XƏBƏRLƏR

07.08.2019 14:30
BİO haqqında bilmədiklərimiz – Keçirilmə qaydaları, hər saniyənin izlənilməsi, maraqlı medal sayı

 

Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü avqustun 6-a təsadüf edib.  Yarışın II mərhələsi birgünlük fasilədən sonra avqustun 8-də baş tutacaq.

Olimpiada barədə

1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab edilən Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrində keçirilir.

AzEdu.az-ın məlumatına görə, BİO-nun keçirilmə ideyasını 1987-ci ilin oktyabrında Parisdə, YUNESKO-nun 24-cü konfransında bolqarıstanlı professor Blaqovest Sendov irəli sürüb. 1989-cu ilin mayında YUNESKO-nun sponsorluğu və təşkilatçılığı ilə I Beynəlxalq İnformatika Olimpiadası Bolqarıstanın Pravets şəhərində baş tutub.

Olimpiadada kimlər iştirak edə bilərlər?

Hər iştirakçı ölkənin nümayəndə heyətinin tərkibinə komandanın rəhbəri, onun müavini və dördədək şagird daxil ola bilər. Cari olimpiada ilinin iyul ayının 1-dək iştirakçı şagirdlərin 20 yaşı tamam olmamalıdır. Onların əvvəlki olimpiada ilinin sentyabr-dekabr aylarında orta ümumtəhsil məktəblərində oxuması da əsas şərtlərdəndir. Ölkə komandasının tərkibinə İnformatika üzrə milli olimpiadaların qaliblərini, yaxud beynəlxalq olimpiada öncəsi xüsusi seçim turundan keçmiş şagirdləri daxil etmək məsləhət görülür. Nümayəndə heyətinin tərkibinə əlavə olaraq başqa şəxslər də daxil ola bilər: iştirakçıların məşqçiləri, informatika sahəsində məsləhətçi və mütəxəssislər, tərbiyəçilər və başqa xidmət heyəti.

Yarışın keçirilmə qaydaları

Beynəlxalq İnformatika Olimpiadası 2 turdan ibarət olur və ayrı-ayrı günlərdə keçirilir. 2 yarış günü ərzində hər bir iştirakçı fərdi şəkildə yarışır və bir sıra alqoritmik problemləri həll etməklə xallarını artırmağa çalışır. Hər turda iştirakçılara 5 saat ərzində cavablamaq üçün  3 və ya 4 məsələ təklif edilir. Turların keçirilmə qrafiki olimpiadanın başlanmasına bir neçə ay qalmış rəsmi portalda dərc olunur. İştirakçıların tapşırıqları necə həll etməsi, nəticələr, bütün proses onlayn olaraq izlənilir. Birinci gün başa çatanda nəticələr iştirakçılara bəlli olur.

Yarışların I mərhələsindən öncə 2 davam edən sınaq turu keçirilir. Sınaq turunun məqsədi bütün iştirakçıları yarışların mühiti və olimpiada zamanı qaydalarla tanış etməkdir. Sınaq turunun məsələləri olimpiadadan öncə BİO-nun rəsmi saytında yerləşdirilir. İştirakçılar həmin məsələləri öncədən həll edə və həllərini sınaq turuna gətirə bilərlər.

Olimpiada cavabları avtomatlaşdırılmış yoxlayıcı sistem və müxtəlif proqramlardan istifadə edilməklə yoxlanır və qiymətləndirilir.

BİO-nun təşkili qaydalarına uyğun olaraq olimpiada medalçılarının sayı iştirakçı sayının yarısından çox olmamalıdır. Medalların sayı aşağıdakı kimi müəyyən olunur: qızıl medalları iştirakçıların 1/12, gümüş medalları 1/6, bürünc medalları isə 1/4 hissəsi ala bilər.

Ölkəmizdə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının nəticələrinin avqustun 8-də təsdiq edilməsi, avqustun 9-da açıqlanması gözlənilir.

Yekun qərar hər iki günün nəticələrinə əsasən, verilir.

Uğurlarımız

Azərbaycanın Beynəlxalq İnformatika Olimpiadasında ən uğurlu çıxışı 2003-cü ildə olub – gümüş medal qazanılıb.Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Əsas yarış Milli Gimnastika Arenasında, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində keçirilir.

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu