Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-02 12:54:00
Tələbələrdən ixtisas seçəcək abituriyentlərə maraqlı məsləhətləri: “Bizi seçin, əsl tələbəlik həyatı buradadır”

 

“Tələbəlik üçün arzulanan həyatın ən az 60-70%-i bu universitetdə yaşanır”

İxtisas seçimi, abituriyentlərin gələcəklə bağlım verəcəkləri mühüm qərarlardan biridir. Seçəcəkləri ixtisas və ya universitet onların həyatını müxtəlif istiqamətlərdə dəyişə bilər. Bu qərarda abituriyentlərə valideyn və müəllimləri istiqamət verirlər.

Abituriyentlərdə universitet haqqında müəyyən təsəvvür yaratmaq üçün AzEdu.az olaraq, müxtəlif ali məktəblərdən tələbələr arasında sorğu keçirdik. Onlar oxuduqları universitet haqda danışıb, abituriyentlərə öz məsləhətlərini verdilər.

Azərbaycan Texniki Universitetinin I kurs tələbəsi  Röyal Dadaşov AZTU-nu oğlanların daha çox seçdiyini deyir:

“I kursu yeni bitirdiyim üçün, universitet haqqında o qədər də məlumatlı deyiləm. AZTU xanımların çox da seçəcəyi bir universitet deyil. Burda daha çox oğlanlar təhsil alırlar. Bunun əsas səbəbi isə imtahanların testlə olmasıdır. Digər əksər universitetlərdən fərqli olaraq, bizdə imtahan daha asan verilir. Əgər abituriyentlərin gözünü  yazılı imtahan qorxudursa, AZTU-nu rahatlıqla seçə bilərlər”.

Bakı Dövlət Universitetinin II kurs tələbəsi Rəvan Bayramlı yaxşı tələbəliyin məhz BDU-da yaşandığını düşünür:

“Bakı Dövlət Universitetinin seçənlər peşman olmazlar.  Çünki tələbəlik üçün arzulanan həyatın ən az 60-70%-i BDU-da yaşanılır. Doğrudur, BDU-da oxuduğumu eşidən hamı kəsrlərimin sayını soruşur. Amma bu iki il ərzində verdiyim 12 imtahandan heç birində kəsilməmişəm. Məncə azca həvəs, bir də çalışmaq uğurlu imtahan üçün kifayətdir”.

Azərbaycan Dövlət Dənizçilik Akademiyasının II kurs tələbəsi Emin Səmədov ADDA-nı seçəcək abituriyentlərə  bir neçə məsləhət verdi:

“ADDA-nı seçmək istəyən abituriyentlərə buranın digər universitetlərlə müqayisədə çox fərqli olduğunu demək istərdim.  Məsələn, bizdə III dərsdən sonra yemək verilir. Eyni zamanda universitetdə forma zərurəti də var. Bizdə bir növ hərbi rejim olduğu üçün oğlanlara çətin gələ bilər. Belə ki, universitetə formasız gələn, səhər 08:30 sıra düzülüşünə gecikən tələbələr dərsə buraxılmır. Bundan əlavə, saç və saqqal uzatmağa da icazə yoxdur. Ümumi götürdükdə isə, məncə ADDA-nı seçən abituriyentlər peşman olmazlar”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin III kurs tələbəsi Fuad Səfərli abituriyentləri ixtisas seçimi zamanı dıqqətli olmağa səslədi:

“Abituriyentlərə ilk məsləhətim, ixtisas seçimində diqqətli olmalarıdır.  Topladıqları baldan çox da yüksək yerlər yazmasınlar. İnsan hər hansı bir ixtisası çox istəyə bilər. Əgər alınmırsa, qismətlə barışmaq lazımdır. İxtisas seçimi edərkən müəllimim BDU, ADU, BDU kimi  universitetlərdə əsasən, yazılı imtahanda olduğunu deyərək, bacarığıma uyğun seçim etməyi məsləhət gördü. Elə buna görə də AZMİU-nu seçdim. Burda test imtahanları daha çoxdur. Universitetimdən olduqca razıyam”.  

Azərbaycan Dövlət İqtisad Universitetinin II kurs tələbəsi Ceyhun Burzuyev oxuduğu universitetdən ağız dolusu danışdı:

“İxtisas seçimi edəcək abituriyentlərə ADİU-nu rahatlıqla məsləhət görərdim. Bizim universitetin bir çox üstün cəhətləri var: ixtisasların ingilis dilində keçilməsi, SABAH qruplarının olması, ikili diplom proqramlarının çoxluğu və s. Bundan əlavə UNEC-də  600+ və top15  təqaüdləri var. Belə ki, 600-dən yüksək bal toplayanlara və hər kurs üzrə semestr ərzində ən yüksək nəticə göstərən 15 tələbəyə əlavə təqaüdlər verilir”.

Xatırladaq ki, ixtisas seçimi iyulun 24-dən başlayaraq, avqustun 6-sı saat 23.59-dək internet vasitəsilə aparılır.