Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 15:09:00
“Bu olimpiadadan gözləntilərimiz böyükdür” –Nazir müavini

Avqustun 4-dən 11-dək Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) təşkil olunacaq. Yarışda dünyanın 90-a yaxın ölkəsindən nümayəndələr iştirak edəcək.

Bəs, ölkəmizin ev sahibliyi etdiyi Beynəlxalq İndformatika Olimpiadasından gözləntiləri nələrdir?

AzEdu.az xəbər verir ki, bu sualı təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil TV-nin canlı yayımında cavablayıb. O, ölkəmizin Beynəlxalq İnformatika Olimpiadasında bugünəcən qazandığı uğurları təhlil edərək, bildirib ki, şagirdlərimiz beynəlxalq olimpiadalarda yüksək nəticələrlə fərqlənirlər:

“Son 3-4 ildə beynəlxalq olimpiadalarda müxtəlif fənlər üzrə 160-dan çox medal qazanmışıq. Amma təəssüf ki, informatika olimpiadalarında nəticələrimiz o qədər də ürəkaçan deyil. Son nailiyyətlərimiz 2011-ci ildə olub.

Bu olimpiadalar 30 ildir, keçirilir. Amma Azərbaycan ilk dəfə 1994-cü ildə iştirak edib. Bu il həm də İnformatika Olimpiadasında iştirakımızın 25 illiyidir. Bu illər ərzində 1-i gümüş, 4-ü bürünc olmaqla, cəmi 5 medal qazanmışıq. Ona görə də bu olimpiadadan gözləntilərimiz çox böyükdür. 8 ildir, medal əldə etməmişik.

Düşünürəm ki, bu dəfə yaxşı şans və savadlı şagirdlərimiz var. Onlar bu olimpiadaya ciddi hazırlaşıblar. Olimpiadada 4 şagirdimiz iştirak edəcək. Onlardan üçü X, 1-i isə XI sinif şagirdidir. Bu şagirdlərin 3-ü Fizika Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, 1-i isə Akademik Zərifə Əliyeva adına liseyin şagirdidir.

Hesab edirəm ki, şansımız çoxdur. Amma onu da qeyd edim ki, rəqabət yüksəkdir. Olimpiadada ümumilikdə 311 şagird iştirak edəcək. Amerika, Çin, Rusiya, Cənubi və Şimali Koreyadan olan şagirdlər hər il yüksək nəticə göstərirlər. Keçən il Yaponiyada təşkil edilən sonuncu olimpiadada Çin və Rusiya şagirdləri qızıl medal qazanıblar”.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasında 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz bu olimpiadadan indiyədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları