Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 10:46:00
Mətbuat katiblərinin məzuniyyət planları: Kimisi dənizə, kimisi ziyarətgaha,  bir başqası isə....

 

Universitetlərin ictimaiyyətlə əlaqələr  şöbəsi rəhbərlərindən bəziləri qəbul imtahanları tam bitənə qədər  işlərinin başında olsa da, bəziləri artıq  məzuniyyətə yollanıblar.

AzEdu.az ölkədə fəaliyyət göstərən  ali  təhsil  müəssisələrinin mətbuat xidməti rəhbərləri ilə danışıb məzuniyyətlə bağlı planlarını öyrəndik.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin ictimaiyyətlə əlaqələr  şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva məzuniyyətini ölkə xaricində keçirməyi düşünür:

“Məzuniyyətim avqustun birindən başlayır. Oğlum Polis Akademiyasına qəbul olunub.   Bunu qeyd eləmək üçün əvvəl Misir səfərimiz olacaq.  

Bundan əlavə, oğlum qəbul olunub deyə,  Əshabi Kəhf  ziyarətgahına gedəcəyəm.  Daha sonra isə istirahətimiz davam edəcək”.

Bakı Avrasiya Universitetinin mətbuat katibi Şəfayət Avılbəylinin məzuniyyəti iyulun 6-da başlasa da hələ də işiylə əlaqədar şəhərdən kənara çıxa bilməyib:

“İyulun 6-dan avqustun 18-nə qədər  məzuniyyətdəyəm. Qəbul prosesi davam etdiyindən  sualları cavablandırmaq üçün hələki şəhərdən çıxa bilmirəm. Avqustun 18-nə qədər məzuniyyətim davam edir, arada bir həftəlik şəhərdən çıxmağı düşünürəm”.

Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova qəbul prosesi başa çatanacan  işinin başında olacaq:

“Qəbul prosesi başa çatdıqdan sonra avqustun 15-dən sentyabrın 10-a qədər məzuniyyətdə olacağam. Bu müddətdə rayonda keçirəcəyimi düşünürəm. Məzuniyyətdə olsam da saytın işinə nəzarət, sualların cavablandırılması kimi işləri görməyə davam edəcəyəm”.

Azərbaycan Dillər Universitetinin sözçüsü Ağa Cəfərli məzuniyyətini Bakıda keçirməyi planlayır:

“Məzuniyyətim avqustun birindən sentyabrın 2-nə qədər məzuniyyətdə olacağam.  Yayı Mehdiabaddakı evimizdə keçirməyi düşünürəm. Dənizə getməkdən başqa elə bir planım yoxdur. Hava belə küləkli davam eləsə dənizə getmək də çətin olacaq.

Məzuniyyətdə olsam da avqustun birində universitetlə bağlı bir  məhkəmə prosesində,  eləcə də,  digər vacib işlərdə iştirak edəcəyəm”.

Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza artıq məzuniyyətdədir və bu müddəti ailəsi ilə birlikdə doğma  atan  yurdunda keçirməyi planlaşdırır:


“İyulun 22-dən etibarən məzuniyyətdəyəm. 10  ildən artıq işlədiyim  üçün 36 günlük məzuniyyətim var. Bu müddəti ailəmlə bir yerdə rayona, dədə-baba yurdumuza getmək fikrindəyik. Məzuniyyətimi  elə burada başa vurmağı düşünürəm”.

Bakı Dövlət Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə İbrahimova avqustdan etibarən məzuniyyətə çıxacaq. Lakin o, telefonunu açıq saxlayacağını və tətil müddətində verilən sualları cavablandıracağını deyir:

 “Mən də içində olmaqla, bütün mətbuat katibləri il ərzində ağır yüklə çalışırıq. Buna görə də məzuniyyəti səmərəli keçirmək lazımdır. Məzuniyyətim  avqustun əvvəlindən sonuna qədər davam edəcək. Bu dövrü ölkə daxilində keçirməyi düşünürəm. İstirahətdə olsam da,  telefonum daim açıq olacaq.   Jurnalistlərlə əlaqədə olub, sualları cavablandırmağa çalışacağam.  Bundan əlavə,  universitetin ictimaiyyətlə əlaqələr şöbəsi yay boyu iş başında olacaq. Onlar da verilən sualları cavablandıracaqlar.

Rəna NƏBİ