Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-06 17:49:00
Beynəlxalq İnformatika Olimpiadası çərçivəsində 13-cü “IOI” konfransı keçirilib

Avqustun 6-da 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) çərçivəsində 13-cü “IOI” konfransı keçirilib. 2007-ci ildən keçirilən “IOI” konfransı standart “IOI” proqramının bir hissəsidir.

Azərbaycan Milli Elmlər Akademiyasından AzEdu.az-a bildirilib ki, tədbirdə “Olympiads in İnformatics” jurnalının baş redaktoru Valentina Dagiene konfransın gündəliyini iştirakçıların diqqətinə çatdırıb, Bakıda keçirilən olimpiadanın əhəmiyyətindən söz açıb.

Jurnalın icraçı direktoru Mile Jovanov konfransın “Olympiads in İnformatics” jurnalı ilə əlaqəsindən danışıb, nəşr barədə ətraflı məlumat verib. Qeyd edib ki, jurnal Vilnüs Universitetinin Riyaziyyat və informatika fakültəsi və Beynəlxalq İnformatika Olimpiadasının təşəbbüsü ilə 2007-ci ildə təsis edilib. Olimpiada və digər müsabiqələr vasitəsilə informatika fənninin tədrisinin bütün sahələrində tədqiqatlara həsr olunan bu beynəlxalq jurnalın nəşri Beynəlxalq İnformatika Olimpiadasında keçirilən elmi konfransla sıx bağlıdır. Konfransda iştirakı nəzərdə tutulan müəlliflər məqalələrini bu jurnala təqdim edirlər. Jurnalın 2019-cu il nəşrində 50 ölkədən 200 müəllifin məqaləsi yer alıb.

Konfransda Azərbaycan və xaricdən olan nümayəndə heyəti kompüterlə bağlı mənbə rolunu oynayan rəqəmsal kitabxana, TLCS layihəsi, uşaqların proqramlaşdırma marafonu, kompüter elmləri, “K-12”də hesablama təfəkkürü - Azərbaycan təcrübəsi, ikinci dərəcəli alqoritmik alətlər, proqram təminatının hazırlanması mövzularında məruzələrlə çıxış ediblər.

Konfransın ikinci hissəsində müəllimlər üçün “İnformasiya və hesablama üsulları” mövzusunda seminar keçirilib.