Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-03 12:59:00
Məktəbəhazırlıq qruplarına qeydiyyatın elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığı təmin edir – AÇIQLAMA

"Son illərdə təhsil sahəsində göstərilən elektron xidmətlərin sırası kifayət qədər genişləndirilib və bu proses səmərəli şəkildə davam etdirilir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Bakı Şəhər Üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov TED.az-a verdiyi açıqlamada bildirib.

Qurum rəsmisi qeyd edib ki, son illər məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi də elektron qaydada aparılır:

“Qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir. Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ olmaqla, həftədə 4 gün ərzində 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir”.

Bəşarət Məmmədov vurğulayıb ki, məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçən uşaqların l sinfə qəbulu üçün təkrar qeydiyyatına ehtiyac yoxdur:

“Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçən uşaqlar l sinifdə də eyni məktəbdə, eyni sinifdə təhsillərini davam etdirə bilərlər. Yalnız valideyn məktəbəhazırlıq qrupunda təhsil alan övladı üçün I sinfə qəbul prosesində məktəbi və ya müəllimi dəyişmək istəyərsə, şəxsi kabinetə daxil olaraq, yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Bu qayda valideynləri övladlarını I sinfə qəbul üçün yenidən qeydiyyatdan keçirmək qayğılarından azad edir”.

Bəşarət Məmmədov valideynlərə çağrış edir:

“Valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi başlayana qədər heç bir məktəbə yaxınlaşmağa ehtiyac yoxdur. Sadəcə elektron qeydiyyat başladıqdan sonra valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə uyğun məktəbi və müəllimi seçərək, onlara gələn SMS-də qeyd olunan müddət ərzində müvafiq sənədləri məktəbə təqdim edə bilərlər”.