Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-03 09:20:00
UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

2019-2020-ci tədris ili üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanının nəticələri müəyyən olunub.

UFAZ-dan bildiriblər ki, Dövlət İmtahan Mərkəzinin (DİM) I ixtisas qrupu üzrə keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında 500–dən artıq bal toplamış abituriyentlərdən 497-si Azərbaycan-Fransız Universitetinə qəbul imtahanı üçün onlayn qeydiyyatdan keçib və onlardan 453-ü universitetin daxili imtahanında iştirak edib.

İmtahanda uğurlu nəticə əldə etmiş 139 nəfər 2019-2020-ci tədris ili üçün UFAZ-a qəbul olunub. Onlardan 31-i qız, 108-i isə oğlandır. Azərbaycan bölməsi üzrə qəbul olunanların sayı 83, rus bölməsi üzrə isə 56 nəfərdir.

UFAZ-a qəbul olunan abituriyentlərin orta balı 602 olub. Onlardan 72 nəfərin balı 600-dən yüksəkdir.

Xatırladaq ki, UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur. Universitetdə 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ-ın məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) alacaqlar.