının  qızı Türkay Şahsuvarlı Bakı Dövlət Universitetinin  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olunub. O, tədrisi ingilis dilində olan iqtisadiyyat ixtisasına yiyələnəcək. 

Taleh bəy ixtisas seçimi müddətində qızına yaxından yardım göstərdiyini qeyd edir:

“Düşünürəm ki, çox yaxşı bir ixtisas seçimi apardıq. İlk önəm verdiyimiz məqam qızımın inglis dilində və iqtisadiyyat üzrə təhsil alması idi. İqtisadiyyat onun istədiyi sahələrdən biri idi və mən də buna hörmətlə yanaşdım. Bakı Dövlət Universiteti tərcihlərimiz arasındaydı. BDU Azərbaycanın köklü universitetlərindən biri olduğu üçün qızımın burada təhsil almasını  istədim. Bu arzumuz da reallaşdı”.

Bakı Avrasiya Universitetinin mətbuat katibi Şəfayət Avılbəylinin oğlu Nihad Əliyev builki qəbul imtahanlarında 420 bal toplayıb. O, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə qəbul olunub.

Şəfaət Avılbəyli sözlərində oğlunun hərbi təhsil almasının onun istəyi olduğunu qeyd edib:

“Hər zaman istəyirdim ki, oğlum hərbi sahədə təhsil alsın. Ona yardımçı oldum və köməkliyimi göstərdim.

O, hərbi sahə ilə yaxından tanış oldu və bu sahəyə marağı yarandı. Bizim ailəmizdə hərbçilər çox olub deyə, oğlum bu sahəyə meyl etdi və bu istiqamətdə oxumağı özünə istiqamət seçdi”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyevanın oğlu Murad da bu ildən ali məktəbin tələbəsi kimi dərsə gedəcək:

“Açığı, Murada istiqaməti atası ilə birgə verdik. 8-ci sinfi bitirəndən sonra seçimini özü üçün müəyyənləşdirdi və bizim seçimimizlə də razılaşıb, Polis Akademiyasına hazırlaşmağa başladı. Çox istəyirdi ki, akademiyaya qəbul olsun,   məsuliyyətlə hazırlaşırdı. Şükürlər olsun ki, arzusuna çatdı. 582 bal toplayıb Polis Akademiyasının müdavimi adını qazandı.

Muradın simasında tələbə adını qazanan bütün balalarımızı təbrik edirəm.Yolları açıq olsun, daha yüksək zirvələr fəth etsinlər, millətə, vətənə xeyirli mütəxəssis kimi yetişsinlər”.

AZƏRTAC-ın müxbiri Pərvanə İmanovanın oğlu Elgün Məmmədli də tələbə adını qazananlar sırasındadır. Belə ki, o, Bakı Dövlət Universitetinin Regionşünaslıq fakültəsinə (Amerika üzrə) daxil olub. Bəs, Pərvanə xanımın necə, onun ixtisas seçiminə hər hansı müdaxiləsi olubmu? Özündən eşidək:

 “Təbii ki,  valideyn kimi öz məsləhət və tövsiyələrimi verdim. Seçim özünün istəyi ilə oldu və arzusunda olduğu Bakı Dövlət Universitetinin Amerika üzrə regionşünaslıq fakültəsinə qebul oldu.

Mən bir valideyn kimi DİM-in fəaliyyətini cox yüksək qiymətləndirirem.Ali məktəblərə sənəd qəbulu, buraxılış və qəbul imtahanları, ixtisas seçimi və digər təşkilatçılıq işləri çox yüksək səviyyədə idi.Bütün prosedur qaydaları çox operativ, dəqiq, ardıcıl şəkildə həyata keçirildi”.

 Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları