Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-07 14:06:00
"I kurs tələbəsi təhsil haqqını  tam deyil, hissə-hissə ödəməlidir”-Vacib təklif

Ali məktəblərə qəbulun ixtisas seçimi artıq başa çatıb. Abituriyentlər yaxın günlərdə hansı universitetə qəbul olunub-olunmayacaqları barədə məlumat əldə edəcəklər.

Cavablar elan olunduqdan sonra isə abituriyentlərin bir qismi nəticələrinə uyğun olaraq dövlət sifarişi , digər qismi isə ödənişli əsaslarla təhsil alacaqlar.

Bizdə isə universitetlər ödənişli əsaslarla daxil olan tələbədən birinci kursun ödənişini elə qeydiyyat prosesində tələb edirlər. Digər illərin ödənişi isə tələbənin oxuduğu kurs müddətində hiss-hissə ödənilir.

Birinci kursa daxil olan tələbə üçün ödənişin bütöv şəkildə verilməsi onun ailəsinə maddi sıxıntılar yaşadır.

Belə mövzunun gündəmə gəldiyi bir zamanda təhsil üzrə mütəxəssis və Bakı Mühəndislik Universitetinin əməkdaşı Adil Vəliyev yaxşı təklif irəli sürüb.

O, universitetlərə müraciət edərək ödənişli əsaslarla  daxil olan birinci kurs tələbələrindən ödənişi bütöv şəkildə deyil, hissə-hissə almalarını təklif edib.

O, AzEdu.az-a açıqlamasında bu vəziyyətin ciddiliyini daha çox ixtisas seçimi müddətində anladığını vurğulayıb:

“Mən abituriyentlər üçün ixtisas seçimi edərkən valideynləri  və özləri ilə də məsləhətləşib sonra seçim edirəm.

İxtisas seçimi zamanı mənə müraciət edən valideynlərin çoxu təhsil haqqından şikayətlənirlər. Onlar seçim zamanı yazacaqları ixtisasın 2000-dən aşağı olmasını istəyirlər və qeydiyyat vaxtı ilkin ödənişin tam şəkildə tələb olunduğunu əsas gətirərək, ödənişli ixtisaslara az yer verirlər. Hətta bəzi valideynlər kredit götürərək övladlarının ödənişini ödəyirlər. Çünki tələbə olacaq  abituriyent qaldığı evə, gediş-gəlişə, yemək və digər xərclərə pul ödəmək məcburiyyətindədi. Bu da valideyn üçün ilk ildə çox maddi çətinliklər yaradır.

Mən də bunu sosial şəbəkədə yazaraq daha çox insana bildirdim. İstəyirəm ki, rektor və rəhbər şəxslər bu təklifə müsbət yanaşsınlar. Ən azı ilkin ödənişin 50 faizinə güzəşt olunsun və ikinci semestrdən isə  hissə-hissə ödənilməyə başlanılsın.

Əgər bu təklifim çox paylaşılsa, o zaman ona müsbət nəticə gələ bilər. Çünki sosial şəbəkələrdə insanların fikri nəzərə alınır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları