Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 12:51:00
Şagirdlərə aşılanması nəzərdə tutulan dəyərlər müəyyənləşib

Azərbaycanda ibtidai və ümumi orta təhsil səviyyələrində şagirdlərə aşılanması nəzərdə tutulan dəyər və səriştələr müəyyənləşib.

AzEdu.az-ın məlumatına görə, bu, Təhsil Nazirliyinin ictimai müzakirəyə çıxardığı “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” layihəsində əksini tapıb.

Aşılanması nəzərdə tutulan dəyərlər sırasına vətəndaş təfəkkürü (Vətənə, dövlətə, xalqa, millətə məhəbbət və sədaqət, milli iftixar hissi, ana dilinə, xalqının mədəni irsinə, tarix və mədəniyyətinə, milli-mənəvi dəyərlərinə, bəşəri dəyərlərə hörmət, əks qüvvələrə qarşı barışmazlıq), ünsiyyət mədəniyyəti (nitq fəaliyyəti, əməkdaşlıq və birgə fəaliyyət, xarici dil bacarıqlar), müstəqillik və demokratiklik (azadfikirlilik və fərqli düşüncə tərzi, təşəbbüskarlıq, müstəqil öyrənmə və hüquqlara hörmət), kreativlik (analiz-sintez, məntiqi və tənqidi yanaşma tərzi, tədqiqatçılıq), riyazi və iqtisadi savadlılıq və İKT savadlılığı (riyazi biliklərin həyati problemlərin həllinə təminat yaratması, iqtisadi təfəkkürün formalaşdırılması, informasiya mədəniyyətinin təşəkkülü), tolerantlıq (müxtəlif mədəniyyətlərə həssas və dözümlü münasibət), estetik və fiziki mədəniyyət (estetik dünyagörüşünün, hissi-emosional bacarıqların formalaşdırılması, harmonik inkişaf və sağlamlığın mühafizəsi) daxildir.

İbtidai və ümumi orta təhsil səviyyələrə uyğun olaraq bu dəyərlərlə əlaqədar şagirdlərdə formalaşdırılması nəzərdə tutulan səriştələr də müəyyənləşib. Məsələn, ibtidai təhsil səviyyəsində şagirdlərdə Vətənə, dövlətə, xalqa, millətə məhəbbət və sədaqət  və milli iftixar hissi formalaşdırmaq üçün ölkəsinin, yaşadığı bölgənin özəllikləri, xalqının adət-ənənələri, milli xüsusiyyətləri, tanınmış nümayəndələri, ümumi orta təhsil səviyyəsində isə Vətəninin və xalqının tarixi, dövlətçilik ənənələri, iqtisadi potensialı, təbii zənginlikləri, mədəni irsi, görkəmli şəxsiyyətləri, milli-mənəvi dəyərləri, habelə ümumbəşəri dəyərlər haqqında məlumatlı olmaları vacib sayılacaq.