Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-10 09:56:00
Müəllimliyə namizədlər iş yeri seçir

Keçid balı bu il də fənnə və yerə görə dəyişir

Bu həftə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsinə start verilib. Belə ki, avqustun 7-dən vakansiya seçimi mərhələsi başlayıb. Artıq 22 mindən çox namizəd seçimini edib. Ancaq cəmi 2 minə yaxın namizəd seçimi ilə bağlı qərarını dəqiqləşdirərək ərizəsini təsdiq edib.

Vakansiya mərhələsi ayın 14-nə qədər davam edəcək. Namizədlər qarşıdakı 5 gün ərzində elektron ərizələrində müvafiq bölməyə daxil olaraq imtahan fənninə uyğun 8 vakant yer seçəcək, qərarını qətiləşdirəndən sonra ərizələrini təsdiq edəcəklər. Xatırladaq ki, elektron ərizəsini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilmir.

2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsinə həm  builki, həm də ötənilki işə qəbul imtahanlarında iştirak edənlər buraxılıb. Yəni, həm 2018-ci ildə, həm də bu il imtahan verən namizədlərin test imtahanlarının nəticələri nəzərə alınır. Ancaq namizəd bu il test imtahanı veribsə, vakansiya seçimi mərhələsinə ötənilki test imtahanının nəticələri ilə qatıla bilmir.

Müsabiqənin indiki mərhələsində builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplayanlarla yanaşı, 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər də iştirak edir.

Bu ilin keçid balı müəyyənləşdi

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müvafiq keçid balı artıq müəyyənləşdirilib. Belə ki, musiqi, təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42,  fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 42 müəyyən edilib. Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 48 müəyyən olunub.

7 mindən artıq vakant yer

Müsabiqəyə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer çıxarılıb.

Xatırladaq ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə iyunun 24-də elektron sənəd qəbulu ilə start verilib. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış ölkə vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak ediblər.(Azərbaycan müəllimi)