Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 17:42:00
BDU-nun elan etdiyi müsabiqələrin vaxtı sentyabrın sonunadək uzadılıb

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar elan edilmiş “BDU xatirələrdə”, “BDU-nun ən yaxşı yubiley loqosu” və rəsm müsabiqələrinin vaxtı sentyabrın 30-dək uzadılıb.

BDU-dan AzEdu.az-a bildiriblər ki, “BDU xatirələrdə” yazı müsabiqəsində universitet məzunları təhsil müddətində baş vermiş ən maraqlı məqamları, təhsil müəssisəsi ilə bağlı unudulmaz hadisələri, fakültələri, müəllimləri, tələbə yoldaşları ilə bağlı oxunaqlı xatirələri qələmə ala bilərlər.

“BDU-nun ən yaxşı yubiley loqosu” müsabiqəsinə təqdim olunan işlər müasir və beynəlxalq standartlara cavab verməli, dizaynda 100 illik fəaliyyət əks etdirilməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən və digər loqoların əsas elementlərini təkrarlamayan orijinal nümunələr təqdim olunmalıdır.

Rəsm müsabiqəsi üçün təqdim olunan əsərlər isə yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənilə bilər. Rəsm əsərlərinin məzmunu universiteti əks etdirməlidir.

Qeyd edək ki, bu müsabiqələrdən əlavə “BDU fotolarda” müsabiqəsi və KİV nümayəndələri üçün “100 ilin zirvəsində” adlı müsabiqə də elan olunub.

Müsabiqə qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblər BDU-nun 100 illiyinə həsr olunmuş universitet məzunlarının forumuna və yubiley tədbirinə dəvət ediləcək, diplom, sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.