Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-07 09:59:00
Azərbaycan alimlərinin avropalı həmkarları ilə birgə təqdim etdikləri layihə milli layihə statusunda qalib elan olunub

Avropa İttifaqının (Aİ) “Erasmus+” Ali təhsil-beynəlxalq potensialın əlaqələndirilməsi mərkəzinə təqdim edilən beynəlxalq qrant layihələrinin nəticələri elan olunub. Müsabiqəyə Avropanın qabaqcıl ali təhsil müəssisələri və digər inkişaf etməkdə olan ölkələrin təhsil və digər strukturlarından 840-dan artıq qrant layihəsi təqdim edilib. Bunlardan 163 layihə qalib elan olunub. Azərbaycan alimlərinin Aİ ölkələri alimləri ilə birgə təqdim etdikləri layihə milli layihə statusunda qalib elan edilib.

AzEdu.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a layihənin əlaqələndiricisi, professor Məhəmmədəli Ramazanov məlumat verib. Alim bildirib ki, milli layihələr adətən inkişaf etməkdə olan ölkələrin prioritet istiqaməti üzrə verilir. “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi, İTACA” adlı qrant layihəsi İtaliyanın La Sapienza Universitetinin koordinatorluğu ilə həyata keçiriləcək. Layihənin Aİ tərəfdən rəhbəri italiyalı professor Luca DiPalmadır. Layihənin yerinə yetirilməsində Danimarkanın Aalotg Universiteti, İspaniyanın Granada Universiteti, Yunanıstanın Patras Universiteti, Almaniyanın “Argus Umweltbiotechnologie GmbH” şirkəti iştirak edəcək. Azərbaycandan layihəyə Bakı Dövlət Universiteti rəhbərlik edəcək. Azərbaycan tərəfdən layihədə Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, “Azecolab” şirkəti, Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutu iştirak edəcək. Layihənin ümumi büdcəsi 956987,00 avrodur.

Layihə Xəzər dənizinin neft çıxarılan regionlarında durğun suların toplandığı və reabilitasiyası ilə məşğul olan yeni nəsil 3-cü dərəcə xüsusi ixtisaslaşmış magistr kadrlarının hazırlanması, təhsilinin təşkilinə həsr edilib. Eyni zamanda, bu sahədə analiz aparan və cirkabların təmizlənməsi texnologiyası ilə məşğul olan yeni təlim mərkəzinin yaradılması və tədqiqatçı, sənaye səviyyəli postmagistrlərinin hazırlanması ilə məşğul olan Avropa şəbəkəsi standartlarına uyğun kadrların yetişdirilməsi nəzərdə tutulur.

Layihənin yerinə yetirilməsi üçün müasir texnologiyalara əsaslanan yeni ekoloji tədris mərkəzinin maddi-texniki bazasının formalaşmasına 270000,0 avro, postmagistrlərin müxtəlif Avropa mərkəzlərində xüsusi nəzəri və praktik biliklər alması üçün 150000 avro ayrılacaq. Layihə əsasında Azərbaycan üçün prioritet sahə olan neft və qaz hasilatı zamanı yaranan ekoloji problemlərin həlli ilə məşğul olacaq üçüncü pillə magistr kursları yaradılacaq. 3-cü pillə magistr kursları isə bazarın tələblərinə uyğun məzunlar hazırlayacaq. Bu texnologiya hələlik Azərbaycan təhsil sistemində qəbul edilməyib. Ona görə də 3-cü pillə magistr təhsili ölkədə bu tip kursların dəyərləndirilməsi üçün unikal imkanlar yaradacaq. Bu proses Azərbaycan və Avropa universitetlərinin ən effektiv imkanlarına əsaslanan əlaqələri hesabına həyata keçiriləcək. Üçillik layihədə əsasən 3-cü pillə magistr kurslarının yerli universitetlərin və sənaye ekspertlərinin iştirakı ilə işlənməsi və tətbiqi, layihədə iştirak edən universitetlərin birində yeni tədris mərkəzinin yaradılması, mərkəzdə neft-qaz sənayesində yeni texnologiyaların işlənməsinin və öyrədilməsinin təşkili nəzərdə tutulub. Bundan başqa, tərəfdaşlardan Azərbaycan universitetləri üçün təcrübi qurğular və avadanlıqlar alınacaq və bu qurğularla işləmək üçün seminarlar təşkil ediləcək.