Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-09 13:56:00
İxtisas seçimi gənclərin gələcək fəaliyyəti üçün mühüm addımlardan biridir

Abituriyentlər üçün ixtisas seçimi davam edir. Yüksək bal toplamış gənclər və onların valideynləri ölkəmizin nüfuzlu ali məktəblərinə, o cümlədən ADA Universitetinə üz tutur, buranın tədris mühiti ilə daha yaxından tanış olurlar. ADA Universitetində bakalavr pilləsi üzrə beynəlxalq münasibətlər, biznesin idarə olunması, iqtisadiyyat, dövlət və ictimai münasibətlər, kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları və sistem mühəndisliyi, hüquqşünaslıq tədris edilir. Magistr pilləsi üzrə diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə edilməsi, MBA, Exectuive MBA, təhsil üzrə menecment ixtisasları tədris olunur.

AzEdu.az  ADA Universitetində təhsil və tədris məsələləri barədə tədris işləri üzrə prorektor Vəfa Kazdal ilə müsahibəni təqdim edir.

-Vəfa xanım, Siz həm də ADA Universitetinin Təhsil İnstitutunun dekanısınız. Bu günlərdə ixtisas seçimi edən abituriyentlərə ali təhsildə nələrə fikir verməyi tövsiyə edərdiniz?

- Mən bu məsələyə daha geniş yanaşmaq istəyirəm. Yəni ixtisas seçimi gənclərin gələcək fəaliyyət üçün verdikləri ilkin qərardır. Məsələyə bundan başlamaq, sonra isə ali məktəbi seçmək lazımdır. Gənclər, ilk növbədə, bacarıq və potensialını başa düşməlidirlər. Hər kəsin müəyyən bir sahədə potensialı var. Bunu düzgün istiqamətə yönəltmək isə insanın bu və ya digər sahədə qazanacağı uğurun başlanğıcıdır. Odur ki, bu məsələdə diqqətli olmağı həm abituriyentlərə, həm də onların valideynlərinə tövsiyə edərdim. Məsələn, təhsildə tez-tez belə bir halla rastlaşmaq mümkündür: tələbə müəyyən fakültədə sırf prestijinə görə oxuyur, amma uğur əldə edə bilmir, həvəsdən düşür, halbuki onun potensialı başqa istiqamətdə güclüdür. Bununla yanaşı, məktəb illərindən formalaşmış bilik və bacarıq da mühüm amillərdir. Özü də bilik və bacarıq potensialla bir növ bağlıdır. Həmçinin tələbələr nəinki ölkədə, dünyada əmək bazarında hansı ixtisas, sənət və peşəyə tələbatın yüksək olmasına fikir verməlidirlər. Çünki bugünkü dünya çox sürətlə dəyişir. Odur ki, gənclər əmək bazarının tələbatını izləyəndə nəinki 5 il, hətta deyərdim, 10 il sonra hansı ixtisas və sahələrə ehtiyac olacağını görməyi bacarmalıdırlar. Eyni zamanda, gənclərimiz ürəyincə olanı, sevdiyi ixtisası seçməlidirlər. Əfsuslar olsun ki, həm potensialını başa düşən, həm əmək bazarının tələbatını dərk edən, həm də ürəyinin səsinə qulaq asan gənclər çox azdır. Lakin bu keyfiyyətlərdən birinin olması, gələcəkdə tələbənin öz üzərində çalışması, fəallığı sayəsində uğur qazanmasına gətirib çıxara bilər.

Həmçinin tələbələr ali məktəb seçəndə kurikuluma baxmalı, onun nə dərəcə müasir olduğuna, seçdiyi ixtisasa uyğunluğuna, tətbiqi olmağına fikir verməlidirlər.

Nə üçün məhz ADA Universiteti?

Ali təhsil müəssisəsinə gəldikdə isə mən ADA Universitetinin özəlliklərini səmimi şəkildə vurğulayaraq buranı tövsiyə edirəm.

- Siz “10 il sonra hansı ixtisas və sahələrə tələbat olacağını görmək bacarığı”nın zəruriliyini qeyd etdiniz. ADA Universitetinin tədris proqramı və təhsil mühiti zamanı nə dərəcədə qabaqlayır?

-On üç ildir fəaliyyət göstərən ADA Universiteti zəngin beynəlxalq təcrübəyə malikdir. Dünyada 100-dən çox universitetlə əməkdaşlıq edirik. Bu gün respublikada ən uğurlu mübadilə proqramı, deyərdim ki, bizim universitetdə mövcuddur. İl ərzində 100-dən çox tələbəni nüfuzlu universitetlərə göndərir, eyni zamanda, özümüz tələbə qəbul edirik. Bizə gələn əcnəbi tələbələrin arasında elələri olub ki, təhsil haqqını ödəyib və bizdə oxumağı seçiblər.

ADA Universiteti keyfiyyətli tədris və təhsil proseslərini daim yeniləyir. Məsələn, keçən il bakalavr pilləsində açdığımız hüquqşünaslıq ixtisasına qəbul yeri bu il iki dəfə artırılıb – 80 yer. Təkcə bu fakt ali məktəbimizdə həmin ixtisasa tələbatın artdığını göstərir.

Biz tələbələrimizin səviyyəsini ilbəil yüksəltmək üçün çoxsaylı tədbirlər həyata keçiririk. Onların səviyyəsi nə qədər yüksək olarsa, rəqabət də, təhsilin keyfiyyəti də bir o qədər artar, müəllim də özünü ona uyğun hazırlayar. Odur ki, ADA Universiteti müasir dövrün tələbatını nəzərə alan yeniliklər tətbiq edir. Ümumiyyətlə, universitetin əsas iki tərkib hissəsi var – tələbə və müəllim. Abituriyentlərə ADA Universitetini tövsiyə etməyim məhz tələbələr, onların burada beynəlxalq standartlar əsasında yaradılmış təhsil mühitindən istifadə etmələri üçündür.

ADA Universitetinə axın və beyin mərkəzinə çevrilən ali təhsil müəssisəsi

-ADA-da “əlaçı” olmaq çətin deyil ki? Bununla bağlı tələbələrə tövsiyələriniz nədən ibarətdir?

-Artıq illərdir ADA Universiteti barədə müəyyən bir fikir formalaşıb. Məsələn, ADA-da oxumaq çətindir. Bəli, ADA-da oxumaq çətindir, amma buna baxmayaraq tələbələr bizə hər il gəlir. Demək, bu, özlüyündə bir göstəricidir. Biz qəbulda, bakalavr və magistr müsahibələrində burada oxumağın çətin olduğunu bildirəndə, tələbələr “Biz elə ona görə də ADA-nı seçirik” söyləyirlər.

Buradakı sistem əzbərçiliyin deyil, tənqidi təfəkkür, analiz, sintez, qiymətləndirmə kimi amillər əsasında formalaşıb. Həmçinin GPA, orta qiymətləndirmə balı, kreditlərin keçidi və s. tələbələr üçün bir yenilikdir.

Mən istərdim ki, ADA Universitetinin reputasiyası elə o cür də qalsın ki, burada oxumaq lazımdır. Yəni ADA-ya oxumaq, savadını artırmaq, təqdim olunan çoxsaylı imkanlardan qazanmaq istəyən tələbələr gəlməlidir. O imkanlardan yararlana bilən tələbə buradan daim razı gedir.

Bizim Akademik qaydalar və tələblər, Şərəf Məcəlləmiz, Tələbə Davranış Məcəlləmiz, Təqəyyüd və Güzəşt qaydaları kimi mühüm sənədlərimiz mövcuddur və bütün ixtisasların kurikulumları ilə bir yerdə ADA Universitetinin kataloqunda cəmləşir. Bunlar ADA Universitetinin saytında hamı üçün açıqdır. Bu sənədlər ilin əvvəlində təqdim olunur və universitet onların əsasında idarə olunur. Biz bu barədə valideynləri məlumatlandıranda, onlar bunu müsbət dəyərləndirir və övladlarının düzgün seçim etdiklərini bir daha dilə gətirirlər.

Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, ADA Universitetində oxumaq heç də çətin deyil. Əsas məsələ tələbələrin öz vaxtlarını düzgün planlaşdırması, işlərini düzgün qurması və qaydalara əməl etməsidir.

Bu gün dünyanın nüfuzlu ali məktəblərindən ADA-ya axın var, xaricdə təhsil almış azərbaycanlılar ADA-ya qayıdır, əcnəbi tələbələr burada təhsil alırlar. Beləliklə, ADA Universiteti təhsil sahəsində zəkalı, yaradıcı insanları bir araya gətirən beyin mərkəzinə çevrilib. Görkəmli alimlər, nüfuzlu siyasətçilər buraya gəlib tələbələrimizə mühazirələr oxuyurlar. Eyni zamanda, burada dünya miqyasında nüfuzlu tədbirlər keçirilir.

Pedaqogikanın düzgün qurulması və onu dəstəkləyən infrastrukturun olması isə bir arzudur ki, bu da ADA-nın timsalında uğurla reallaşıb. Bütün bunlar tələbələrin təhsili, bilik və bacarıqlarının, şəxsi və peşəkar keyfiyyətlərinin inkişaf etdirilməsi üçün yaradılan imkanlardır.

Ödənişsiz təhsil imkanları və sağlam rəqabət

-ADA Universiteti yüksək qiymələrlə oxuyan tələbələrə hansı güzəştləri təklif edir?

-ADA ilə bağlı formalaşmış digər fikir isə burada təhsil haqqının bahalı olması barədədir. Mən bununla qətiyyən razı deyiləm. Bilirsiniz, ali təhsil sərmayədir. Məsələyə bu sərmayənin qarşılığında tələbənin nə əldə edəcəyi prizmasından yanaşsaq, deyərəm ki, ADA Universiteti heç də bahalı deyil. Xaricdən dəvət edilən müəllimlər, burada yaradılmış infrastruktur və daim tətbiq olunan yeniliklər, tələbənin əhatə olunduğu tədris və dərsdənkənar mühit – bütün bunlar ADA Universitetinin xərcləri sayəsində reallaşır. Bəzən gənclər daha az təhsil haqqı olan ali məktəbi seçirlər. Fikrimcə, az görünən təhsil haqqı müqabilində tələbənin nə əldə edəcəyi barədə yaxşı düşünmək lazımdır. ADA Universiteti isə müxtəlif güzəştlər təqdim edir. Məsələn, 690-700 bal toplayan tələbələri biz 4 il ərzində təhsil haqqından tam azad edirik, lakin bir şərtlə ki, onların təhsil müddətində ortalama qiyməti 3-dən aşağı olmamalıdır. Yəni bizim o şərti qoymağımızın yeganə səbəbi tələbəni stimullaşdırmaqdır ki, o, daim öz üzərində işləsin. 650-690 bal toplayan tələbələr 1-ci il təhsil haqqından tam azad olur, lakin növbəti illərdə daha yüksək göstəricilərinə əsasən, 100, 50 və 25 faiz güzəştlə oxuya bilər. 600-650 balla qəbul olan tələbələr 1-ci təhsil ilində 50 faiz güzəşt alır və yüksək göstəricilər müqabilində sonra da il ərzində 100, 50 və 25 faiz güzəştlə oxuya bilərlər. Belə halda tələbə başa düşür ki, onun təhsil haqqından azad edilməsi öz zəhmətinin nəticəsidir. Onun üçün bundan böyük zövq ola bilməz. Beləliklə, biz sağlam rəqabət mühitini qoruyuruq. Yəni ADA universiteti bütün tələbələrə bərabər imkanlar yaradır. Kimsə bir semestr, kimsə 1 il, yaxud 4 il təhsil haqqından azad ola bilər.

Bizdə 3 cür güzəşt növü var. Rektorun şərəf siyahısı, dekanların fərqlənmə siyahısı və yüksək göstəricilər siyahısı. Yeganə informasiya texnologiya və mühəndislik fakültəsində rektorun şərəf siyahısı yox, Lütfizadə təqaüdü var. Bu da rektorun öz təşəbbüsü ilədir. Bu il ADA Universitetinin tələbələrinə, həmçinin Əlimərdan bəy Topçubaşov adına təqaüd verilib.

Bu ildən etibarən ADA Universitetində beynəlxalq olimpiadalarda ilk üç yerə çıxan tələbələrə 690-700 bal toplayan tələbələrlə eyni güzəştlər verilir. Beynəlxalq olimpiadalarda iştirak edib yer tutan tələbələrə isə 600-650 bal toplayan tələbələrlə eyni güzəştlər verilir.

ADA-da müəllim tələbənin həm psixoloqu, həm sirdaşı, həm də elmi məsləhətçisidir

- İnformasiya texnologiyaları və süni intellektlə bağlı özünü doğruldan layihələrin sayı artdıqca təhsil ekspertləri dəyişən məşğulluq bazarı proqnozlarını verir və təhsil sistemini buna uyğunlaşdırmaq zərurətindən danışırlar. Bir təhsil eksperti kimi Vəfa xanım ölkədə təhsil islahatlarının istiqamətlərini necə görür?

-Ölkəmizdə aparılan təhsil islahatları müvafiq sahədə öz müsbət nəticəsini verir. Məsələn, Təhsil Nazirliyi və ADA Universitetinin təşkilatçılığı ilə avqustun 4-11-də Azərbaycanda ilk dəfə keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadası aparılan islahatların uğurlu nəticələrindən biridir. Eləcə də qəbul sistemində islahatlar tələbələrin bilik, bacarıq və potensialının daha dəqiq qiymətləndirilməsinə hesablanıb.

ADA Universitetinə gəldikdə isə deyə bilərəm ki, bu təhsil ocağı həm də sənaye üçün bir mərkəzə çevrilib. Yəni işəgötürənlər buraya gəlir, karyera sərgiləri təşkil edilir. Hər il bizdə innovasiya müsabiqələri keçirilir və qaliblərə “ADA Innovation Awards” təqdim edilir. Rektor Hafiz Paşayevin təşəbbüsü ilə ADA İnnovasiya Mərkəzi təsis edilib. Tələbələr bacarıqlarını təcrübədən keçirir, gündəmdə olan məsələlərin orijinal və kommersiya baxımdan gəlirli həll yollarını axtarırlar. Beləliklə, ADA-da yüksək səviyyədə təhsil almaq, şəxsiyyətin inkişafı və yüksəkixtisaslı mütəxəssis yetişdirilməsi vəhdət halında həyata keçirilir. Bu il bakalavra qəbulda çox maraqlı müşahidələr oldu: yüksək bal toplayan tələbələrin informasiya texnologiyaları fakültəsinə marağı artır. Bu, çox sevindirici haldır.

-ADA Universitetində abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günləri necə keçdi?

-Qeyd edim ki, abituriyentlər üçün “Açıq qapı” ənənəsini ADA Universiteti formalaşdırıb. “Açıq qapı” günləri bizdə hər dəfə maraqlı və uğurlu keçir. Belə tədbirlərin təşkilində məqsəd gənclərimizi müxtəlif ixtisaslar, eləcə də ixtisaslarla bağlı karyera və iş imkanları barədə maarifləndirməkdir. Builki “Açıq qapı” günlərində ixtisasları tədris edən müəllimlər abituriyentlərlə ünsiyyətdə oldular. Biz magistraturaya qəbulda hər bir ixtisas üzrə 3 günlük seminarlar keçdik və iştirakçılara sertifikatlar verdik. Həmin seminarlar müəllimlərin, dekanların və hər bir ixtisas üzrə uğur əldə etmiş mütəxəssislərin iştirakı ilə təşkil edildi.

- Azərbaycanın digər ali məktəblərindən burada magistraturaya qəbul olunanlar üçün təhsilini davam etdirmək çətin olmur ki?

-İstər bakalavr, istərsə də magistr proqramlarımızın hamısı yüksəkkeyfiyyətlidir. Məsələn, biznesin idarə olunması proqramı hər iki təhsil pilləsi üzrə ölkədə lider proqramdır. Biznesin idarə olunmasında magistr proqramı Niderlandın Maastrixt Universiteti ilə birlikdə ikili diplom verir. Digər magistr proqramlarımız da dünya miqyaslı universitetlərlə əməkdaşlıq edir. Məsələn, təhsil üzrə menecment proqramı ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə bir yerdə hazırlanıb. Bu universitetlərin müəllimləri daim ADA-ya gəlir, dərs deyir, tələbələrlə tədqiqat üzərində işləyirlər.

Bizim magistr proqramlarının özünəməxsusluğu onların fənlərarası olmasındadır. Belə ki, magistratura tələbələrimiz proqramdan asılı olmayaraq iqtisadiyyat, tədqiqat metodları fənləri keçirlər. Əlbəttə ki, humanitar təhsillə gələnlər üçün bu, ilk vaxtlar çətinlik yaradır. Lakin sonra onlar bütün bu dərslərin faydasını görürlər. Müəllimlərimizin dərsdənkənar ofis saatları var ki, tələbələr onlara müraciət edirlər. Bizim müəllimlərimiz tələbələrimizin təkcə müəllimləri yox, onların həm psixoloqları, həm sirdaşları, həm elmi məsləhətçiləridir. Onlara adaptasiya ilə bağlı da kömək edirlər. Lakin, eyni zamanda ADA Universitetində elmi məsləhətçilər fəaliyyət göstərir. Hər proqram üzrə, bakalavr və magistr proqramları daxil olmaqla, elmi məsləhətçilər mövcuddur. Elmi məsləhətçilərin əsas funksiyası tələbələrin uğurlu oxumaları üçün onları düzgün tədris planı qurmağa istiqamətləndirmək və ümumilikdə tədris işlərində, qaydalara, tələblərə riayət etməkdə onları vaxtında və düzgün şəkildə yönləndirməkdir. Universitetimizdə Tələbə Uğuru Mərkəzimiz (Student Success Center) var. Bu, tələbələrə təmənnasız dəstək göstərən mərkəzdir. Mərkəzdə həm tələbələr tələbələrə dərs deyir (Peer Tutoring), digər tərəfdən isə müəllimlər. Bu, məqsədyönlüdür. Birincisi, tələbələr işləyir, biz onlar üçün işləmək imkanı yaradırıq, ikincisi, bəzən tələbəyə tələbə ilə öyrənmək daha rahat olur. Əlbəttə ki, çətin mövzular olanda müəllimlər bu Mərkəzdə əlavə saatda dərs deyir. Bir sözlə, ADA Universitetində hər bir fəaliyyət növü tələbənin uğuruna hesablanıb.

- Yeni tədris ilində ADA ailəsinə ADA Məktəbi də qoşulur. Məktəbə qəbulun yekunları barədə nələri deyərdiniz?

-ADA Məktəbi X-XI sinifləri əhatə edir. Bu, ADA-ya qəbul olunan bakalavrların hazırlığı və yeni təhsil mühitinə çətin adaptasiyası nəzərə alınaraq yaradılıb. Bilirsiniz, İngiltərədə “Foundation” proqramı və “pre-baccalaureate” anlayışı var. Biz bu X-XI siniflərə pribakalavr pilləsi kimi baxa bilərik. ADA Məktəbini bu ilin fevralında biz elan etdik. Əslində isə bu istiqamətdə iş daha əvvəl başlanıb. Ora üçün müəllimlər keçən ildən işə götürülüb və onlar birillik müəllim hazırlığı üzrə təlim keçiblər. Kifayət qədər ciddi olan bu təlim proqramı 60 kreditlikdir. Xaricdə buna diplom proqramı deyirlər. Bu il keçirilmiş IV ADA Beynəlxalq Təhsil Konfransı çərçivəsində həmin müəllimlərə diplomlar təqdim olundu. Yanvar ayından bəri məktəbə şagird qəbulu aparılıb. Onlar riyaziyyat və ingilis dilindən imtahan veriblər, həm də müsahibədən keçiblər. Beləliklə, 250-dən çox şagird yeni tədris ilindən bizə qoşulacaq. Dərslər sentyabrın 2-dən başlanacaq.

-ADA Universitetini bitirən məzunların iş problemi barədə nə deyə bilərsiniz?

-ADA Universiteti yüksək səviyyədə təhsil verməklə yanaşı, tələbələrə müxtəlif təcrübə imkanları yaradır. Onlar artıq bakalavr təhsillərinin ilkin vaxtlarında müxtəlif iş yerlərində təcrübə keçırlər. Bu təcrübə işinin bir tərəfdən məqsədi buradakı təhsilin tətbiqini təmin etməkdirsə, digər tərəfdən ADA tələbəsi və işəgötürən arasında körpü yaratmaqdır. Bundan əlavə, keçirilən karyera sərgilərində işəgötürənlər və tələbələr bir araya gəlir və ünsiyyət qurur. Universitetin məzunları hökumət və ictimai qurumlarda, biznes və konsaltinq xidmətlərində, maliyyə və bank, neft və qaz, QHT sektorlarında və istehsal sənayesi sahələrində çalışırlar.

-Məzmunlu müsahibəyə görə təşəkkür edirik. 

(AZƏRTAC)