Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-05 14:25:00
Paytaxt məktəbliləri üçün yay məktəbinin ikinci mərhələsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a verilən məlumata görə, yay məktəbi avqust ayında paytaxt məktəblərinin VlI-VIII sinif şagirdləri üçün keçirilir.

Ödənişsiz qaydada VII-VIII sinif şagirdləri üçün təşkil olunan yay məktəbi Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 31 məktəbi əhatə edir.

Yay məktəbində 2000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil edilir. Yay məktəbinin əsas məqsədi məktəblilərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə, intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasından ibarətdir.

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, hər hansı fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.