Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 11:36:00
Milli yaddaşın və milli ruhun simvolu: Şirməmməd Hüseynov

Şəxsiyyətlər öz zəmanəsini düşüncələrində, əməllərində necə yaşada bilirsə, tarixin yaddaşında da həmin ölçüdə qalırlar.

 Belə şəxsiyyətlər qütb ulduzu kimi xalqın, millətin həqiqət yoluna bələdçilik edib onları düzgün yola istiqamətləndirirlər. Bu şəxsiyyətlərdən biri də tələbələrinin qəlbində "özünə heç zaman uçulmayacaq bir hücrə, bir qalaça" quran, bu gün də ruhən yaşayan Şirməmməd müəllimdir. Tələbələrinə jurnalistikanın sirlərinə layiqincə yiyələnə bilmələrində - peşə  yollarını aşmaqda bələdçilik edən Şirməmməd müəllim jurnalist ordusunun sərkərdəsi kimi öz əsgərlərinə hər bir fakta, hadisəyə prinsipial mövqedən yanaşmağı öyrətdi.

 Özünün yazdığı kimi, əlinə qələm alıb müstəqil yaradıcılığa başladığı andan ən böyük arzusu gördüklərini, düşündüklərini, həqiqəti yazmaq olub. Mətbuat tariximizi tədqiq edib qüdrətli qələm sahiblərinin XX əsrin onilliklərində dövri mətbuatda dərc olunmuş müxtəlif janrlı yazılarını heyranlıqla oxuduqca bu istək onun yaşamaq qayəsinə - amalına çevrilib. Kim idi bu qələm sahibləri - H.Zərdabi, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaşov, M.Şaxtaxtlı, İ.Qaspralı, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə, Ö.F.Nemanzadə, M.B.Məhəmmədzadə, X.İbrahim və başqaları.

 Şirməmməd müəllimin ömür yoluna nəzər salsaq görərik ki, o, bütün varlığını milli haqq, ədalət və həqiqət axtarışında mübarizəyə həsr edib. Tarixin qaranlıq qalan, açılmamış səhifələrinə işıq salaraq, onun mənəviyyatında böyük rol oynayan mənəvi dəyərləri xalqın, millətin sərvəti kimi özünə qaytarmaq kimi böyük bir missiyanı yerinə yetirməyi vətəndaşlıq borcu bilən alim-tədqiqatçının "Müstəqilliyin çətin yolu...reallıqlar, düşüncələr", "Milli haqq və ədalət axtarışında", "Mənəvi irsimiz və gerçəklik", "Mətbu irsimizdən səhifələr"i oxuduqca bir  daha təsdiqləyirsən ki, o, əsərlərində tarixi və tarixi prosesləri, fakt və hadisələri olduğu kimi təqdim olunmasını zəruri hesab edərək gerçəkləri dəlil-sübutlarla elmi dövriyyəyə gətirməyi bugünkü mətbuatşünaslıqda həlli vacib bir vəzifə kimi qarşıya qoymuşdur.

 H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, C.Hacıbəyli, M.B.Məhəmmədzadə, H.Baykaranı və başqa şəxsiyyətlərin ədəbi irsi, eləcə də iştirak etdikləri mətbuat orqanları haqqında sovet dövrünün ideoloji maneələrindən irəli gələn qeyri-obyektivlik Şirməmməd müəllimin bu tədqiqatlarında yeni istiqamətdə, yeni yanaşma tərzi ilə tədqiq və təhlil olunaraq öz həqiqi qiymətini almaqla gələcək nəsillərin araşdırmaları üçün də bir cığır açdı. Şirməmməd müəllimin özəl xüsusiyyətlərindən biri də son dövrlər digər tədqiqatçıların 1920-ci illərə kimi nəşr olunmuş anadilli mətbuatımızın transliterasiya olunaraq oxucuların ixtiyarına verilmiş mətnlərinin üzərində yenidən redaktə aparmasıdır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Şirməmməd müəllim ona təqdim olunmuş  kitabı evə aparardı, növbəti dərsə gələndə həmin kitabın sətirlərinin üzərində müəllimin redaktəsini görərdik. Klassik publisistik irsin toplanması və nəşri metodikası fənninin tədrisində magistr tələbələrə üzərində işlədiyi kitabları göstərib bu nəşrlərin tansliterasiyası zamanı belə xətalara hələ də yol verilməsini təəssüf hissi ilə qeyd edib bunların aradan qaldırılması yollarını özünəməxsus fərdi üslub və metodla izah edərdi.

 Bir mətbuat tarixçisi kimi özünü tanımamağı böyük təhlükə hesab edən Şirməmməd müəllim millətin tarixi inkişaf yolunu və səmtini düzgün müəyyənləşdirməkdə bu faktorun vacibliyini göstərirdi.

 27 il idi ki, Şirməmməd müəllimlə eyni kafedrada çalışırdım. Biblioqrafiyasının tərtibçilərindən biriyəm. Onun kitablarının hazırlanmasında da yaxından iştirak etmişəm. Şirməmməd müəllimdən çox şey öyrəndim. Maraqlı burasıdır ki, vəfatından sonra kitablarını yenidən vərəqləyərək keçdiyi həyat yoluna, elmi fəaliyyətinə  nəzər saldıqca onun işləmək enerjisinə, yaratmaq qabiliyyətinə, təxəyyülünə, tarixi proseslərə fərdi yanaşma tərzinə heyran qalmaya bilmirsən.

 Şirməmməd müəllimin həyat yolu da bir məktəbdir. Bu məktəb yorulmaq bilmədən xalqın başını uca edən, onu yaşadan, tərəqqi və təkamülünü istiqamətləndirən, mühafizə və müdafəsini təşkil edən millət fədailərini yorulmaq bilmədən öyrənmək və öyrətməkdir. Hər bir yazısı keçmişimizi sorğu-suala çəkməklə bu günümüzü izah etməyə və gələcək yollarımızı müəyyənləşdirməyə xidmət edir, bir sözlə, keçmişimizdən bu günümüzə və gələcəyə körpu salır. Dərsə gəldiyi gün transliterasiya etdiyi hər bir mətni əlyazma şəklində əvvəlcə kafedrada müəllimlərə, sonra isə magistrlərə oxuyardı, bu yazıda müəllif tərəfindən qoyulan problemin bu günümüz üçün hansı ictimai-siyasi və tarixi əhəmiyyət daşıdığını qeyd etməklə, milli dəyərlərə, ənənələrə qayıtmaq baxımından keçdiyimiz yola varislik hissi ilə nəzər salmağı tövsiyə edərdi. Biz bir neçə gün sonra həmin yazını qeyd etdiyi tövsiyələr və izahları özündə əks etdirən giriş sözü ilə qəzetdə oxuyardıq. Hər dəfə də vurğulayardı ki, tələbələrə bu yazıları hökmən oxutdurmaq lazımdır.

 Həyatın hər bir üzünü görən Şirməmməd müəllim bu qənətə gəlir ki, ədalət hissi, həqiqət hissi insanın qanına ictimai ədalətsizliklərlə daxil olur: "Kim ictimai ədalət uğrunda mübarizə aparmırsa, deməli, yel dəyirmanları ilə mübarizə aparır". Bəli, Şirməmməd müəllimin həyatının qayəsini  məhz bu mübarizə təşkil edirdi. Bütün böhranların ictimai-siyasi və milli ədalətsizlik zəminində meydana gəldiyini bir həqiqət kimi göstərən alim 1988-ci illərin sonunda xalqını artıq öz gələcək taleyini müəyyən etməyə çağırır: "Biz öz yolumuzu müəyyənləşdirmək üçün haradan gəldiyimizi və harada olduğumuzu müəyyənləşdirməliyik... Nəsillər arasında  ideya, siyasi, mənəvi, mədəni bağları nəinki tapmaq, müəyyənləşdirmək, hər cəhd ilə möhkəmlətmək lazımdır. Faktla, sənədlə, həqiqətlə, elm və məntiqlə".

 Dövrün görkəmli ictimai-siyasi və dövlət xadimi, böyük alim, jurnalist və publisist M.Ə.Rəsulzadə irsi isə Şirməmməd müəllimin tədqiqatçılıq axtarışlarının özəyini təşkil edir. Böyük ədibin zəngin ədəbi irsini, elmi-nəzəri görüşlərini hərtərəfli, obyektiv və sistemli şəkildə öyrənilməsi nəinki Azərbaycan mətbuat tarixinin, eləcə də Azərbaycan tarixinin 1903-1920-ci il - müstəqil Azərbaycan dövlət quruluşunun yaradılması və fəaliyyəti dövrü tarixini öyrənmək, araşdırmaq baxımından da əhəmiyyət kəsb edir. M.Ə.Rəsulzadənin müxtəlif mətbuat orqanlarında - "Şərqi-Rus", "Hümmət", "Dəvət", "Füyuzat", "İrşad", "Təkamül", "Tərəqqi", "Açıq söz", "Dirilik"  "Azərbaycan" və digər qəzet və jurnallarda dərc olunmuş 1200-ə yaxın məqaləsinin toplanması xalq, millət üçün çalışan bir  vətəndaş alimin boşuna getməyən mənalı ömür yolundan xəbər verir.

 Danılmaz faktdır ki, bu gün M.Ə.Rəsulzadə irsinə müraciət edən hər bir araşdırmaçı  hökmən Şirməmməd müəllim tərəfindən "iynə ilə gor qaza-qaza" (B.Vahabzadə) toplanıb çap etdirilən beşcildliyinə müraciət edir, həmin təhrifsiz nəşrdən etibarlı mənbə kimi minnətdarlıqla yararlanır.

 Şirməmməd müəllimin müqəddəslər siyahısı var: "Ürəyimdən keçir ki, nə ola, XX əsr Azərbaycan müqəddəsləri siyahısına birinci növbədə Həsən bəy Zərdabinin, Üzeyir bəy Hacıbəyovun və Məhəmməd Əmin Rəsulzadənin adları yazılsın".  Bu sevgi ilə Üzeyir Hacıbəylinin nəşrlərdən kənarda qalan və ixtisar edilən əsərlərinin yeni əlifba ilə iki cilddə nəşrini hazırladı: "Üzeyir bəy kimi mütəfəkkir bir qələm sahibinin əsərləri dəqiq, doğru, düzgün, orijinalda olduğu kimi" təqdim edilməli və "bu məsələ dövlət  səviyyəsində həll olunmalıdır". Bu qətiyyətli deyimlə və "Üzeyir bəyin publisistik irsi zəngin mənəvi xəzinəmizdir" fikri ilə Şirməmməd müəllim gələcək üçün də bu irsin araşdırılmasının zəruriliyi məsələsini həm media sistemi, həm də mətbuat tarixi tədqiqatçıları qarşısında həlli vacib bir problem kimi qoydu.

 Şirməmməd müəllimin son illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamanı - Məclisi-Məbusanın fəaliyyətinə dair "Azərbaycan" (1918-1920) qəzetində dərc olunmuş hesabat və şərhlərdən ibarət üçcildliyi də bu dövrün öyrənilməsində tarixi bir mənbə kimi əhəmiyyətlidir. İki ildə nəşr edilən 1764 səhifədən ibarət bu üçcildliyi Şirməmməd müəllim 92 yaşında hazırlamışdı. Bu məqamda dahi Üzeyir bəyin "Bəşəriyyət tarixində elə şəxsiyyətlər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər" fikrini Şirməmməd müəllimə aid etmək istərdim.

 Mən yazımı Şirməmməd müəllimin çox sevdiyi Azərbaycan mətbuatının yaradıcısı  Həsən bəy Zərdabinin dəfn mərasimində Əhməd bəy Ağaoğlunun vida nitqinin son sözləri ilə bitirmək istəyirəm:

 "Dünyadan cümləmiz böylə gedəcəyiz! Heç bir şey aparmayacağıq! Bizdən fəqət o insanlıq, o öz millətimizə, öz taifəmizə və ümuminsaniyyətə qulluq və xidmət qalacaq ki, əlan Həsən bəyin ruhunu bu qədər əziz və möhtərəm ediyor". Biz də Sizə rəhmət oxuyuruq, ey Ali Ruh! Bizə - gələcək nəsillərə qoyduğun miras da Sənin ruhunu əziz və müqəddəs edir!

 Aygün ƏZİMOVA

BDU-nun Jurnalistika fakültəsi Mətbuat tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru