Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-02 14:48:00
Jurnalistika ixtisasına qəbulda dirçəliş – 600 ballıqlar da bura sənəd verir –Ekspertlər

 

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 1-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunub.

İmtahanda DİM-in üzvləri ilə yanaşı, Mətbuat Şurasından olan bir çox jurnalistlər də iştirak ediblər.

Bu il qabiliyyət  imtahanı verənlərin sayı 486, jurnalistika ixtisası üçün ayrılan yer  isə 270 olub.

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri  Müşfiq Ələsgərli AzEdu.az0a açıqlamasında...

“İmtahan keçirilən binalarda yaxşı şərait yaradılmışdı. Suallar abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tərtib edilmişdi.

İlk dəfə 2014-cü ildən qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb. Həmin il qəbul olanların sayı az olsa da, bu rəqəm keçən illərdə artıb. Bu il isə yerlərin sayı 270 olaraq planlaşdırılıb. İmtahan verənlər isə 486 nəfər olub.

İmtahan ərzində abituriyentlərlə söhbət etdik. Onların bu sahəyə kifayət qədər marağının olduğunu gördüm. Bu, çox yaxşı haldı. Jurnalistikada həm keyfiyyət, həm də kəmiyyət artıb.

Qəbul olmaq istəyən abituriyentlərin ortalama balı 380-dən çoxdu. İmtahanda 620 bal toplayan şagirdə də rast gəlinib. Bu o deməkdir ki, jurnalistikaya gələn şəxslər təsadüfi xarakter daşımayacaq. Onlar həqiqətən jurnalist olmaq istəyən insanlardı.

Xarici dildə oxumaq istəyənlər üçün şərait yaradılıb. İngilis dilli tədris üçün 40 yer   ayrılıb. Rus dilində tədris alanlar üçün şərait yaradılıb. Bu da dil biliklərini mənimsəmək baxımından kifayət qədər şans yaradır.

Qabiliyyət imtahanına sənəd verənlərin sayı artıb.Bu da göstərir ki, insanlar yeni qəbul qaydalarını mənimsəyiblər.

İlk dəfə qabiliyyət imtahanı verən tələbələr artıq məzun olublar və işləyirlər. Bu da bir daha göstərir ki, qabiliyyət imtahanı öz nəticəsini verib”.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ötən  gün Mətbuat Şurasının üzvləri ilə bərabər keçirilən imtahan prosesində iştirak edib.

O,  açıqlamasında bu il jurnalistika ixtisasında qəbul planının  artdığını qeyd edib:

“Bu il jurnalistikaya meylli olanların sayında keçən illərə nisbətən artım müşahidə olunmaqdadı. Qeydiyyatdan keçən abituriyentlər bunu bir daha sübut etdi. Biz müşahidə etdik ki, jurnalistikaya olan həvəs olduqca çoxdu.

Bu, bizi bir jurnalist kimi  çox sevindirdi. İmtahan yüksək səviyyədə təşkil olunmuşdu, şərait də yaxşı idi. Bu imtahan prosesinin davamlı olacağını düşünürəm. Qabiliyyəti, bacarığı olan insanın jurnalist olmasına heç nə əngəl ola bilməz. Ümid edirəm ki, imtahan verən abituriyentlər jurnalist adı qazanarlar”.

Qeyd edək ki, qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunan mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilib.

İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandıran şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

Şükufə Süleymanlı