Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-09 15:33:00
Qruplar üzrə keçid balı aşağı düşən və qalxan ixtisaslar- Böyük çaşqınlıq

“III ixtisas qrupunda vəziyyət çox  gərgin olub”

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

O, xüsusilə, III qrupdakı gərgin vəziyyətin səbəbini izah edib:

“Digərləri ilə müqayisədə, III ixtisas qrupunda vəziyyət çox  gərgin olub. Ötən il ən aşağı keçid balı - 200 bal- Azərbaycan Dillər Universitetində Alman dili tərcüməçiliyi ixtisasında idisə, bu il həmin ixtisasa keçid balı 245 bal qalxaraq, 445 olub.

III ixtisas qrupunda ötən illə müqayisədə balların artması ilə yanaşı, aşağı düşməsi hallarına da rast gəlinir.  Belə ki, bu il 550-700 aralığında bal toplayanların sayı az olduğu üçün bu aralıqdakı hüquq, politologiya, tarix kimi  ixtisasların keçid balı aşağı düşüb. Ötən il 600-dən yuxarı bal toplayan 900 abituriyent  vardısa, bu il bu say 605-ə düşüb.

550-dən aşağı, xüsusilə də,  200-400 bal aralığındakı ixtisasların keçid balları yuxarı qalxıb.

 Buna səbəb, həmin aralıqda bal toplayanların çox olmasıdır. Belə ki, bir çox abituriyent buraxılış imtahanında 200-ə yaxın bal toplasalar da blok mərhələsində 100 balı keçə bilməyib və ümumilikdə 350 civarında bal toplayıblar. Təbii ki, belə abituriyentlər aşağı keçid ballı ixtisasları seçdikləri üçün həmin aralıqda ballar qalxıb”. 

“5 qrup üzrə ümumilikdə  təxminən 15000 abituriyent imtahandan kəsilib”

Açıqlaması zamanı Elçin Əfəndi digər ixtisas qruplarındakı vəziyyətdən də danışdı:

"Digər ixtisas qruplarında vəziyyət daha yaxşıdır. I-II ixtisas qrupunda 300 bal toplayan abituriyent yuxarı yerlərə  düşə bilib. IV qrupda isə 550-dən yuxarı toplayanların sayı az olduğu üçün burada da ballar aşağı düşüb Ötən il Azərbaycan Tibb Universitetində  dövlət sifarişilə 660-dan yuxarı ballı ixtisaslara, bu il 578 balla qəbul mümkün olub.

V ixtisas qrupunda sistem dəyişdiyi və müraciət edənlərin sayı artdığı üçün burada da keçid balları qalxıb. Ötən il 90 olan maksimal bal bu il 300 olub. 60 balla ödənişli əsaslarla Azərbaycan Dövlət Bədən tərbiyəsi və idman akademiyasına qəbul mümkün idisə bu il 90 bala qalxıb.

5 qrup üzrə ümumilikdə  təxminən 15000 abituriyent imtahandan kəsilib".